Modern.az

Rüstəm İbrahimbəyov Fuad Muradovu təəccübləndirib: “Bunu deyən azərbaycanlıdır?”

Rüstəm İbrahimbəyov Fuad Muradovu təəccübləndirib: “Bunu deyən azərbaycanlıdır?”

Parlament

5 Aprel 2013, 12:34

Ziyalılar Forumunun rəhbəri Rüstəm İbrahimbəyovun son müsahibəsi Azərbaycanda birmənalı qarşılanmayıb. Müsahibəyə etiraz edənlərdən biri də Milli Məclisin deputatı Fuad Muradovdur.  Modern.az-a açıqlamasında millət vəkili bildirib ki, Rüstəm İbrahimbəyovun müsahibəsini oxuyanda çox təəssüflənib. Deputat müsahibənin başdan-ayağa erməni sevgisi üzərində qurulduğunu deyib.

“Çox təəssüf edirəm ki, Rüstəm İbrahimbəyov azərbaycanlıdır. Hətta Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi faktı müsahibədə tamam əks şəkildə diqqətə çatdırılıb. Bu isə hər bir azərbaycanlıya və müstəqil Azərbaycana qarşı çıxmaq deməkdir”.

F.Muradov qeyd edib ki, bundan öncə Əkrəm Əylislinin “Daş yuxular” romanı cəmiyyətdə etirazla qarşılananda o, bu məsələ ilə bağlı fikir bildirmədi. Deputatın sözlərinə görə, Əkrəm Əylislini illərdən bəri tanıyır və onun bu şəkildə yazılarla çıxış etməsi gözlənilən idi.

“Amma Rüstəm İbrahimbəyovun belə bir müsahibə verməsi məndə başqa fikir formalaşdırır. Düşünürəm ki, bütün bunlar bir mərkəzdən idarə olunur və müstəqil Azərbaycana, onun cəmiyyətinə və vətəndaşına qarşı atılan addımlardır. Burada diqqəti başqa məqamlara yönəltmək istəyirəm. Müsahibədə qeyd edilir ki, sovet imperiyası xalqlar dostluğunun qarantı idi. Bir məsələyə diqqət edək: sovet rejimi qurulanda nə qədər azərbaycanlını Sibirə sürgün edildi...  Azərbaycanın özündə, uzaq Sibirdə və Orta Asiyanın çöllərində nə qədər azərbaycanlı aydını  güllələdilər... Bu nədən irəli gəlir? Mənə elə gəlir ki, Rüstəm İbrahimbəyov bunu bilməmiş deyil. Bu ondan irəli gəlir ki, Azərbaycanın müstəqilliyini, azadlığıni istəyənlər güllələnirdilər. Amma Rüstəm İbrahimbəyov bildirir ki, guya, sovetlər zamanında xalqlar dostluğu bərqərar olmuşdu və bunun da qarantı sovet rejimi olub. Gülünc doğuran iddiadır. Hesab edirəm ki, bu, bir daha Azərbaycana qarşı yönəlmiş məsələdir”.

F.Muradov bildirib ki, sovetlər dövründə Azərbaycanın tanınmış sənətçilərindən biri olan Rüstəm İbrahimbəyova indi bir sual vermək istəyir: “Niyə müstəqillik qazandıqdan sonra Rüstəm İbrahimbəyov hansısa möhtəşəm, böyük bir əsəri ilə çıxış edə bilməyib?”.

Deputatın fikrincə, bunun səbəbləri var.

“Səbəbi də ondan ibarətdir ki, sovet dövründə kimlərəsə imkan verirdilər ki, danışsın, yazsın, kiminsə ən kiçik əsərini böyük şəkildə təqdim edə bilirdilər. Amma digərlərinə imkan vermirdilər. Məsələ ondadır ki, müstəqillik qazandıqdan sonra hər kəs bacarığını ortaya qoymaq şansını əldə elədi. Ucqar bir kənddə yaşayan şəxs də bacarığını ortaya çıxara bilər. Bakının mərkəzində yaşayan vətəndaş da öz yaradıcılıq məhsulunu ortaya qoya bilər. Bu mənada rəqabət dövründə Rüstəm İbrahimbəyov hansı işlərlə məşğul idi, hansı əsəri ilə özünü göstərə bildi? Bu dediklərim sübutdur ki, rəqabət dövründə Rüstəm İbrahimbəyov özünü göstərə bilməzdi. Sadəcə,  hansısa qaynaqlardan sovet dönəmində bu kimi əsərlər yazmışdı”.

Kinodramaturqun müsahibəsində Qarabağ məsələsi barədə deyilənlər deputatı daha çox qayğılandırıb. Onun sözlərinə görə, Rüstəm İbrahimbəyovun Qarabağ məsələsilə bağlı mövqeyi Azərbaycana qarşı olan qüvvələrin mövqeyindən zərrə qədər də fərqlənmir.

“Guya bilinməyib ki, bu torpaqlar azərbaycanlıların, yoxsa ermənilərin olub. Başa düşmürəm, bunu deyən azərbaycanlıdır? O, Azərbaycanın tarixini bilir ya yox. O, qəsdən bunları təhrif etməklə məşğuldur. Rüstəm İbrahimbəyov məgər bilmir ki, sovet imperiyası Azərbaycanın nə qədər torpaqlarını ermənilərə verib? Bəlkə Azərbaycanı Rusiyaya qaytarmaq eşqinə düşüblər?  İndi də bir Milli Şura yaradıblar. Təbii ki, müstəqil Azərbaycanın, onun vətəndaşlarının maraqlarına xidmət edən hər bir şuranın yaradılmasını müdafiə edirəm və belə bir şura olsa,  özüm də oraya qoşularam.
Amma bütün hadisələrin gedişi onu göstərir ki, Rüstəm İbrahimbəyov başda olmaqla onların yaratdığı Milli Şura heç də bolşevik şurasından fərqlənmir. Bu, bizi çox qayğılandırır. Bütün bunlar çox təəssüfedici haldır. Hesab edirəm ki, Rüstəm İbrahimbəyov müsahibəsi ilə azərbaycanla bağlı olmadığını, Azərbaycan dərdlərini yaşamadığını, Azərbaycan insanın Qarabağın işğal faktı ilə bağlı çəkdiyi əzab-əziyyəti görmədiyini əyani şəkildə, çılpaqlığı ilə ortaya qoyur. Biz bunu Azərbaycan cəmiyyətinə çatdırmalıyıq. Azərbaycan cəmiyyəti Rüstəm İbrahimbəyovun bu müsahibəsindən xəbərdar olmalıdır. Hesab edirəm ki, Azərbaycanda Rüstəm İbrahimbəyova qoşulmaq istəyən ziyalı adamlar bu yoldan əl çəkəcəklər və bu yoldan dönəcəklər. Çünki Rüstəm İbrahimbəyovun müsahibəsi bir daha onu göstərdi ki, onun bütün addımları, düşüncəsi anti-Azərbaycan mövqeyidir”.

Anar Kəlbiyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...