Modern.az

Xanım deputat avtobus sürücülərindən şikayətləndi

Xanım deputat avtobus sürücülərindən şikayətləndi

5 Aprel 2013, 14:44

Modern.az-ın məlumatına görə, Milli Məclisin bugünkü iclasında deputat Vahid Əhmədov zavod istehsalı olan maşınlarda da pərdələrin sökülməsinin səbəbi ilə maraqlanıb: “Səbəb nədir? Yol polisi belə istəyirsə, belə də olmalıdır? Özümüzdən qanun niyə çıxarırıq?”

DYP təmsilçisi Ramiz Hüseynov bu məsələdə qanunun tələblərinə əməl olunduğunu deyib.

Millət vəkili Sabir Rüstəmxanlı Azərbaycanda istehsal olmadığına görə maşınların hazır pərdəli şəkildə gəldiyini deyib: “Bu, hazır maşındır. Sürücü neyləsin?! Gərək onda pəncərəni dəyişəsən. Bu da əlavə xərcdir. Ya maşınları özümüz, ya da qanunlarımızı maşınlara uyğunlaşdırmalıyıq”. S. Rüstəmxanlı piyadaların gəzməyə səkidə yer tapmadıqlarından şikayətlənib: “Səkilərdə maşın əlindən tərpənmək olmur. Buna çarə tapılmalıdır. Azneft meydanında 5 polis maşını dayanıb, DYP işçiləri öz aralarında zarafatlaşırlar, 1 km aralıda isə tıxacdır. Maşın dayandırılma yerləri inşa edilməlidir. “Maşın oğruları” kimə gücləri çatırsa, götürüb maşınları aparırlar. Ona qalsa, gərək Bakının mərkəzindən bütün maşınlar aparılmalıdır”.

Milli Məclisin sədri Oqtay Əsədov şəhərdə dayanacaq yerlərinin az olduğunu deyib: “Amma indi belə yerlər tikilir. Bunlar olandan sonra gərək qanun qəbul edək ki, şəhərdə dayanacaq yerləri müəyyən olunsun. İnsanlar maşını hara qoysun? Gərək dayanacaq yerlərini müəyyənləşdirək, sonra tələb edək ki, yerinə qoysun”.

Deputat Aytən Mustafayeva isə başına gələn hadisədən danışıb. Şəhərin mərkəzində avtobusun gənc sürücüsü onun maşınının güzgüsünü sındırıb. “Heç nə də eləmək mümkün deyil. Bu cür sürücülər insanların təhlükəsizliyinə görə cavabdeh daşıyır. Avtobusu sürətlə sürürlər, deyirlər ki, tıxacdır, tez çataq. Şikayətlənəndə, deyirlər ki, istəmirsənsə, düş get”. Sədr Oqtay Əsədov isə bütün bunların qanunla qadağan olunduğunu deyib. Onun fikrincə, yol polisi tərəfindən reydlərin sayı çox olsa, sürücülər də qanuna daha çox riayət edərlər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu