
Kənd təsərrüfatı naziri İsmət Abasov bu gün - aprelin 5-də Salyan şəhərində Salyan, Sabirabad, Hacıqabul, Saatlı, Biləsuvar, Neftçala və Cəbrayıl rayonlarının sakinləri üçün qəbul günü keçirib.
Modern.az-ın məlumatına görə, vətəndaşların problemləri ilə maraqlanan nazir müəyyən problemləri elə yerindəcə həll edib. O, nazirliyin müvafiq qurumlarına, xidmət rəislərinə məsələlərin həlli ilə bağlı tapşırıqlar verib. Müəyyən məsələlərin isə Bakıya qayıtdıqdan sonra müvafiq qurumlarla həll olunacağına söz verib. Rayonda vətəndaşlardan, fermerlərdən, sahibkarlardan aqrar sahənin inkişafı, mövcud sahənin inkişafı ilə bağlı ilə müəyyən təkliflər verilib. Əsasən subsidiyaların təkmilləşdirilməsi, regionlarda aqrokimya laboratoriyalarının müasirləşdirilməsi, tədarük məntəqələrinin yaradılması barədə təkliflər irəli sürülüb. Drenaj kollektiv şəbəkələrinin tikilməsi, tədarük məntəqələrinin yaradılması fermerlərin ən çox şikayətləndiyi məsələlər olub. Sabirabad fermerləri texnika ilə təminat məsələsindən gileyləniblər.
Nazirlə görüşdə fermerlərin ortaq problemləri dinlənilib. Sonda fermerlərin təklifləri ümumiləşdirilərək müvafiq təşkilatlar qarşısında vəsatət qaldırılması qərara alınıb. Görüşdən sonra nazir kənd təsərrüfatı məhsullarının satışı bazarına da baş çəkib, qiymətlərlə maraqlanıb.
Gültəkin Ələsgər