Modern.az

Şəhid xanımından dəfnlərdəki donuq baxışlı məmurlara ETİRAZ

Şəhid xanımından dəfnlərdəki donuq baxışlı məmurlara ETİRAZ

Ölkə

17 Sentyabr 2022, 16:59

12-14 sentyabr 2022-ci ildə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən şəhid olan hərbi qulluqçularımız ard-arda dəfn edilir. Dəfn mərasimlərində rayon İcra hakimiyyəti başçıları, deputatlar, ictimaiyyət və media nümayəndələri yaxından iştirak edir. Hüzn dolu mərasimlərdən ictimailəşdirilən fotolarda səlahiyyətlilərin şəhid atalarına, oğullarının nəşinin büküldüyü bayrağı təqdim edərkən göstərdiyi laqeyd münasibət, etinasızlıq, yad baxışlar gözlərdən qaçmır. Hətta sosial şəbəkə istifadəçiləri israrla belə mərasimlərə uyğun şəxslərin göndərilməsini tələb edirlər.

 

Məsələ ilə bağlı Modern.az-a danışan «Zəfər» Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova belə şəkillərə rast gəldiyini və bundan kədərləndiyini bildirib.

 

Onun sözlərinə görə, bəzi şəhid dəfnlərində çəkilmiş şəkillərdə İcra hakimiyyəti rəsmilərinin sanki etinasız yanaşdığını görmək olur:

 

 

“O şəkilləri qabaqlarına qoyub yaxşı-yaxşı baxsınlar. Orada icra başçısının bayraq təqdim edərkən görkəminə, bir də şəhid atasının həmin bayrağı alarkən görkəminə baxsınlar. Məmurla, şəhid valideyni olan vətəndaş arasındakı bütün fərq orada aydın görünür. Bayrağı təqdim edərkən şəhidin acılı atasının baxışını və ona kənardan yad baxışı aydın sezmək olur. Bu belə olmalı deyil. Bizim içimiz, canımız onlarla bir yanmalıdır. O şəhid tək o atanın şəhidi yox, bu ölkədə yaşayan böyükdən tutmuş kiçiyə qədər hər kəsin şəhididir”.

 

S.Orucova bu gün Azərbaycanın tarixinin ən acılı günlərinin yaşandığını xatırladıb:

 

“Bizim hələ də şəhidlərimiz var. Özü də gənc şəhidlərimiz var. Onların da yaşamaq hüquqları var idi. Ancaq Ermənistanın törətdiyi təxribatın qarşısını alarkən, bizə görə şəhid oldular. Biz onların ailəsini bağrımıza basmalı, acılarına həmdəm olmalıyıq. Bütün bu  hadisələrlə bağlı mən özüm sosial şəbəkə hesabımda paylaşım edirəm. Sağ olsun, vətəndaşlar da qoşulurlar. Müraciətləri yayırlar. Mən bütün çıxışlarımda bunu deyirəm ki, ən böyük bəla inamsızlıqdır. Vətəndaş məmuruna inanmır. Buna  şəraiti isə məmur özü yaradır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Türkiyədə həyəcanlı dəqiqələr- Ərdoğandan tarixi gediş