"Azərbaycan xalqı tarix boyunca milli maraqlarımızla bağlı bütün məsələlərdə birlik və həmrəylik nümayiş etdirib, torpağına, dövlətinə sahiblənib, çətinliklərə sinə gərib. Amma təəssüf ki, xalqımızı hər zaman məğlub görmək istəyən, milli mənafeyimizi özgə maraqlarına qurban verməyə hazır olan bir qrup radikal müxalifət təmsilçisi heç vaxt bu birliyin içərisində yer almayıb, uğurlarımızdan əndişələnib, qələbəmizdən bizə düşmən kəsilən xarici qüvvələr qədər narahatlıq keçiriblər".
Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib. O qeyd edib ki, bəlli məhdud qrupu təmsil edən Əli Kərimli və digərlərinin xalqımız üçün həyati əhəmiyyət kəsb edən bu zaman kəsiyində ənənəvi "beşinci kolon" missiyasını icra etmələri təəccüb doğurmur:
"Bu şəxslər 44 günlük Vətən müharibəsində də, işğalçı ölkə üzərində tarixi qələbəmizdən sonra da eyni yanaşmanı nümayiş etdirirdilər. Belələri üçün müqəddəs heç bir dəyər yoxdur, yalnız korporativ siyasi maraqlar, təlimatlarını icra etdikləri xarici dairələrin mənafeyi var".
Azər Kərimli Azərbaycan xalqının Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə tarixinin ən şərəfli və ən məsuliyyətli dövrünü yaşadığını qeyd edib:
"Müzəffər Ordumuz tarixi qələbəmizdən sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəməyən Ermənistanı sülhə məcbur edir, yüksək döyüş ruhu, peşəkarlıq nümayiş etdirir. Belə bir zamanda milli qüruru, təəssübkeşliyi olan hər bir azərbaycanlı dövlətinin, Ordusunun yanındadır. Yalnız bu hisslərdən və Vətən sevgisindən uzaq düşənlər qanımıza susayan düşmənin və onun himayəçilərinin yanında yer alıblar. Və deməli onlar bizlərdən biri deyil və olmayacaqlar".
Deputat bildirib ki, xalqımız ən qısa zamanda növbəti tarixi zəfərini, Cənubi Qafqaza sabitlik, sülh və rifah gətirəcək tarixi hadisələrə şahidlik edəcək, milli birliyimizin növbəti təntənəsini yaşayacaq:
"Bizim haqlı tərəf olduğumuz hər kəsə bəllidir. Hətta bəziləri bunu etiraf edə bilməsələr də. Amma müasir dünyada gücü olmayanın haqqı tanınmır. Biz haqqımıza Ali Baş Komandanın iti zəkası və qətiyyətli, Müzəffər Ordumuzun rəşadəti ilə sahiblənirik".