Modern.az

Bakının köhnə yerləri: “Papanin sevgisi”ndən qurtula bilmirik...

Bakının köhnə yerləri: “Papanin sevgisi”ndən qurtula bilmirik...

12 Sentyabr 2022, 11:20

Bakıda bir köhnə məhəllə var, adını çoxdan dəyişdiriblər, amma hamı bu məşhur yeri “Papanin” kimi tanıyır. Bütün rəsmi sənədlərdə isə bura “Cəlil Məmmədquluzadə küçəsi” kimi qeyd olunur...

 

Qeyri-rəsmi olaraq “Papanin məhəlləsi” kimi tanıdığımız bu məkanın məşhur olmağının bir neçə səbəbi var. Məsələn, hərbi hospitalın həmin küçədə yerləşməsi və sovet dövründən, hətta indi də orada narkotik vasitələrin şıdırığı satışı buranı nəinki Bakı, hətta respublika miqyasında məşhurlaşdırıb.

 

Modern.az saytı “Bakının köhnə yerləri” rubrikasında vaxtilə paytaxt sakinləri arasında məşhur olmuş və hələ də unudulmayan adlardan bəhs edir.

 

Bu dəfə “Papanin məhəlləsi”ndən, daha doğrusu Papaninin kim olmağından bəhs edirik.

 

Dar küçələr, ensiz dalanlar, bir-birlərinə bitişik alçaq həyət evləri... Köhnə “Papanin” məhəlləsində bu mənzərə hakimdir. Doğrudur, son illər burada az-çox dəyişikliklər həyata keçirilib, amma köhnəlikdən qurtulmağ üçün görüləsi işlər hələ çoxdur.

 

Ərazini “Papanin” adlandıranların əksəriyyəti isə bu şəxsin kimliyindən xəbərsizdir. Hətta məhəllənin yaşlı sakinləri arasında “Papanin”in vaxtilə burada yaşamış “nüfuzlu” bir şəxs olduğunu iddia edənlər də var. Guya, köhnə sovet dövründə məhəllədə "papa" ləqəbli bir kişi varmış, ən təmiz narkotik də onda olurmuş. Kim narkotik almaq istəyirmişsə, bu “avtoritet”ə müraciət etməliymiş... Elə o vaxtdan da buranın adı “Papanin” kimi qalıb.  Əlbəttə, bu, narkomanların uydurduğu “nağıldır”. Di gəl ki, bu “nağıl”a inananlar az deyil...

 

Yeri gəlmişkən, mətbuat Daxili İşlər Nazirliyinin gündəlik kriminal xəbərlərini yayarkən “Cəlil Məmmədquluzadə küçəsi” - “Papanin məhəlləsi” sözlərinə tez-tez yer verməli olur... Bu xəbərlərdə narkotik satıcılarının, ya da narkotik istifadəçilərinin saxlanılmağından bəhs olunur.

 

Bəs əslində Papanin kim olub?



Bilməyənlərə agah olsun ki, İvan Dmitriyeviç Papanin sovet ictimai-siyasi xadimi olub. 1894-1986-cı illərdə yaşamış İ.Papanin coğrafiya elmləri doktoru, kontr-admiral, iki dəfə Sovet İttifaqı Qəhrəmanıdır.


O, Şimal qütbünü tədqiq edən ilk sovet alimlərindən biri idi. İ.Papanin matros ailəsində doğulmuşdu.1915-ci ildən çar donanmasında xidmət edən bu şəxs 1917-ci ildə “qırmızılar”ın tərəfinə keçərək, vətəndaş müharibəsində fəal iştirak etmişdi. Vətəndaş müharibəsindən sonra, 1919-21-ci illərdə Krım Fövqəladə Komissiyasının rəisi, 1921-ci ildə Xarkovun hərbi komendantı olmuş, 1923-32-ci illərdə Xalq Rabitə Komissarlığında işləmişdi. Həmin dövrdə ağqvardiyaçılarla mübarizənin fəallarından olan Papaninin də əlləri Frunzenin rəhbərliyi və göstərişi ilə qətlə yetirilən 60 minə yaxın insanın qanına bulaşmışdı.


O, 1939-46-cı illərdə “Kulak” düşərgələrinin təchizatında mühüm rol oynamışdı. Həmin illərdə İvan Papanin Baş Şimal Dəniz Yollarının rəisi vəzifəsində işləmişdi.


1949-1951-ci illərdə SSRİ Elmlər Akademiyasının Okeanologiya İnstitutu direktorunun ekspedisiyalar üzrə müavini, 1969-cu ildən ömrünün sonuna kimi SSRİ Elmlər Akademiyasının Dəniz Ekspedisiyasının Kosmik Tədqiqatlar Xidmətinə rəhbərlik etmişdi.


1986-cı ildə vəfat etmiş İ.Papanin Moskvada dəfn olunub. Onun adı hələ sağlığında SSRİ-nin bir çox şəhərində əbədiləşdirilmiş, küçə və meydanlara, yaşayış massivlərinə verilmişdi.


Bakının Nəsimi rayonunda hərbi hospitalın yerləşdiyi küçəyə də İvan Papaninin adı verilmiş və bu ərazi uzun müddət “Papanin məhəlləsi” kimi tanınmışdı...


“Papanin körpüsü”, “Papanin hospitalı”, “Papanin küçəsi” sözlərini az qala indi də hər gün eşitməli oluruq. Etiraf etməliyik ki, “Cəlil Məmmədquluzadə” adı “Papanin”i hələ ki beyinlərdən tamamilə sıxışdırıb çıxara bilmir. Görünür buna hələ xeyli zaman lazım olacaq...

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi