Modern.az

“Magistrantların hərbi xidmətə çağırılması kollegial müzakirə olunmalıdır”

 “Magistrantların hərbi xidmətə çağırılması kollegial müzakirə olunmalıdır”

5 Aprel 2013, 10:13

Azərbaycanda ali məktəblərin magistr dərəcəsi alan tələbələrinin hərbi xidmətdən azad edilməsi məsələsi hələ də gündəmdə qalır. 2008 ilə kimi magistratura pilləsinə qəbul olanlara hərbi xidmətdən möhlət verilirdi. Amma 2008-ci ildə “Hərbi xidməti keçmə haqqında” Qanuna edilmiş dəyişikliyə görə, magistr pilləsinə qəbul olan tələbələr hərbi xidmətini keçdikdən sonra təhsillərini davam etdirə bilərlər. Milli Məclisin üzvü Siyavuş Novruzov da bu il iclasların birində bu səbəbdən gənc alimlərin azadlığını demişdi. O bildirmişdi ki, magistr pilləsinə qəbul olub əsgərliyə gedən tələbələr, hərbi xidmətdən qayıtdıqdan sonra oxumağa bir o qədərdə maraq göstərmirlər. Bu isə ölkəmizdə gənc alimlərin sayının azalmasına gətirib çıxarır.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc Modern.az-a açıqlamasında bildirib ki, bu məsələ ayrı-ayrı deputatlar tərəfindən təşəbbüs kimi bir neçə dəfə qaldırılıb. Z. Orucun sözlərinə görə, bu məsələni parlamentdə sadəcə təşəbbüs kimi birgünlük effektə hesablanan bəyanata çevirmək deyil, artıq dərəcədə Silahlı Qüvvələrin, parlamentin Müdafiə və təhlükəsizlik Komitəsinin və Prezident Administrasiyasının müvafiq struktur təmsilçilərinin birgə müzakirəsindən keçirərək bu barədə qərar vermək lazımdır. “Yəni burada bir deputatın məsələni qaldırması subyektiv fikri kimi görünəcək. Kollegial müzakirənin qərarı daha optimal bir səviyyədə olar. Bununla bağlı mövqeyim hər zaman gənclərin xeyrinə olub. Hətta 2008-ci ildəki müzakirələrdə rəyimi bildirmişdim. Yəni orduda islahatlar kontekstində də bu məsələ aktualdır. Bizim üçün gənc alimin elm səngərində durmağı daha önəmlidir. Çünki həm də beyinlə, zəkayla vuruşuruq”.

Z. Oruc magistr pilləsinə qəbul olan tələbələrin gələcəkdə elmi fəaliyyətlərini davam etdirməməsi iddiası ilə bağlı bildirib ki, magistr pilləsinə qəbul olduqdan sonra hərbi mükəlləfiyyətini yerinə yetirənlərin bir çoxu sonrakı dövrdə elmi karyerasını davam etdirməkdə maraqlı olmur. “Ona görə də bunu stimullaşdıracaq mühüm dövlət proqramı qəbul olunmalıdır. Hazırda alimlərimizin orta yaş həddi 55-dən yuxarıdır. Azərbaycanda mövcud olan 8.430-dan artıq alimin 1300-dən yuxarısı elmlər doktorumuzun fonunda nisbət beynəlxalq statistik göstəricilərlə müqayisədə xeyli aşağıdır. Əlbəttə, elmi-təhsil mərkəzlərimizin sayı ilə öyünürük, xeyli müəllim ordumuz da var və s. Etiraf etmək lazımdır ki, onun böyük bir hissəsi yaşlı nəsli təmsil edirlər və onlar artıq auditoriyanı 65 yaş həddi çatdıqdan sonra tərk etdikdə bir sıra sahələr üzrə gənc alimlərimiz olmur. Bu, çox ciddi bir problemdir. Ona görə də bu barədə ciddi düşünmək lazımdır”.

Anar Kəlbiyev

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu