Milli Məclisinin bu gün keçirilən iclasında yeni “İctimai iştirakçılıq haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. APA-nın xəbərinə görə, layihə barədə məlumat verən deputat Azay Quliyev bildirib ki, qanunun məqsədi Azərbaycan vətəndaşlarının dövlətin idarə olunmasında iştirak hüququnun ictimai iştirakçılıq formasında gerçəkləşdirilməsi üçün təminatlar yaratmaqdır.
O qeyd edib ki, 4 fəsil 19 maddədən ibarət yeni qanunda ictimai iştirakçılığın təşkilati-hüquqi formaları təsbit olunub. Bunlar ictimai şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi və ictimai ekspertizadır. Sənəddə o da göstərilib ki, qanunvericilikdə ictimai iştirakçılığın digər təşkilati-hüquqi formaları da müəyyən edilə bilər. Burada ictimai şura müvafiq icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurumdur, səlahiyyət müddəti isə 2 ildən birdir. İctimai şura 15-21 üzvdən ibarət tərkibdə bu qanunla müəyyən edilmiş tələblər nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnaməyə uyğun olaraq vətəndaş cəmiyyəti institutu tərəfindən seçilir. 18 yaşına çatmış, seçki hüququna malik hər bir vətəndaş ictimai şuranın üzvü ola bilər. Şuradakı fəaliyyətinə görə üzvlərə əməkhaqqı, qonorar, kompensasiya və başqa ödənişlər verilmir. İctimai şuradakı fəaliyyətləri dövründə onların əsas iş yerlərindəki əmək haqları və başqa ödənişlər saxlanılır.
Milli Məclisin sədr müavini Valeh Ələsgərov müzakirələr zamanı qanunda qeyd olunan “İctimai şuradakı fəaliyyətinə görə üzvlərə əməkhaqqı, qonorar, kompensasiya və başqa ödənişlər verilmir” bəndi ilə razı olmadığını və bunun sui-istifadələrə yol açacağını bildirib. O, “İctimai şuradakı fəaliyyətləri dövründə onların əsas iş yerlərindəki əmək haqları və başqa ödənişlər saxlanılır” bəndinin də qanun layihəsindən çıxarılmasını təklif edib.
Qüdrət Həsənquliyev isə bildirib ki, sənəd konseptual baxımdan düzgün olsa da, daha da sadələşdirilməli və qanun yeni bir bürokratik qurumun yaradılmasına imkan verməməlidir. Onun fikrincə, ictimai şuraların dövlət siyasətinin müəyyən edilməsində iştirakı haqqında müddəa doğru deyil:
“Dövlət siyasətinin müəyyən edilməsi seçkilər nəticəsində hakimiyyətə gələn siyasi partiyanın səlahiyyətinə aid olan məsələdir. Siyasi partiya özü dövlət siyasətini müəyyən edə bilər, ictimai şuraların ancaq bu siyasətin necə həyata keçirilməsinə münasibət bildirməsi mümkündür”.
Layihə səsə qoyularaq birinci oxunuşda qəbul olunub.