Modern.az

Tarixi qardaşlıq və dostluğun xilaskarlıq gücü

Tarixi qardaşlıq və dostluğun xilaskarlıq gücü

Aktual

15 Sentyabr 2022, 10:12

Azərbaycan tarixinin son yüz illik dövründə iki taleyüklü hadisə var ki, onun hər birində qardaş Türkiyə ölkəmizin mötəbər arxa-dayağı olub. 1918-ci ildə qaniçən erməni millətçi quldur dəstələrinin Azərbaycanda alovlandırdığı türk-müsəlman soyqırımının qarşısının alınmasında, Xalq Cümhuriyyətinə hərbi-siyasi dəstək verilməsində, 2020-ci ilin payızında 30 illik erməni işğalına son qoyulmasında Türkiyənin ölkəmizə göstərdiyi hərtərəfli himayədarlıq dünya tarixinə iki qonşu dövlətin dostluq və qardaşlığının misilsiz nümunəsi kimi yazılıb.


104 il əvvəl Azərbaycanda Şərqin ilk demokratik respublikası olmuş Xalq Cümhuriyyəti elə bir mürəkkəb hərbi-siyasi dövrdə elan edilmişdi ki, bu yeni dövlətin ərazisi faktiki olaraq işğal altında, ölkənin taleyi isə yad insanların əlində qalmışdı. Rusiyada bolşevik inqilabından sonrakı başıpozuqluq şəraitində erməni bolşevik qüvvələri milli qırğın törətmişdi. Bakı ingilislər tərəfindən ələ keçirilmiş, bununla yanaşı, birləşmiş düşmən qüvvələr strateji mərkəz Bakını əldə saxlayaraq yeni elan edilmiş milli dövləti beşiyindəcə boğmağa səfərbər olmuşdu. Ölkənin hər yerində at oynadan erməni silahlı birləşmələri dəhşətli qırğınlar törədərək, xalqımızı yox etmək kimi məkrli niyyətlərini davamlı olaraq həyata keçirirdi.


Böyük bir anti-Azərbaycan, anti-türk  hərbi-siyasi blokuna qarşı mübarizədə köməksiz və çarəsiz qalmış Xalq Cümhuriyyətinin imdadına yetişən Osmanlı dövlətinin təcili göndərdiyi  hərbi dəstə yerli müdafiə qüvvələri ilə birgə tarixi rəşadət göstərərək Azərbaycanın türk ölkəsi kimi tarix səhnəsindən silinməsinin qarşısını aldı, milli dövlətin qorunub saxlanmasını təmin etdi.


Qafqaz İslam Ordusu adlanan bu şanlı silahlı qüvvələr  yenilməz sərkərdə Nuru paşanın rəhbərliyi ilə Göyçay – Bakı və Kürdəmir – Bakı istiqamətləri tərəfdən irəliləyərək erməni-rus silahlı dəstələrini darmadağın edərək milli hökumətin paytaxt Bakıda fəaliyyətinə nail oldu.


Əsas zərbə qüvvəsi türk qoşunu olan Qafqaz İslam Ordusunun təşkili və xilaskarlıq yürüşünə başlaması sıradan bir hərbi əməliyyat, adi siyasi dəstək deyildi. Bu, tarixə yazılmış möhtəşəm və şanlı bir qardaşlıq manifesti  idi. Xalq Cümhuriyyətinin elan olunmasından sonra Azərbaycan və türk əsgərlərinin Gəncədən Bakıya birgə zəfər yürüşü o zaman dünya tarixində bənzəri olmayan bir hadisəyə çevrilmişdi. Nuru paşanın komandanlığı altında türk əsgərlər azərbaycanlı qardaşları ilə birgə qan tökmüş, can vermiş, türk soyunun qəsdinə durmuş azğın düşmənləri pərən-pərən salmış və milli dövlətçiliyimizin bərpa edilməsi yolunda ən çətin səddi aşmışdılar.
İki türk dövlətinin Bakını birgə azad etməsi, əslində, inanılmaz bir nəticə vermişdir. Xalq Cümhuriyyətinin öz paytaxtında fəaliyyətə başlaması düşmən qüvvələrin planlarının pozulması, Azərbaycan adına ilk milli dövlətin tarixdə bərqərar olması demək idi. Bu baxımdan Qafqaz İslam Ordusu və onun rəşadətli komandanı Nuru paşanın adı Azərbaycan dövlətçilik tarixinə qızıl hərflərlə yazılıb.


15 sentyabr 1918-ci il Bakının azad olunması XX əsr tariximizin şanlı səhifəsi olmaqla bərabər, həm də gələcək Türkiyə – Azərbaycan qardaşlığının və dostluğunun möhkəm təməllərinin qoyulması günü idi. Sonrakı illərdə Qazi Mustafa Kamal paşanın rəhbərliyi altında Anadoluda başlanan istiqlal savaşında Azərbaycan oğullarının döyüşə qatılması, sadə insanların göstərdiyi qəhrəmanlıqlar bu qardaşlığın növbəti sübutu oldu.


Bu gün ölkəmizin əksər rayonlarında türk əsgərlərinin, Türkiyənin müxtəlif bölgələrində isə  soydaşlarımızın məzarları iki dövlətin qardaşlıq və müttəfiqlik münasibətinin qürur və şərəf tarixini əks etdirir.  XX əsrdə ikinci dəfə istiqlalımızı qazandıqda müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin bu qardaşlıq və birlik örnəyini “Bir millət, iki dövlət” adlandırması dünyada analoqu olmayan bir gerçəkliyi təcəssüm etdirir.


Zaman keçdikcə Nuru paşanın qurtuluş savaşı ilə başlayan qardaşlıq ittifaqı daha da möhkəmlənib və sarsılmaz oldu. 


Qarabağın azad olunmasında Türkiyə Cümhuriyyətinin Azərbaycana  davamlı olaraq siyasi-mənəvi dəstəyi növbəti zəfər savaşına iki qardaş dövlətin birgə atdığı imza kimi tarixə düşdü.


Bu gün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın bütün geostrateji məsələlərdə vahid mövqedən çıxış etməsi hər iki dövlətin milli maraqlarını uğurla həyata keçirməsində mühüm amildir.


Ötən əsrin əvvəllərində Azərbaycan və Türkiyə istiqlalına qarşı koalisiya yaratmış bədnam Qərb-xristian ittifaqı bir əsr sonra da eyni səngərdən çıxış edib xalqlarımızın milli haqlarını hədəfə aldılar.  Lakin Türkiyə – Azərbaycan qardaşlığı bu xain qəsdlərin qarşısında ayıq-sayıq dayandı. Avropada keçirilən bir sammitdə erməni rəhbərinin Türkiyəyə qarşı sayıqlamalarına Azərbaycan lideri “Türkiyə Prezidenti burda yoxdur, əvəzində mən burdayam”, – deyə cavab verməsi bütün dünyanı silkələdi. Türkiyə Prezidenti İkinci Qarabağ savaşı zamanı bəyanatlarında “Bütün gücümüzlə Azərbaycanın yanındayıq” deməklə dünya siyasi arenasında xalqımızın tək və sahibsiz olmadığını nümayiş etdirdi, müqayisəsi olmayan bir həmrəylik dalğası yaratdı.


Ötən yüzillikdə həm Türkiyə, həm də Azərbaycanın haqq savaşına qarşı mübarizənin indiki mərhələsində bu gün iki böyük liderin yaratdığı möhtəşəm ittifaq dayanıb. Bu sarsılmaz birlik Azərbaycan – Türkiyə qardaşlığından pərvazlanan türk dünyası birliyinin mötəbər dayaqları kimi çıxış edir. 1918-ci il 15 sentyabrda Nuru paşanın komandanlığı ilə Bakının azad olunması ilə tarixə adını yazdıran Azərbaycan dövləti isə bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun qalib,  lider ölkəsi kimi hərtərəfli yüksəliş dövrünü yaşayır.  
Sarsılmaz qardaşlıq nümunəsi yaradan Azərbaycan Türkiyə ittifaqı əbədidir, buna kimsənin şübhəsi olmasın!
 

Rəşad Mahmudov,
Milli Məclisin deputatı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər