Modern.az

Azərbaycanlı deputatlar Daşkənddə özbəklərə nədən danışdılar? - FOTOLAR

Azərbaycanlı deputatlar Daşkənddə özbəklərə nədən danışdılar? - FOTOLAR

3 Aprel 2013, 17:53

Ölkəmizin Özbəkistandakı səfirliyi və “Özbəkistan-Azərbaycan” Dostluq cəmiyyəti bu gün Daşkənd şəhərində Azərbaycanın mərhum dövlət başçısı Heydər Əliyevin 90 illiyi münasibəri ilə konfrans keçirib. Konfransın işində Azərbaycan Milli Məclisinin komitə sədri Rəbiyyət Aslanovanın rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, eləcə də Özbəkistanın  Xarici İşlər Nazirliyi, Özbəkistan Milli Elmlər Akademiyasının alimləri, Azərbaycan diasporunun üzvləri və təhsil müəssisələrinin tələbələri iştirak ediblər.

Konfransda iştirak edənlər Daşkənddəki Heydər Əliyev adına Azərbaycanlıların Milli Mədəni Mərkəzindəki büstün önünə çiçək dəstələri qoyublar.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev konfrans iştirakçılarına Heydər Əliyevin həyatından bəhs edən maraqlı məqamları diqqətə çatdırıb. Daha sonra Daşkənddəki  “Teymurilər” tarixi muzeyinin direktoru Nazim Həbibullayev Heydər Əliyevin türk tarixinə verdiyi dəyərlərdən danışıb. Və 1996-ci ildə muzeyin açılışı zamanı xatirə kitabına yazdığı ürək sözlərini Azərbaycan Mədəniyyət Mərkəzinə hədiyyə edib. 

Azərbaycan Milli Məclisinin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Rəbiyyət Aslanova  “Heydər Əliyev və insan hüquqları” adlı məruzəsində  görkəmli şəxsiyyətin  insanlara, insanlığa və azərbaycan vətəndaşına verdiyi böyük dəyərdən, müstəqillik yollarında qurduğu yeni Azərbaycanın dövlətçilik  modelindən, eləcə də Heydər Əliyevin və İslam Kərimovun müstəqilliklərimizin ilk illərində  hər iki ölkəyə qarşılıqlı səfərlərindən və bu səfərlərin  xalqlara, insanlara verdiyi faydasından danışıb.

Deputat Qənirə Paşayeva “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti və diaspora” adlı məruzə ilə çıxış edib.

Milli Məclisin deputatı Aydın Abbasov isə konfrans iştirakçılarına öz məruzəsini özbək dilində edib. Heydər Əliyevin ilk təşəbbüsü ilə yenidən yüksələn bir sürətlə inkişaf edən Azərbaycan-Özbəkistan əlaqələrində  onun bu ölkəyə səfərləri zamanı imzaladığı sənədlərin mahiyyətindən, Heydər Əliyev və İslam Kərimovun şəxsi dostluqlarının maraqlı məqamlarından danışıb.

“Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti”nin  icraçı direktoru, professor Erkin Nuriddinov və professor Axrorcan Ruziyev də Heydər Əliyevin xatirəsinin həmişə böyük məhəbbətlə anıldığını qeyd ediblər.
Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndə heyətini təmsil edən Fəlsəfə sosilologiya və Hüquq İnstitutunun direktoru  İlham Məmmədzadə, professorlar Habil Qurbanov, Rəna Mirzazadə Heydər Əliyevin elmə və təhsilə verdiyi dəyərlərdən bəhs ediblər.

Ən sonda isə Azərbaycan Ordusunun generalı, Özbəkistandakı hərbi attaşesimiz Elburus Orucov mərhum Heydər Əliyevin  ordu quruculuğundakı xidmətlərindən bəhs edib. Tədbirin sonunda qonaqlara  özbək və azərbaycanlı uşaqların ifasında maraqlı konsert proqramı nümayiş olunub. Konfransdan sonra günün ikinci yarısında Azərbaycan Milli Məclisinin komitə sədri Rəbiyyət Aslanovanın rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan parlamentində görüşlər keçiriblər.





















A.Eyvazlı  
Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?