Modern.az saytının “Molla Nəsrəddin “ satirik jurnalının yubileyi ərəfəsində keçirdiyi polemikaya “Qulp” verilişinin aparısı, telejurnalist Mübariz Əsgərov da qoşuldu.
– “Molla Nəsrəddin” jurnalı hər şeyi çox gözəl əks etdirib. Düşünmürəm ki, onlar nəyisə yalandan yazıb, yaxud təhrif ediblər. Onlar sadəcə bədii cəhətdən nəyisə artıq qabarda bilərlər. Əzim Əzimzadə, Oskar Smerlinq kimi rəssamlar, qələm ustalarından Sabirdə, Mirzə Cəlildə və başqalarında qabaqtma olub. Amma mən çox təəssüf edirəm ki o vaxtkı reallıq bu gün də var. O materiallardan istənilən birini götürüb indiki Azərbaycanla tutuşduranda görürük ki, o problemlər qalır. Söhbət mənəvi tərəflərdən, düşüncə tərzimizin dəyişmə tərəflərindən gedir ki, jurnal o məqamları çox gözəl əks etirib. Və nə yazıq ki o problemlər hələ də qalır. Bunlara görə “Molla Nəsrəddin”i heç vaxt tənqid etmək olmaz. O Azərbaycan düşüncə tarixinin qızıl fondunda onsuz da qalıb. Mən çox istərdim ki, “Molla Nəsrəddin” bu gün aktual olmasın, heç satirik veriliş olmasın.
Bəzi dırnaqarası yazarlar “Molla Nəsrəddin”i nə qədər qaralamağa çalışsalar da, o, yenə öz “Molla Nəsrəddin”çiliyində qalacaq. Axı “Molla Nəsrəddin” nə istəyirdi? İstəyirdi xalq, millət xoşbəxt olsun. Xurafat mövhumat aradan qalxsın. Onların heç biri mənim qohum-əqrabam deyil, amma hamısının qələminə hörmət etdiyim insanlardı. Çünki hamısı Azərbaycanın aydınları olublar.
Elmin Nuri