Modern.az saytı xəbər verir ki, Milli Məclis sürücülük vəsiqəsinin verilməsi şərtlərini sadələşdirib, amma əvəzində bəzi pozuntulara görə cəzaları ağırlaşdırıb. Bundan sonra maşınların pəncərəsinə qara plyonka vuran sürücülər 50 manat yox, 150 manat məbləğində cərimə ediləcək. Bu haqda İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər qəbul edilib.
Milli Məclisdə qəbul edilən digər dəyişikliklər sürücülük vəsiqəsinin alınmasında tələb edilən tibbi arayışın ləğvi ilə bağlı olub. Belə ki, daha sürücülük vəsiqəsi almaq üçün tibbi arayış tələb edilməyəcək. Yalnız yaşı 60-dan yuxarı olan şəxslər sürücülük vəsiqəsi alarkən tibbi arayış təqdim edəcək.
Texniki baxışın keçirilməsi qaydalarına da dəyişiklik edilib. Belə ki, yeni maşınlar istehsal olunduqları vaxtdan ancaq 4 il keçdikdən sonra ilk dəfə texniki baxışdan keçirilməli olacaq. Sonrakı müddətdə iki ildən bir keçiriləcək. Yalnız istehsal müddətindən 10 il keçəndən sonra hər il texniki baxış 11 regionda həyata keçiriləcək.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli hesab edir ki, bu qaydaların tətbiqi texniki baxış prosesinin sadələşdirilməsinə, daha da şəffaf olmasına gətirib çıxaracaq və hazırda mövcud olan əsassız bir sıra hallar aradan qalxacaq.
Dəyişikliklərə görə, nəqliyyat vasitələrin idarə etmək hüququ olmayan şəxslər yol hərəkəti qaydalarını pozarsa, yaxud sərxoş ikən bu hallara yol verərsə, onda həmin pozuntuya görə sanksiyalar da gücləndirilir. Belə ki, bir şəxsin ölümü ilə nəticələnən qəzalar zamanı 8 ilədək, 2 və ya da ha 12 ilə dək azadlıqdan məhrumetmə cəzasına məhkum ediləcək.
Deputat Qüdrət Həsənquliyev hesab edir ki, bəzi sürücüləri incitmək lazım deyil. Çünki bəzi hallarda şüşələrin tünd rənglə rənglənməsi isti havada günəş şüalarının qarşısını alır. Hətta Dubayda belə metodlardan istifadə olunur:
“Ötən yay Bakıda temperatur 44 dərəcəyə çatırdı, maşında kondinsioner də soyutmurdu. Biz böyük institutların işləyib hazırladığı üsullara qarşı çıxmayaq. Standartlardan kənar olan cihazların maşına yerləşdirilməsi qadağan edilə bilər.
70 yaşından sonra niyə hər 2 ildən bir sürücülük vəsiqəsini dəyişmək tələbinin qoyulması həm onlara qarşı hörmətsizlikdir, həm də ayrıseçkilikdir. Sanki deyirik ki, sən həyatını başa vurmusan. İnsanlarla bu cür davranmaq olmaz. 80 yaşında adamlar var ki, cavanlardan da gümrahdır”.
Sonda Qüdrət Həsənquliyev texniki baxışın ümumiyyətlə ləğvini tələb edib. Onun fikrincə, onsuz da sürücülər texniki vəziyyətinin nasaz olmasına görə məsuliyyət daşıyır.
Modern.az