Modern.az

İrəvanı məğlub tərəf kimi sülh sazişinə məcbur edəcəyik

İrəvanı məğlub tərəf kimi sülh sazişinə məcbur edəcəyik

Aktual

13 Sentyabr 2022, 17:23

“Ermənistan növbəti təxribatını törətməklə bir daha nümayiş etdirdi ki, sülh prosesini əngəlləmək istəyir. Bu dövlət heç vaxt regionda sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı olmayıb”.

 

Bu sözləri Modern.az-a Ermənistanın sərhəddə törətdiyi təxribatlarla bağlı danışan Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. O qeyd edib ki, Ermənistan dövlətinin missiyası kənar dairələrin maraqlarına xidmət edərək, regionda münaqişə və gərginlik yaratmaqdır:

 

“44 günlük Vətən müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistan elə məğlub dövlət obrazında da sülh sazişini bağlamaq məcburiyyətində qalacaq. Ermənistanın bu təxribatlarının əsas məqsədi sülh prosesini əngəlləmək və ya ümumiyyətlə dayandırmaqdır. İkincisi, məğlub tərəf obrazında danışıqlar masasına əyləşərək sülh sazişini imzalamaq istəmir. Ermənistan təcavüzkar, məğlub dövlət kimi bütün dünyada tanınır və Azərbaycan ərazisində yaşayan ermənilər üzərindən bununla bağlı manevr etməyə çalışır. ATƏT-in Minsk qrupunun yenidən prosesə qaytarılmasını istəyir. Halbuki bu təsisatın sonrakı fəaliyyəti nə praktiki, nə də hüquqi baxımdan mümkün deyil. Ermənistan düşünür ki, məsələni hansısa formada bu müstəviyə daşıya bilsə, əlavə dəstək alaraq, münaqişənin sanki hələ davam etdiyi təəssüratını yarada biləcək.

 

Bir neçə gün öncə Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz regionundakı nümayəndəsini həm də ATƏT-in Minsk qrupuna həmsədr təyin etdi. Minsk qrupu aktual saxlanılırsa, deməli, sözügedən ölkə üçün münaqişə vəziyyəti qalmaqdadır. Bu cür qeyri-sağlam destruktiv yanaşma regionda təhlükəsizliyə, sülhə gedən yolda maneə yaradır. Ermənistan belə addımlarla münaqişənin bitmədiyi təəssüratını yaratmağa, sülh prosesini əngəlləməyə çalışır”.

 

Deputat hesab edir ki, Ermənistan təcavüzkar, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan dövlət obrazında deyil, guya Azərbaycanın ərazisində yaşayan ermənilərin hüququnu müdafiə edən dövlət obrazında yekun sülh sazişini imzalamaq arzusundadır. Amma Ermənistanın işğalçılıq siyasətini, təcavüzkarlıq obrazını heç bir halda ört-basdır etmək mümkün deyil:

 

“Ermənistan təcavüzkar və işğalçı ölkədir. Bu obrazda danışıqlar masasına əyləşərək, yekun sülh sazişini imzalamaq məcburiyyətində qalacaq. Ermənistanın bütün təxribatları Azərbaycanın mövqelərinin daha da güclənməsini şərtləndirir. Biz avqustun əvvəlində bəzi yüksəkliklərdə nəzarətimizi təmin etdik. Avqustun 31-də isə onsuz da güclü olan mövqelərimizi daha da möhkəmləndirmiş şəkildə danışıqlar masasına əyləşdik. Ermənistanı məcbur etdik ki, sülh sazişinin müzakirəsi üçün işçi qrup yaratsın. Ermənistan bundan sonra da təxribatlarını davam etdirəcək. Amma Azərbaycanın gücü bunun qarşısını almağa, öz mövqelərini daha da möhkəmləndirməyə çatır. Biz düşməni ağır məğlub tərəf qismində sülh sazişini imzalamağa məcbur edəcəyik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI