Ermənilər Dağlıq Qarabağa gedən kənd bələdiyyəsinin sədrini alman qubernatoru kimi təqdim etməkdən utanmır
Azərbaycan Xarici İşlər Nazirliyi Almaniyanın Heesen vilayətinin Berqştrass torpağının qubernatoru Matias Vilkesin Dağlıq Qarabağa səfəri ilə bağlı özünün rəsmi mövqeyini bildirəcək.
Bu barədə XİN-dən Modern.az saytına verilən rəsmi açıqlamada bildirilib. Qeyd olunub ki, məsələ ilə bağlı Almaniyaya Azərbaycanın mövqeyinin prinsipiallığı bildirilib və səfər edən hər hansı bir şəxsin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etmədiyi bəyan olunub.
“Azərbaycanın rəsmi mövqeyi və reaksiyası Almaniyaya bildiriləcək”-deyə açıqlamada vurğulanır.
Qeyd edək ki, dünən Ermənistana gələn Almaniyanın Hessen vilayətinin Berqştrass Torpağının qubernatoru Matias Vilkes və Ermənistanın Hessendəki fəxri səfiri Brayan Stiven Feranın Dağlıq Qarabağa səfər etməsi bağlı məlumatların yayılması geniş rezonans doğurub.
Modern.az-ın araşdırmalar nəticəsində əldə etdiyi məlumata görə erməni mətbuatının Almaniyanın Berqştrass Torpağının qubernatoru kimi təqdim etdiyi Matias Vilkes heç də qubernator deyil. Belə ki, Almaniyada Berqştrass adlı torpaq yoxdur, eyni zamanda Berqştrass adlı olmayan torpağın olmayan qubernatoru da yoxdur. Bu kiçik kəndin bir bələdiyyəsidir. Matias Vilkes isə bələdiyyənin sədridir. Bunlar kiçik vəzifə olduğuna görə təyin olunmurlar, seçilirlər. Bundan əlavə qeyd edildiyi kimi fəxri səfir olmur, fəxri konsul var. Fəxri konsulun da adı Brayan Stivendir və o Kanada vətəndaşıdır. Ermənilərin məsələni bu qədər şişirdərək “mötəbər” göstərmək cəhdləri yenə də boş çıxdı. Ermənilər həyasızlıqla adi kənd bələdiyyəsini Almaniyanın federal torpağı kimi təqdim etməyə çalışırlar. Bu erməni təbliğatının nə qədər yalan və gülünc vəziyyətdə olduğunu göstərir.
Məlum olduğu kimi belə rəsmi səfərlər Bakı tərəfindən kəskin qarşılanır və Azərbaycanın işğal altında olan torpaqlarına Almaniya rəsmisinin bu səfəri iki ölkə arasında olan münasibətlərə də problemlər yarada bilər.
Aytən ƏLİYEVA