Modern.az

“Dövlətqaçqınkom”un vəzifəli şəxsləri cəzalandırılıb

“Dövlətqaçqınkom”un vəzifəli şəxsləri cəzalandırılıb

Ölkə

5 Aprel 2013, 11:06

Hesablama Palatasının Milli Məclisə təqdim etdiyi hesabatda dövlət büdcəsindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsinin auditi üzrə nəticələr barədə məlumat verilib.
Milli Məclisdən Modern.az saytına verilən məlumata görə, palatanın “Dövlətqaçqınkom”la bağlı hesabatında yoxlamalar nəticəsində qurumda bir sıra ciddi nöqsanlar aşkarlanıb və buna müvafiq tədbirlər görülüb.

Nöqsanlar ondan ibarətdir ki, satınalmalar zamanı alınan malların (iş və xidmətlərin) ehtimal olunan qiyməti mövcud normativ sənədlərin tələblərinə uyğun müəyyənləşdirilməyib, satınalmalar zamanı bir neçə halda eyni təşkilatlar qalib elan edilib, maddi-texniki bazası və ixtisas uyğunluğu olmayan təşkilatlarla birbaşa müqavilələr bağlanılıb və s.

Bundan başqa şöbələrin bəzilərində şöbə müdirinin müavini vəzifəsi təsis olunub, dövlət qulluqçusu olmayan işçilərin aylıq vəzifə maaşlarına qanunvericilikdə nəzərdə tutulmayan əlavələr verilib, ali təhsili olmadığı halda dövlət qulluğuna işə qəbul olunmalara yol verilib, müvəqqəti işə qəbul olunmuş işçiyə mükafat ödənilib, keçmiş iş yerlərində istifadə etmədikləri məzuniyyət günlərinə görə artıq məzuniyyət haqqı və artıq müavinət hesablanıb, bir sıra hallarda işçilərə vaxtından əvvəl ixtisas dərəcəsi verilib, ezamiyyə xərclərinin bir günlük normasının və nəqliyyat xərcləri üzrə tariflər düzgün tətbiq edilməyib.

Bundan başqa, köçkünlərin istifadə etdiyi kommumnal xidmətlərin haqqının ödənilməsi sahəsində də nöqsanlara yol verildiyi bildirilir.
Məcburi köçkünlərin istifadə etdikləri kommunal xidmətlərə görə aparılmış ödənişlərin coğrafiyası göstərib ki, ayrılan vəsaitlərdən tam istifadə edildiyi halda, bu vəsaitlər üzrə aparılan ödənişlər bəzi rayonlarda yaşayan məcburi köçkünlərə xidmət edən kommunal təşkilatları tam əhatə etməyib, bəzi rayonlarda eyni xidmətə görə bir neçə təşkilata vəsait ödənilib ki, bu da vəsaitlərin təyinatı üzrə istifadə edilməməsinə və kreditor borcların yaranmasına səbəb olaraq təsərrüfat hesablı təşkilatlarda büdcə qarşısında məcburi öhdəliklərin artması ilə nəticələnib, həmçinin, elektrik enerjisi ilə təmin olunmuş məcburi köçkünlərin sayı ilə su, kanalizasiya və məişət tullantılarının daşınması xidmətləri üzrə ödənişi aparılmış bəzi rayonlarda bu say arasında fərqlər olub.

Audit yoxlamasının üzə çıxardığı nəticələrdən sonra “Dövlətqaçqınkom” şöbələrin ştat vahidlərinin say həddinin qanunvericilikdə tələb olunan say həddinə uyğunlaşdırmalı, dövlət qulluğu vəzifəsi həvalə edilmiş 2 şəxslə bağlanılmış əmək müqaviləsinə xitam verməli olub. Eyni zamanda dövlət qulluqçusu olmayan işçilərə aylıq vəzifə maaşlarına 25% məbləğində əlavələrin ödənilməsi dayandırılıb.

Həmçinin, köçkün ailələrinə göstərilən (saxlanılma xərcləri, elektrik enerjisi, qaz, su, yanacaq, kanalizasiya və digər kommunal xidmət xərcləri) xidmətlər üzrə aparılan hesablaşmalar zamanı yol verilən nöqsanlara görə kommunal və digər təşkilatlara artıq ödənilmiş 89,0 min manat məbləğində vəsait dövlət büdcəsinə bərpa olunub.

Bununla yanaşı, auditin əhatə etdiyi dövrdə vəzifələrinin icrası zamanı yol verdikləri nöqsanlara görə Maliyyə-mühasibat şöbəsinin müdirinin bir il müddətinədək vəzifə maaşı 5 faiz azaldılıb, Sosial təminat və humanitar yardım və Kommunal xidmətlər şöbələrinin müdirlərinə, Repatriasiya və Mənzil-istismar departamentlərinin direktorlarına töhmət, Təchizat və istehsalat idarəsinin və Tikilməkdə olan Müəssisələr Müdiriyyətinin rəislərinə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı