Modern.az

Sərhədlərimiz yaxınlığında təhlükəsiz zonanın yaradılması zəruridir

Sərhədlərimiz yaxınlığında təhlükəsiz zonanın yaradılması zəruridir

Aktual

13 Sentyabr 2022, 15:36

"Ermənistanın son bir neçə ay ərzində nümayiş etdirdiyi təxribatçı davranışlar regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün bu ölkənin sülhə məcbur edilməsindən başqa alternativin olmadığını bir daha təsdiqləyir".

 

Bu sözləri Modern.az-a açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

 

Deputat qeyd edib ki, Brüsseldə keçirilən dördüncü görüşdən öncə və sonra rəsmi İrəvanın regiondakı mövcud reallıqlara uyğun gəlməyən və həqiqəti ifadə etməyən ritorik bəyanatları, eləcə də Azərbaycanla həmsərhəd bölgələrdə genişmiqyaslı hərbi əməliyyata hazırlıq görülməsi ilə müşayiət olunan hərəkətlilik gündəmə gəlmişdi: 

 

"Bunlar bir daha sübuta yetirir ki, Ermənistan kapitulyasiyaya uğramasına baxmayaraq, təcavüzkar hərbi-siyasi xəttindən əl çəkməyib və bölgəni daim gərginlik içərisində saxlamaqla bölgədə maraqları toqquşan qüvvələrin sifarişlərini yerinə yetirməyə çalışır. Çünki sadə məntiqlə, Ermənistan sərhədlərin delimitasiya olunmasında, kommunikasiyaların açılmasında, sülh müqaviləsinin imzalanmasında hər kəsdən daha çox maraqlı olmalıydı. Heç bir təbii resursu, iqtisadi potensialı olmayan, mövcudluğu bölgə ölkələrindən, xüsusilə də Azərbaycan və Türkiyə ilə münasibətlərin perspektivindən asılı olan, hərbi potensialı müharibədə darmadağın edilmiş, acınacaqlı məğlubiyyətə uğramış bir ölkənin bölgədə yeni bir müharibənin alovlanmasına cəhd göstərməsi, yalnız xəstə təfəkkürdən və ya xarici maraqların təhrikindən doğa bilər. 

 

Ermənistanın Ordumuz tərəfindən qarşısı alınan son təxribatları bu ölkənin təcavüzkar davranışlarının bundan sonra da davam edəcəyi ehtimalını yaratdığı üçün önləyici tədbirlərin həyata keçirilməsi zərurəti daha da artıb. Belə tədbirlərdən biri də Azərbaycan sərhədlərinin yaxınlığında təhlükəsiz zonanın yaradılmasıdır. Beynəlxalq təcrübədə təcavüzkar ölkə və rejimlərə, eləcə də terror qruplarına münasibətdə təhlükəsizlik bölgələrinin yaradılması geniş yayılıb və Ermənistanın təcavüzkar davranışları, 44 günlük müharibənin nəticəsinə uyğun olaraq əldə edilən razılaşmalara əməl etməməsi bu ölkəyə münasibətdə də eyni münasibətin sərgilənməsini zəruri edir.

 

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!".

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI