Milli Televiziya və Radio Şurası İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib.
Qurumdan Modern.az-a verilən məlumata görə, müsabiqədə iştiraka dair tələblər aşağıdakılardır:
- Namizəd Azərbaycan Respublikasının vətəndaşı olmalı;
- Namizəd ali təhsilli olmalıdır.
Əvvəllər ağır və ya xüsusi ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, habelə məhkumluğu ödənilməmiş, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxslər müsabiqədə iştirak edə bilməzlər.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər aşağıdakı sənədləri 4 aprel 2013-cü il tarixdən 19 aprel 2013-cü il tarixədək Milli Televiziya və Radio Şurasına təqdim etməlidirlər:
Ərizə
Şəxsiyyət vəsiqəsinin surəti
Əmək kitabçasının surəti
Tərcümeyi-hal
Kadrların şəxsi uçot vərəqi
Ali təhsil haqqında dövlət sənədi
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər müəyyənləşdirildikdən sonra «İctimai Televiziya və Radio Yayımı haqqanda» Azərbaycan Respublikası Qanunun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq seçkinin keçirilməsi üçün namizədlərin siyahısı İctimai Televiziya və Radio Yayım Şurasına təqdim ediləcək.
Modern.az