Son vaxtlar Azərbaycan Milli Məclisinin deputatı Siyavuş Novruzovla söz duelinə çıxan İran İslam Şurası Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini Mənsur Həqiqətpur yeni açıqlama verib.
Modern.az saytının məlumatına görə, İranın Arannews agentliyinə müsahibəsində Həqiqətpur Siyavuş Novruzovun Azərbaycan mediasında onun haqqında səsləndirdiyi ittihamlara cavab verib. Modern.az onun müsahibəsini ixtisarla təqdim edir.
Mənsur Həqiqətpur deyib ki, onun Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik etməsi Azərbaycanın hakim partiyasının ölkə parlamentindəki deputatı Siyavuş Novruzovu çox narahat edib.
“Məncə indiki durumda Azərbaycanın bəzi məmurları, o cümlədən bu deputat dost və düşmənini seçməkdə böyük çaşqınlığa düçar olub. Bəlli deyil ki, hansı dəlil və məntiqə əsasən Ermənistana və qondarma Dağlıq Qarabağ respublikasına həmişə yardımlar edən, hətta BMT-nin səsvermələrində də adətən Azərbaycanın ərazi bütövlüyünə səs verməyən Amerikanı və İsraili Azərbaycanın dostu, Azərbaycanın müstəqilliyindən bu yana ona heç bir köməyini əsirgəməyən İranı isə düşmən sayırlar”-deyə Həqiqətpur bildidib. O, daha sonra əlavə edib:
“Siyavuş Novruzovun müsahibəsində deyilir ki, mən 1996-cı ildən Azərbaycan Respublikasında cinayət axtarışındayam və barəmdə cinayət işi açılıb. Çox təəccüblüdür, mən son bir neçə ildə, xüsusən də Ərdəbildə vali olarkən bir neçə dəfə Azərbaycana səfər etmiş, prezidentlə və digər rəsmi şəxslərlə görüşlər keçirmişəm. Bundan əlavə, Azərbaycanın İrandakı səfiri qabaqcadan vaxt alaraq bir neçə dəfə mənimlə görüşüb. Cənab Novruzov həm də iddia edir ki, onda məni ifşa edəcək 200 səhifəlik material var. Mənsə uzun müddətdir deyirəm ki, Qarabağ müharibəsindəki xidmətlərimizi təsdiqləyən bir neçə min səhifədən ibarət yazılı məruzə və şəkillər və 100 saatdan artıq videomaterial var. Mən hazıram kütləvi informasiya vasitələrində hər iki tərəf öz sənəd-sübutlarını təqdim etsin”.
M.Həqiqətpurun sözlərinə görə, Siyavuş Novruzovun dediyi etdiyi kimi, onun 80-ci illərin axırlarında və 90-cı illərin əvvəllərində Azərbaycanla məşğul olmuş təxribatçı qüvvələrin fəaliyyətinə başçılıq etməsi əsassızdır.
“Hamımız bilirik ki, sərhədlər 90-cı ildə açılıb, xüsusi get-gəllər və xalqlarımız arasında hər hansı bir rabitə də bundan sonrakı illərə aid ola bilər. Amma mənim azəri qardaşlarla ilk görüşüm 91-ci ilə təsadüf edir. Qanlı-qadalı günlərdə (hələ müstəqillikdən öncə) xalq təmsilçiləri olan mübariz vətənpərvər insanlar İrana tez-tez səfərlər edir, onlara qarşı başlanan ədalətsiz müharibədə bizdən yardımlar istəyirdilər. Onlar deyirdilər ki, “ermənilər təpədən-dırnağadək silahlıdırlar, bizdə isə dinc əhalini qorumaq üçün ibtidai silahlar da yoxdur”. Qeyd edirdilər ki, hətta münaqişə başlamazdan öncə planlı şəkildə bəzi adamların əlində olan ov silahları da yığışdırılıb. Bax beləcə münaqişə zonalarında müdafiə və müqavimət dəstələri yaratmaq məqsədi ilə ilkin əlaqələr yarandı. Bu işlər regional və qlobal dəyişiklərlə birgə müsəlman Azərbaycan xalqının kommunistlərin əsarətindən çıxmasına səbəb oldu. Maraqlıdır ki, cənab Novruzxan Azərbaycan xalqının kommunistlərdən qurtulmaq üçün göstərdiyi səyi təxribatçı fəaliyyət adlandırır”.
M.Həqiqətpur SSRİ-nin dağılmasından sonra onun Azərbaycanda dövlət çevrilişi istiqamətində fəaliyyət göstərməsi barədə azərbaycanlı deputatın ittihamına belə cavab verib: “Bu barədə Allah yanında və müsəlman Azərbaycan xalqı qarşısında üzümüz ağ, alnımız açıqdır”. .
Azərbaycanın hərbi mövqeləri haqda ermənilərə xəbər ötürmək üçün “Xüsusi rabitə sistemi” qurmaqda, hətta Daşaltı, Xocalı və digər əməliyyatlarda ermənilərin xeyrinə iştirak etməkdə günahlandırılan Mənsur Həqiqətpur S.Novruzovun bu fikirlərindən daha da hiddətlənib
“Bu ittihamlar göstərir ki, onun Qarabağ haqda heç bir məlumatı yoxdur. Mən mərhum Heydər Əliyevin Qarabağ üzrə xüsusi müşaviri olmuşam...
Yadımdadır, bir gün Azərbaycanın təlim keçmiş qüvvələri Heydər Əliyevin önündə paraddan keçərkən mənə dedi ki, səni Azərbaycanın “Şöhrət” ordeni ilə təltif etmək istəyirəm. Mən isə siyasi səbəblərdən qəbul etmədim. İndi isə bu cənabın mənə xəyanət ittihamı irəli sürməsi gülünc görünür.
Məncə “Xüsusi rabitə sistemi” dedikdə, atəşkəs dövründə Bakı-İrəvan-Xankəndində yerləşib atəşkəsə nəzarət edən nümayəndəliklərin arasındakı əlaqənləndiricidən söhbət gedir. Qəfil hücumlara, öncədən planlaşdırılmış ərazi iddiası və təcavüzə məruz qalmış Azərbaycan tərəfinə özünü toparlamaq, ordu yaratmaq, səfərbərlik və döyüş hazırlığı üçün atəşkəs hava-su kimi lazım idi. İranın vasitəçilik səyləri nəticəsində bu məqsədə çatmaq mümkün oldu. Amma təəssüflər olsun ki, onlar bu fürsətdən istifadə etmədilər...
... Novruzxan ermənilərə Ərdəbildə hərbi təlim keçirilməsinə dair əsassız ittiham irəli sürür. Qeyd etdim ki, minlərlə azəri balasına hərbi təlim keçmişəm. Məndə onların hamısının fotosu, adı və soyadı var. Canlı yayımda bütün dediklərimi sübut etməyə hazıram. Amma kimsə bircə erməniyə təlim keçdiyimi sübut etsə, onun bütün iddialarını qəbul etməyə hazıram”.
M.Həqiqətpurun sözlərinə görə, İran İslam Respublikası beynəlxalq təşkilatlar səviyyəsində Azərbaycan Respulikasının müstəqilliyini tanıyıb, hazırda da onun ərazi bütövlüyünə, suverenliyinə və sərhədlərinin toxunulmazlığı məsələsinə çox ciddi yanaşır. Bundan əlavə, Qarabağı müsəlman torpağı hesab edərək onu qorumağı İslam nöqteyi-nəzərindən də vacib sayır.
“Böyük Rəhbər Qarabağı İslam torpağı elan etmiş, müsəlman torpaqlarını işğal edənlərə hər növ yardımı haram saymış və yasaqlamışdır. Belə olan halda biz ermənilərə necə təlim keçə bilərdik?!
Cənab Novruzxan bilməlidir ki, mənim hamısı ərdəbilli olan ata-babalarım haqda kifayət qədər məlumatım var. Mən bir türkdilli iranlı və azərbaycanlıyam, ermənilərlə heç bir qohumluğum yoxdur. Mən heç zaman işğalçı ermənilərə kömək, dini, məzhəbi, dili və soykökü mənimlə eyni olan azərilərə xəyanət edə bilmərəm”.
İranlı deputat Azərbaycan İslam Partiyasının yaradılmasında onun rolunun olduğuna dair S.Novruzovun ittihamını qəbul etməyib.
“Bu ittiham Azərbaycanın dindar xalqına qarşı təhqirdir. Məgər əhalisinin 95 faizi müsəlmanlardan ibarət olan bir ölkənin dindarları bir İslam Partiyası yaratmağın zərurətini anlamırdılarmı?”-deyə M.Həqiqətpur hiddətini gizlədə bilməyib.Sonda M.Həqiqətpur Qarabağ həqiqətlərini açmaq üçün bir daha Azərbaycan Respublikasının dövlət televiziyasından efir vaxtı istəyib.
Modern.az