Modern.az

Ermənilər seçim etməlidir: ya sülh, ya da faciə...

Ermənilər seçim etməlidir: ya sülh, ya da faciə...

Aktual

13 Sentyabr 2022, 17:54

“Azərbaycan-Ermənistan sərhədində törədilən təxribatların bütün məsuliyyəti Ermənistanın siyasi hakimiyyətinin üzərinə düşür”.

 

Bu sözləri Modern.az-a Ermənistan ordusunun Laçın, Kəlbəcər, Daşkəsən istiqamətində sərhəddə törətdiyi təxribatlardan danışan laçınlı deputat Mahir Abbaszadə deyib.  

 

Milli Məclis üzvü qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazandıqdan sonra sülh müqaviləsi ilə bağlı öz şərtlərini irəli sürüb. Bu istiqamətdə bir neçə dəfə görüşlər, danışıqlar həyata keçirib:

 

“Azərbaycan müharibədə qalib gəlməsinə, torpaqları işğaldan azad etməsinə baxmayaraq, gələcəkdə sülhü təmin etmək, regionda təhlükəsizliyə nail olmaq məqsədilə ilk addımı atıb. Ermənistan isə guya bir tərəfdən danışıqları davam etdirir, digər tərəfdən sərhəddə təxribatlara əl atır.

 

Sentyabrın 13-də baş vermiş hadisə Azərbaycan sərhədlərinin pozulması kimi qiymətləndirilməlidir. Müzəffər Ali Baş Komandanın tapşırıqlarına müvafiq olaraq sərhədlərimizin müdafiəsi təşkil edilir, düşmənin təxribatlarına layiqli cavab verilir. Düşmən bir daha Azərbaycan Ordusunun gücünü və qüvvəsini görməli, bilməlidir ki, hər an ordumuz hazırdır”.

 

 

Mahir Abbaszadə vurğulayıb ki, Ermənistan tərəfi gələcəkdə imzalanması nəzərdə tutulan sülh müqaviləsini və sülh proseslərini uzatmaqla məşğuldur:

 

“Ermənistan bir daha anladı ki, regionda, Cənubi Qafqazda Azərbaycanın gücü və imkanları, xüsusilə hərbi potensialı artmaqdadır. Biz bunu 44 günlük Vətən müharibəsində torpaqlarımızı tamamilə işğaldan azad etdikdən sonra göstərmişdik. Bundan sonra Qarabağda bəzi postların nəzarətə götürülməsi ilə bağlı addımlar atmışdıq. Bu dəfə sərhədlərdə ordumuz gücünü göstərdi. Ermənistan tərəfi anlamalıdır ki, gələcəkdə Azərbaycanın sərhədlərini tanımaq, sülh müqaviləsi imzalamaqdan başqa yol seçsə, özü üçün faciəyə səbəb olacaq. Ermənistan çıxılmaz və çətin vəziyyətə düşə bilər. Bundan sonrakı müddətdə də düşmənin layiqli dərsi Azərbaycan tərəfindən veriləcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI