“Maştağada bir yeni məscid var, orada da hansısa cavanlar yığılır, başqa təbliğatlarla məşğul olurlar...”.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, Nardaran və Maştağa da daxil olmaqla Bakının bir neçə qəsəbəsinin parlamentdəki təmsilçisi Eldar Quliyev son Nardaran hadisələri ilə bağlı Modern.az saytına müsahibə verib.
- Eldar müəllim, Nardaranda baş verən son olayla bağlı müxtəlif rəylər var. Bu məsələyə sizin münasibətiniz necədir?
- Sözün açığı orada keçirilən mitinqi yaxşı qarşılamadım. Çünki həmin aksiyada sosial məsələlər demək olar ki, yox idi. Bu siyasi məsələlər idi və mənə çatan məlumata görə orada iştirak edənlərin yalnız bir qismi nardaranlı olub. Bakının digər yerlərindən, eləcə də Azərbaycanın bir sıra rayonlarından gələn insanlar da mitinqdə iştirak ediblər. Onların müzakirə etdikləri guya dinə və ruhanilərə qarşı məhdudiyyətlər qoyulması, din pərdəsi adı altında insanların tutulması kimi məsələlər olub. Halbuki ölkədə bu məsələlər göstərilən şəkildə deyil. 1993-cü ildə Heydər Əliyev .hakimiyyətə gəldikdən sonra onun qarşıya qoyduğu əsas məqsədlərdən biri insanlara dini azadlığın verilməsi, tolerantlığın təmin edilməsi olub. Bu məsələ hakimiyyətin həmişə prioritetləri sırasında yer alıb. Baxın, Ulu Öndər Prezident seçildikdən sonra sovet dövründə dağıdılmış müqəddəs ziyarətgahlar. məscidlər bərpa edilməyə başlandı. Ötən əsrin 90-cı illəri ən çətin dövr idi. Azərbaycan iqtisadiyyatı inkişaf etməmişdi. Amma Heydər Əliyev o zamanlar məscidlərin bərpası üçün vəsait ayırırdı. Misal olaraq Bibi Heybət məscidini göstərmək olar. Həmin məscid o dövürdə təmir olunaraq insanların ixtiyarına verilib. Bəzi regionlarda məscidlər demək olar ki, yox səviyyəsində idi. Artıq həmin rayonlarda da məscidlər tikilib istifadəyə verilib. Möhtərəm Prezidentimiz İlham Əliyev də məscidlərin tikintisi və bərpasına xüsusi diqqət yetirir. Təzə Pir və Göy Məscid onun prezidentlik dövründə təmir edilib. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi möhtəşəm işlər sırasında məscidlərin tikintisi və təmiri önəmli yer tutur. Uzun müddət anbar kimi istifadə olunan Buzovna məscidinin təmiri, eləcə də Zirə qəsəbəsində məscidin təmiri, Şüvəlanda Mir Mövsüm Ağa ziyarətgahının yenidən qurulması cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun xeyirxah işlərindəndir. Bütün bunlarla onu demək istəyirəm ki, dövlətimiz insanların dini inanclarına sayğı ilə yanaşır. Lakin bizdə bəzi insanlar din pərdəsi altında təxribatla məşğul olurlar. Belə hərəkətlər qəbuledilməzdir. İnsanların din pərdəsi altında məscidlərdə yad təyinatlı işlər görməsi, hansısa aid olmayan təbliğatlar aparması yasaqdır.
Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Sovet dövründə dinə qarşı ciddi təzyiqlər, təqiblər olduğu hamıya məlumdur. Amma o vaxtlar ümummilli lider Heydər Əliyev və ailəsi dinlə bağlı insanlar olublar. Mərhum Zərifə xanım Əliyeva Maştağa məscidini ziyarət edib nəzir qoyması qəsəbə sakinlərinin yaxşı yadındadır. Belə ziyarətlərdə o zaman kiçik yaşlarında olan İlham Əliyev anasını müşayiət edərdi.
- Bəzi məlumatlara görə Nardarandakı aksiyada digər bölgələrdən də iştirakçılar qatılıbmış. Bu barədə sizdə məlumat varmı?
