Modern.az

Xaricdəki “dəmir yumruğumuz” - Azərbaycan diasporu ayaqdadır

Xaricdəki “dəmir yumruğumuz” - Azərbaycan diasporu ayaqdadır

Diaspor

15 Sentyabr 2022, 10:58

Xaricdə yaşayan soydaşlarımız Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəd istiqamətlərdə törətdiyi genişmiqyaslı təxribatlarla əlaqədar dünya ictimaiyyətini məlumatlandırma kampaniyasına başlayıblar.

 

Dünya azərbaycanlıları yaşadıqları ölkələrin hakim qurumlarına və beynəlxalq təşkilatlara çağırış edərək, onları erməni təxribatlarına biganə qalmamağa, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünü pisləməyə, belə təxribatların təkrarlanmaması naminə beynəlxalq səviyyədə əməli addımların atılması üçün səylərini artırmağa səsləyib. 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə xaricdəki diaspor təşkilatlarımız Ermənistanın sərhəd təxribatlarının dünya ölkələrinə çatdırılması, erməni vandalizminin ictimailəşdirilməsi istiqamətində fəal işlər görür.

 

Son olaylar göstərir ki, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı özünü əsl əsgər kimi aparır, informasiya cəbhəsində düşmənə qarşı qəhrəmancasına vuruşur və dövlət maraqlarımızın müdafiəsi uğrunda xüsusi fədakarlıq nümayiş etdirir.

 

Bu gün Azərbaycan diasporu Tovuz döyüşləri və 44 günlük Vətən müharibəsində olduğunu kimi həm arxa cəbhədə, həm də informasiya savaşında əsl qəhrəmanlıq göstərərək, ermənilərə "dəmir yumruq"la sarsıdıcı zərbələr endirir, erməni yalanlarının dünyada yayılmasını anındaca zərərsizləşdirir.

 

Əlbəttə, bu işdə Diasporla İş üzrə Dövlət Komitəsinin əzmkar fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Komitə çətin, eyni anda şərəfli missiyanı uğurla davam etdirərək, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında misilsiz xidmətlər göstərir. Bunun nəticəsidir ki, indi soydaşlarımızın səsi hər yerdə eşidilir və onlar artıq qalib ölkənin nümayəndələri kimi təqdim olunurlar. 

 

Dövlət sərhədində baş verən hadisələrin beynəxalq müstəviyə çatdırılmasında diaspor nümayəndələrimizin rolu böyükdür. Belə ki, xaricdəki azərbaycanlılar məlum olaydan dərhal sonra dünya birliyinə, beynəlxalq qurumlara, nüfuzlu təşkilatlara və media orqanlarına Ermənistanın təxribatları barədə dolğun məlumatlar çatdırırlar. 

 

Xaricdəki gücümüz...

 

Kanadanın Kvebek əyalətində fəaliyyət göstərən Azərbaycan icması Ermənistan silahlı qüvvələrinin təxribatından dərin narahatlığını ifadə edib. Monreal Kanada-Azərbaycan Cəmiyyətinin sədri Rəna Müslümovanın imzası ilə yerli və beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanatda Ermənistanın növbəti dəfə törətdiyi hərbi cinayət barədə ətraflı məlumat verilib.  

 

Azərbaycanın təşəbbüsü və Avropa Birliyinin vasitəçiliyi ilə iki ölkə arasında başlanan normallaşma və sülh prosesinə Ermənistanın təcavüzlə cavab verməsinin ilk dəfə baş vermədiyi, baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü nəzərə çatdırılıb.  

  

Eyni zamanda, İtaliyada yaşayan və fəaliyyət göstərən Azərbaycan icması Ermənistan silahlı qüvvələri bölmələrinin 12 sentyabr 2022-ci il tarixində gecədən başlayaraq törətdiyi genişmiqyaslı təxribatla əlaqədar yerli və beynəlxalq ictimaiyyətə müraciət edib.  

 

Azərbaycan-İtaliya Birliyinin sədri Fərid Abbasovun imzası ilə yayılan bəyanatda Ermənistanın hərbi təxribatı barədə ətraflı məlumat verilib, bu təcavüzün səbəblərinə diqqət cəlb edilib. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü nəzərə çatdırılıb. 

 

Fransanın Nant şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyası Ermənistanın təcavüzkar siyasətinin beynəlxalq hüquq normalarına, bölgədə aparılan normallaşma və sülh prosesinə tamamilə zidd olduğunu bəyan edib.

 

Assosiasiyanın yerli və beynəlxalq ictimaiyyətə ünvanladığı bəyanatda Ermənistanın Cənubi Qafqaz bölgəsində normallaşma və sülh prosesi ilə bir araya sığmayan növbəti təcavüzü barədə məlumatlar yer alıb, bu hərbi cinayətin səbəblərinə diqqət cəlb edilib.  

 

Bundan əlavə, Azərbaycanın təşəbbüsü və Avropa Birliyinin vasitəçiliyi ilə başlanan iki ölkə arasında sülhyaratma prosesinə Ermənistanın təxribatla cavab verdiyi, Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri apardığı bir vaxtda məhz rəsmi İrəvanın sülh prosesinə hər cür manelər törətdiyi nəzərə çatdırılıb. 

