Modern.az

“Rusiyanın Azərbaycana qarşı qəzəbinin əsas səbəblərindən biri budur”

“Rusiyanın Azərbaycana qarşı qəzəbinin əsas səbəblərindən biri budur”

Təhsil

3 Aprel 2013, 14:32


Azərbaycanın NATO yanında daimi nümayəndəsi Xəzər İbrahim Vaşinqtonda Vudro Vilson adına mərkəzin nəzdindəki Kennan İnstitutunda “Qafqazı dünya ilə birləşdirərək: dəmir yolları və boru xətləri” mövzusunda keçirilmiş konfransda iştirak edib. Jurnalistlərin suallarını cavablandıran Xəzər İbrahim Əfqanıstandan çıxarılacaq NATO qoşunları məsələsinə toxunub. Onun sözlərinə görə Azərbaycan bu sahədə NATO ilə əməkdaşlıq etməyə hazırdır. Əfqanıstandan çıxarılacaq NATO ordusunun Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə daşınması məsələsi də gündəmə gəlib. Belə ki, Xəzər İbrahim bildirib ki, bununla bağlı Azərbaycan, Gürcüstan və Türkiyə hökuməti adıçəkilən dəmir yolundan istifadənin texniki və prosedur detallarını NATO-da ən yüksək səviyyədə təqdim edib.
Bu məsələnin növbəti dəfə gündəmə gəlməsi bəzi suallar ətrafında düşünməyə əsas verir. Çünki Cənubi Qafqaz regionunda Rusiya NATO qoşunlarının buradan aparılmasını heç də xoş qarşılamır. Belə olan təqdirdə bölgədə geopolitik mənzərə dəyiş bilərmi? Rusiya və NATO ordusu qarşı-qarşıya gəlib regionda yeni münaqişə ocaqlarının yaranmasına səbəb olarmı?

“Rusiya, niyə qəzəblənirsən?”

Bu barədə Modern.az-ın suallarını şərh edən politoloq Qabil Hüseynlinin fikrincə, Rusiyanın son zamanlar Azərbaycana qarşı təxribat xarakterli hücumlarının olmasının səbəblərindən biri də məhz NATO qoşunlarının ölkəmizdən daşınması məsələsinin gündəmə gəlməsidir.

“Azərbaycanla ABŞ arasında olan anlaşmaya görə,  Əfqanıstandan çıxarılan qoşunların döyüş texnikası və əsgərlərin bir hissəsi dövlətimizin ərazisi vasitəsilə Avropaya daşınacaq. Rusiyanın son zamanlar Azərbaycana qarşı özünü çox qəzəbkar və davakar aparmasının əsas səbəblərindən biri də budur. Rusiya belə hesab edir ki, NATO qoşunları Əfqanıstandan çıxarılarkən döyüş texnikasının bir hissəsini Azərbaycanda saxlaya və ya sata bilərlər. Bundan başqa, Əfqanıstandan çıxarılan qoşunlar hissə-hissə çıxarılacaq. Onların bir hissəsi realibitasiya məqsədilə müəyyən müddətə, bir aydan çox olmayaraq Azərbaycanda qala bilər. Bu da Rusiyanı çox qorxudur. Elə hesab edirlər ki, sonda həmin qoşunlar Azərbaycanda qalar”.

“...Bunlar həqiqətə uyğun deyil”Politoloq əlavə edib ki, Əfqanıstandan çıxarılan qoşunların əvvəldən yerləşdikləri təyinat yerləri var. Bunun da böyük hissəsi Avropadadır. “Buna görə də Rusiyanın bu cür düşünməsi heç bir həqiqətə uyğun deyil. Həmin qoşunların döyüş texnikasının Azərbaycana satılmasına və verilməsinə gəlincə, bu haqda da ciddi razılaşma olmadığı bəllidir. Amma istisna deyil ki, müəyyən texnika və sursatlar Azərbaycan tərəfindən satın alına bilər. Bu isə hələlik razılaşdırılmayıb. Bu barədə danışıqlar gedir və ola bilər ki, sonda razılaşma əldə olunsun. Bu siyahıya döyüş vertolyotları, tanklar, piyada qoşunlarının maşınları və yüngül atıcı silahlar daxildir”-deyə o, qeyd edib.

“NATO qoşunlarının Azərbaycandan çıxarılmasının arxasında təcavüzkar niyyətlər dayanmır”

Siyasi ekspert hesab edir ki, bu tendensiya regionda heç bir qarşıdurma və toqquşmaya səbəb ola bilməz. “Rusiya müəyyən təhdidedici xəbərdarlıqlar göndərir. Qoşunların bir dislokasiya yerindən digərinə daşınmasında hər hansı siyasi məqsəd isə yoxdur. NATO qoşunlarının Azərbaycandan çıxarılmasının arxasında təcavüzkar niyyətlər dayanmır. Rusiya indiki zamanda Azərbaycana təhdidlər göndərsə də, bu proses başlayanda şimal qonşumuz özünü çox rahat aparacaq. Bununla yanaşı, proseslərə müdaxilə edə bilməyəcək. Çünki bu, beynəlxalq konvensiyalarla müəyyən edilmiş hüquqi bir aktdır və Azərbaycan burada üçüncü bir dövlətin maraqlarına toxunan hərəkətlər etmir”.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?