- Məndə belə məlumatlar var. Burada iştirak edən çox insanın Nardarana aidiyyatı yoxdur. Hansısa insanlar gəlib orda etiraz edirlər, bunu din pərdəsinin altına salmaq da düzgün deyil. Əgər hacı və ilahiyyatçı tutulubsa, Azərbaycanda bu kimi məsələləri hüquq-mühafizə orqanları aydınlaşdırır. Biz hüquqi dövlətdə yaşayırıq. Tam səmimi şəkildə deyirəm, Nardaran camaatının əsas problemi qaz və işıqla əlaqədardır. Martın 31-də Nardaranda oldum və iki saata yaxın insanlarla söhbət etdim. Biz Maştağadan dostlarla bir yerdə ora hüzr yerinə getmişdik. Nardaran camaatı ilə hər zaman əlaqələrimiz olub. Biz orada söhbət edəndə bir şeyi də danışdıq ki, işıq, qaz və s. problemlər həll olunsun. Bu məsələlərlə bağlı vaxtilə Nardaran daha bərbad vəziyyətdə idi. İlham Əliyevin ölkə rəhbəri seçilməsi bir çox məsələlərin həllində çox böyük rol oynadı. Bakı və Bakıətrafı qəsəbələrin 2009-2013-cü illərdə Sosial İqtisadi İnkişafına dair Prezidentin təsdiq etdiyi Dövlət Proqramının həyata keçirilməsi nəticəsində kənd və qəsəbələrdə bir çox problemlər öz həllini tapdı. Yolların çəkilməsi, su probleminin həlli və s. bu qəbildəndir. Bu gün Bakıətrafı ərazilərdə elektrik enerjisi baxımından heç bir problem yoxdur. Burada yarımstansiyalar tikilib istifadəyə verilib. Nardaranda su problemi demək olar ki, tam həll olunub. Qaz problemi də yay aylarında öz həllini tapacaq. Yeganə problem pulun ödənilməsidir. Bir neçə il əvvəl dövlət başçısı ötən illərdən qalan borcları sildirdi və insanların borcları sıfra endirildi. Amma nəzərə almaq lazımdır ki, insanlar istehlak etdikləri məhsulun dəyərini ödəməlidirlər.
Bu gün orada ən böyük problem ödənişlə bağlıdır, başqa ciddi bir problem yoxdur. Nardaranda ödəniş cəmi 8 faiz təşkil edir. Bunu özləri də təsdirləyirlər ki, ödənişdə çətinlikləri var. Bütün bunlara baxmayaraq əlimizdən gələn köməyi edirik. Çünki seçicimin marağı mənim marağımdır. Mənim vəzifəm dövlət orqanları ilə seçicim arasında körpü yaratmaqdı. Ölkə Prezidenti də hər zaman məmurlardan camaat arasında olmağı, onların problemlərini dinləməyi tələb edir. Nardaranda elektrik enerjisi fasilələrlə verilməsi halları var. Mən də bu halın əleyhinəyəm. Xüsusən qış aylarında enerjinin fasilələrlə verilməsi düzgün deyil. Evlərdə ahıl, xəstə, uşaq var. İşığın olmaması insanları qıcıqlandırır. .Digər tərəfdən, Nardaran camaatı istilikxanalarda(parniklərdə) tərəvəz yetişdirməklə məşğul olurlar. Bu, onların maddi təminatında əsaslı yer tutur. İşıq, qaz olmayanda müəyyən problemlər yaranır.
- Nardaranlılar kommunal xidmət haqqını hansı səbəbdən ödəmirlər. Bunu dəqiqləşdirmisinizmi?
- Sakinlər deyir ki, biz işıq və qaz pulunu ödəməliyik. Amma burda bir şey var ki, artıq işıq və qaz dayandırılanda həm pul verənin, həm də verməyənin işığı, qazı kəsilir. Biz bu məsələləri də müzakirə etdik. Elə sakin var deyir ödəmişəm, mənim işığımı, qazımı nəyə görə dayandırmalıdırlar? Burada söhbət bütöv kənddən gedəndə isə ümumi göstərici çox aşağıdır. Açığı dövlət qurumlarında da günah görmürəm.
- Bakı kəndlərində, xüsusilə Maştağa və Nardaranda hicab probleminin olduğu deyilir.
- Mən hesab edirəm ki, Maştağa və Nardaranda hicab problemi yoxdur. Biz demokratik ölkədə yaşayırıq. Vicdan azadlığı təmin olunur. Şəhərdən gələn bəzi insanlar bu məsələni guya problem olaraq qaldırırlar. Bu kəndlərdə mən belə problemlə qarşılaşmamışam. İnanclı adamlar hicabdan sərbəst istifadə edirlər. Qəsəbə sakinləri ilə daim təmasda olduğuma görə, əminliklə deyə bilərəm ki, hicabla bağlı heç bir şikayət yoxdur.
- Hər zaman Maştağa Nardarana dəstək olub. Bilmək istərdik, bu məsələdə Maştağanın mövqeyi necə oldu?
- Maştağanın rəyi bu məsələlərdə çox mənfidir. Bizim orada qəbul otağımız da var. Hər gün ora açıq olur. Mənim köməkçim də orda oturur. Hər bazar günü mən orda insanları qəbul edirəm. O günkü hadisə ilə əlaqədar gəlib mənə dedilər ki, Nardaran gənclərini kimsə yoldan çıxarır. Maştağada da bir yeni məscid var, orada da hansısa cavanlar yığılır, başqa təbliğatlarla məşğul olurlar. Mən onlara xəbər göndərdim ki, ora Allahın evidir və məsciddə ibadətlə məşul olmalısınız. İstəmirəm ki, gənclər belə işlərlə məğul olsunlar.
- Eldar müəllim, Nardaranlılara 500 min manat paylanılıb. Bundan xəbəriniz varmı?
- İqtisadi İnkişaf Nazirliyi tərəfindən Bakı qəsəbələrinə kömək edilir. Sahibkarlara kredit verilir. Biz mart ayının 19-da Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyevlə orda görüş keçirdik. Nazirliyin idarə rəisi Şirzad Abdullayev də bu görüşdə oldu. Görüşün sonunda sahibkarlığa kömək fondundan pul ayrıldı və 12 nəfərə kredit verildi. Bəlkə də yeganə qəsəbədir ki, sahibkarlığa kredir girovsuz verilir. Şirzad müəllim qeyd etd ki, artıq 300 min manat kreditin ödəmə müddəti keçib və onu ödəmək lazımdır. Adil müəllim isə bildirdi ki, əlavə 150 min manat kredit verilsin. Başçı girov məsələsinin həllinin də öz üzərinə götürdü. Nardaran camaatının bir istəyi də xəstəxana ilə bağlıdır. Mən Səhiyyə Nazirliyi ilə bu haqda danışıqlar aparmışam. Məsələ həll olunacaq. Maştağada, Nardaranda olan problemlər tezliklə həllini tapacaq. Biz orada qadınlar üçün iş yerləri də düşünürük.
- Bayaq Nardaran hacıları ilə görüşdüyünüzü qeyd etdiniz. Onlarla nələri müzakirə etdiniz?
- Görüş zamanı hacılardan iki nəfər gəlib mənə dedi ki, son vaxtlar şəhərdən gələn dəstələr var ki, gəncləri müxtəlif işlərə təhrik edirlər. Bəzi cavanlar bu oyunlara uyurlar. Bunun qarşısı hansısa şəkildə alınmalıdır. Onların böyüklərini çağırıb övladlarının yanlış işlərlə məşğul olduğu nəzərlərinə çatdırılmalıdır. Gənclər öz dövlətinə xidmət etməlidir. Öz növbəsində dövlətimiz də bu gənclərin inkişafı yönündə əlindən gələni etməlidir.
- Yeri gəlmişkən, Nardaran və Maştağada məktəbyaşlı qızların təhsildən kənarda qaldıqları söylənilir.
- Bizim məktəblərdə şagirdlər nizam-intizama riayət edirlər. Qızlar da məktəbə gedirlər. Müxalifət qəzetlər belə yalan məlumatlar yaymaqda hər zaman maraqlıdırlar. Amma Nardaran əhalisi ziyalı insanlardır və onlar övladlarının təhsil almasına heç bir maneə yaratmırlar. Maştağada da belə problemlər yoxdur.
- Nardaran məsələsində İran amilinin xüsusi rol oynadığı söylənilir.
- Burada heç bir İran amili məsələsi yoxdur. Amma məndə dəqiq məlumat var, bu aksiya necə təşkil olunmuşdusa, kənardan qadınlar da gəlib qoşulurdu. Bu qabaqcadan hazırlanmış, hətta deyərdim ki, xüsusi ssenari əsasında təşkil olunmuş təxribatçı tədbir idi. Onların çoxu demək olar ki, kənardan gələnlər idi.
- Bəs bu aktivləşməni nəylə əlaqələndirmək olar?
- Bu fəallaşmanın əsas səbəbi qarşıdan gələn prezident seçkiləri ilə əlaqədardır. Biz demokratik ölkədə yaşayırıq və demokratik seçkilər keçiririk. Bu gün heç kim deyə bilməz ki, mən namizədliyimi verdim və qəbul etmədilər. Əsas seçimi xalq edəcək. Xalqın gözü tərzidir və hesab edirəm ki, xalq ölkədə gedən inkişafıda görür və artq öz seçimini edib. Əhali ilə görüşlər, aparılan söhbətlər əsasında əldə etdiyim qənaətə əsasən əminliklə deyə bilərəm ki, Bakı kəndlərinin əhalisi 2003 və 2008-ci illərdə olduğu kimi bu il də İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər. Başqa cür düşünənlər yanılırlar. Yenə də, deyirəm ki, müəyyən pozucu qüvvələr var ki, bu işlərdə maraqlıdırlar. Kənd və qəsəbələrə gələrək hansısa göstərişlər verirlər və lazım olmayan məsələləri qaldırırlar. Maştağaya nisbətən Nardaranda belə şeylərə daha çox rast gəlinir. Bu məsələ mənə də pis təsir edir. İstəmirəm ki, bizim gənclər hansısa fitvaya getsinlər. Onlar dövlətçiliyə xidmət etməlidirlər.
Pərvin ARZUQIZI