Mübariz Azərbaycanlı,
müstəqil jurnalist
Ermənistan yanından keçən xoşbəxtliyi görməyib, okeanın o tayından gələn Nensi nənənin tumanının ətəyində xoşbəxtlik axtarması, bu ölkə “başbilənlərinin” həqiqətən də kor olduğunu göstərir.
Əvvəlcə ondan başlayaq ki, İrəvan Azərbaycana qarşı törətdiyi son hərbi təxribatı ilə bir güllə ilə nəinki iki, hətta daha çox “dovşan” vuracağını zənn etsə də bu, alınmadı. Əksinə, törətdiyi təxribatı öz hay-həşiri ilə elə özü təsdiqləmiş oldu.
Diqqət edin, təxribat baş verən kimi Paşinyan adətinə uyğun olaraq telefon dəstəyini qucaqlayıb operativ şəkildə gecə ilə “vay bizi qırdılar” - deyib Putinə, Makrona və digər ölkə liderlərinə, həmçinin bəzi təşkilat rəhbərlərinə zəng etməsi bunun açıq sübutudur. İrəvanın bu oyununda ABŞ Dövlət Departamentindən - Ned Praysın açıq şəkildə Azərbaycanın Ermənistan ərazisinə, o cümlədən mülki obyektlərə zərbə endirdiyinin “güclü müşahidə olunduğunu” bildirməsi, Blinkenin “atəşkəs” çağırışının rəsmi Bakıya etməsi, Makronun təcili olaraq BMT TŞ-nin iclasını çağırması, KTMT-nin toplanması və digər ölkələrdən növbətçi “narahatlıq” çağırışları onu təsdiq edir ki, İrəvan bu təxribatı törətməzdən öncə hər şeyi öz arşını ilə ölçüb-biçmişdi.
Ancaq İrəvanının son təxribatda yardım üçün üstünlüyü daha çox ABŞ-a verməsi, eləcə də təxribatdan bir neçə gün öncə bu ölkənin müdafiə nazirinin ABŞ-a işgüzar səfəri çox sirrin üstünü açdı. İlk növbədə o bəlli oldu ki, ermənilərin Rusiyanın Ukrayna ilə müharibəsi fonunda Ermənistana hansısa bir yardım edəcəyinə inamları artıq yoxdur. Bundan əlavə, rəsmi İrəvan onu Cənubi Qafqazda yoxdan var edən Rusiyanın çöküşünü hiss etdiyindən öz ağasından qaçıb özünə başqa, daha pullu ağa tapmaq arzusundadır. Onlar belə fürsətin yarandığını zənn etdiklərindən öz “yağlı tikələrinin” okeanın o tayından göndəriləcəyinə ümid edirlər. Sözsüz ki, bu “yağlı tikənin” qarşılıqlı iştaha bağlı olması da açıq-aşkar göz önündədir.
Bildiyimiz kimi, hazırda ABŞ Ukraynadan başqa necə olursa olsun Rusiyaya qarşı “ikinci cəbhənin” açılmasını çox istəyir. O, burada ən yaxşı variant kimi Ermənistandan alət və ya döyüş meydanı kimi istifadəyə üstünlük verir. ABŞ-a görə Cənubi Qafqazı Rusiyanın əlindən almaq üçün ən yaxşı variant Rusiyanı Türkiyə və Azərbaycanla müharibəyə salmaqdır. Bu, həm də ABŞ-ın Türkiyənin hazırki inkişafını zəiflətmək istəyindən irəli gəlir.
Ermənistan “başbilənləri” isə ABŞ-ın bu “havasına” oynayaraq axmaqlıqla zənn edirlər ki, onları Cənubi Qafqaza gətirib başlarına papaq qoyub “kişi” edən Rusiya, eləcə də onlara illərdir “nəfəs” verən İran “Əmrikənin” bölgəyə gələrək və Ermənistan ərazisində hərbi mövcudluğuna biganə qalacaqlar.
Doğrudur, burada Türkiyə NATO-da ABŞ-la nə qədər müttəfiq olsa da, onun hazırda Yunanstana, həmçinin PKK-ya dəstəyində hansı təhdiddolu siyasi oyun oynadığının fərqindədir. Bu üzdən Türkiyə Rusiya ilə əlverişli iqtisadi-siyasi sabitliyini nəzərə alaraq hər hansısa səbəbdən münaqişəyə getməkdə maraqlı deyil. Bu mənada heç Ankara da Azərbaycanla Türkiyə, eləcə də digər Türk dövlətlərini birləşdirəcək Zəngəzur dəhlizinin keçəcəyi Ermənistan ərazisində ABŞ-ın yer almasına razı olmayacaq.
Əlbəttə, ABŞ-ın belə bir geosiyasi gediş etməsində məqsədi təkcə Rusiyanı, sonra İranı və Türkiyəni parçalamaqla bitmir. ABŞ burada həm də Zəngəzur dəhlizinin açılmasının konkret olaraq qarşısını almağa çalışır ki, Çin adlı nəhəng bir dövlətin iqtisadiyyatının daha da inkişaf etməsinin qarşısını alsın.
İndi İrəvanda səfərdə olan ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin “Ermənistanın demokratiyası, suverenliyi və ərazi bütövlüyü bizim üçün çox önəmlidir. Biz öz əməli yardımımızı göstərmək üçün buradayıq, seçim Ermənistanındır. Biz öz istəyimizi ifadə etmək üçün buradayıq”, deməsi birbaşa olaraq rəsmi İrəvana Moskvadan ayrılmağa açıq çağırışdır.
Yəqin ki, bu sözlərdən sonra Moskva İrəvanın göz yaşlarına inanmayacaq və Nensi nənənin Ermənistana gətirdiyi bu kumi “şirin noğullar” haylar üçün tezliklə zəhərə dönəcək.
Əslində Nensi nənə bir şeyi bilməlidir ki, Azərbaycan Ermənistana qarşı atdığı hər addımında BMT-nin qəbul olunmuş nizamnaməsinin 51-ci maddəsini əsas tutaraq öz ərazi bütövlüyünü müdafiə etmək hüququnu icra edib və bundan sonra da edəcək. Məgər 11 sentyabr hadisəsindən sonra “Əl-Qaidə” təşkilatını və “Taliban” rejimini Amerikaya hücumda təqsirləndirən Vaşinqton BMT-nin bu maddəsini əsas götürərək özü də BMT TŞ-nın heç bir sanksiyasını gözləmədən 2001-ci ildə Əfqanıstana qarşı müharibəyə başlamadımı?!
Əslində Nensi Pelosinin İrəvana gəlişi ABŞ-da demokratlarla respublikaçılar arasında ilin sonunda ABŞ parlamentində keçiriləcək aralıq seçkilərlə bağlıdır. Məqsəd isə həmişə olduğu kimi, ermənilərin “batmış” səsləridir və bu təbii ki, siyasətdir.
Ancaq bu arada, konqresvumen-demokrat Eliss Slotkin bildirib ki, ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ABŞ parlamentində keçiriləcək aralıq seçkilərdə Demokrat Partiyasının nəticələrindən asılı olmayaraq vəzifəsini tərk etməlidir. Odur ki, Nensi nənəyə sözün hər bir mənasında yaxşı yol...
Ermənistan “başbilənləri” isə birdəfəlik qanmalıdırlar ki, onlara nağıl danışan nənələrə və babalara qulaq asmasınlar. Çünki nağıllardan sonra hələ indiyədək göydən alma düşdüyünü görən olmayıb. Onlar alma, armud, hətta heyva yemək istəyirlərsə, adam olub üzlərini Zəngəzur dəhlizinə tərəf tutsunlar...