 

Soydaşlarımız Fransanı və dünya birliyini beynəlxalq müstəvidə Ermənistanın təcavüzünə, revanşist ideyalarına son qoyulması, bölgədə qan tökülməsinin qarşısının alınması naminə rəsmi İrəvanın sülhə sövq edilməsi istiqamətində qətiyyətli addımlar atmağa çağırıb.  

 

Bundan başqa, ABŞ-ın Florida ştatında yaşayan və fəaliyyət göstərən azərbaycanlı gənclər Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi genişmiqyaslı təxribata kəskin etiraz bildiriblər.  

 

Azərbaycan-Amerika Gənclər Assosiasiyasının təsisçisi və rəhbəri Nabat Eminovanın imzası ilə yerli və beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanatda Ermənistanın növbəti dəfə törətdiyi hərbi cinayət barədə ətraflı məlumat verilib və bu qanlı faciənin səbəblərinə diqqət cəlb olunub.    

 

 

Bəyanatda sərhəddəki təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb, rəsmi İrəvanın beynəlxalq hüquq normalarına, Cənubi Qafqaz bölgəsində normallaşma və sülh prosesinə növbəti zərbə vurmasına görə narahatlıq ifadə edilib.  

 

Şotlandiyanın Aberdin şəhərində yaşayan və fəaliyyət göstərən soydaşlarımız da beynəlxalq ictimaiyyəti erməni təxribatı ilə bağlı məlumatlandırıblar.    

 

“Buta” Azərbaycan-Şotlandiya Assosiasiyasının Britaniyanın Baş naziri Liz Trass,  Xarici İşlər, Birlik və İnkişaf Məsələləri üzrə dövlət katibi Ceyms Kleverli və Şotlandiyanın birinci naziri Nikola Stercenə ünvanladığı müraciətdə Azərbaycanın təşəbbüsü və Avropa Birliyinin vasitəçiliyi ilə Ermənistanla aparılan sülh danışıqlarına rəsmi İrəvan tərəfindən növbəti zərbə vurulmasına görə dərin narahatlıq ifadə edilib.  

 

Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayan soydaşlarımız rəsmi İrəvanın təcavüzkarlıq siyasətinin qarşısının alınması naminə işğalçı dövlətə qarşı təzyiqlərin gücləndirilməsinin zəruri olduğunu Britaniya hökumətinin və beynəlxalq birliyin nəzərinə çatdırıblar. 

 

Almaniyanın Hannover şəhərində yaşayan Azərbaycan icması da Ermənistan silahlı qüvvələrinin təxribat törətməsinə sərt etirazını bildirib.

 

 

Bəyanatda Ermənistanın təxribatı hərəkətlərinin iki ölkə arasında münasibətlərin normallaşması və regionda sülhün bərqərar olması prosesinə uyğun gəlmədiyi qeyd edilib. Soydaşlarımız, həmçinin məktub kampaniyalarına da başlayıblar.

 

Belə ki, Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən “U.S.Azerbaijanis Network” (USAN) qeyri-hökumət təşkilatı Ermənistan silahlı qüvvələri bölmələrinin 12 sentyabr 2022-ci il tarixində gecədən başlayaraq Azərbaycan sərhədləri boyu törətdiyi növbəti hərbi təxribata etiraz əlaməti məqsədilə məktub kampaniyasına start verib.

 

Məktubda, hərbi təxribatın təcavüzkar ölkənin baş naziri Nikol Paşinyanın Rusiyada keçirilmiş Şərq İqtisadi Forumundan qayıdandan, Brüsseldəki uğurlu sülh danışıqlarından, Azərbaycanın bu il Avropaya qaz tədarükünün 30% artırılması barədə bəyanatından sonra baş verdiyinə diqqət cəlb edilib. Bildirilib ki, Ermənistanın son təxribatları sülh danışıqlarına ziddir və İrəvan bununla regionda sülh və əmin-amanlığın olmasını istəmir. 

 

Bundan əlavə, İsraildə yaşayan Azərbaycan icması da Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan sərhədləri boyu törətdiyi genişmiqyaslı təxribata sərt etirazını bildirib.

 

 “İsraildə Azərbaycan Evi” diaspor təşkilatının rəhbəri Nexamiya Şirin Mixaelinin imzası ilə yayılan bəyanatda vurğulanıb ki, Avropa Birliyinin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarının həlledici mərhələsində belə təxribatın baş verməsi yolverilməzdir.

 

Həmçinin nəzərə çatdırılıb ki, “İsraildə Azərbaycan Evi” diasor təşkilatının üzvləri rəsmi İrəvanın sülh danışıqlarına növbəti dəfə zərbə vurmasından dərin narahatlıq keçirir: “Doğma Vətənimizin işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığı bir zamanda Ermənistanın təcavüzə yol verməsi bu prosesə mane olmasının növbəti bariz nümunəsidir. Dünya birliyindən bu cür halların təkrarlanmaması naminə beynəlxalq müstəvidə əməli addımlar atılmasını, Ermənistanın revanşizm ideyalarına soy qoyulmasını və sülhə sövq edilməsini tələb edirik”.

 

Digər ölkələrdə yaşayan soydaşlarımız da kampaniyaya qoşularaq, erməni təxribatlarının ifşa olunmasında böyük işlərə imza atırlar.

 

Bir sözlə, tam əminliklə deyə bilərik ki, Azərbaycan diasporu bu gün ayaqdadır və informasiya müharibəsinin ön sıralarında yer alır. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi