(həftənin subyektiv icmalı)
Bu həftədən etibarən ölkədə baş verən hadisələrin yekununu Modern.az saytının yeni “Həftəsonu” rubrikasında izləmək imkanınız olacaq.
5 günlük iş həftəsindən sonra 2 günlük istirahət pis deyil. Yazın xoş ətri, günəşin qızdırıcı şəfəqləri soyuq qış havasından yorulan vücudumuzu əməlli-başlı isitməyə başlayıb. Dostlar, aprel ayının ilk bazar həftəsində sizə xoş istirahətlər arzulayıram.
Keçək mətləbə. Bu həftə də gərgin iş həftəsi kimi yadda qaldı. “El” hərəkatının sözbəyaxa mübarizəsi, Müsavat başqanının Türkiyədə fasiləsiz olaraq mühüm görüşlərə qatılması, Milli Məclisdə qəbul edilən yeni qanun layihəsi, Gülər Əhmədovanın həbsxana divarları arasında hərarətli şeirlər yazması və Kəlbəcərin işğal tarixi günündə ətrafa yayılan musiqi atəşi.
“Özünüzü tanıyın, özünüzü tanıyandan sonra hər şey asan olacaq, türklüyünüzü dərk edin, böyük mücadilələrə hazırlaşın”-türk dünyasının Başbuğu kimi tanınan Alparslan Türkeşdən gətirdiyim bu sitatla nə demək istədiyimi yazının sonunda biləcəksiniz.
“El”in 17 anı
Həftənin ilk xəbər bombasını “El” hərəkatı atdı. Bir müddət öncə ofisindən çıxarılan “El” hərəkatı yeni ofis axtarışında idi. Amma aparılan axtarış tədbirləri nəticəsiz qalmadı. Aprelin 1-də RATİ-də mətbuat konfransı keçirən “El” hərəkatının lideri Eldar Namazov ofis məsələsinin həll olunduğunu vurğuladı. “El”in 17 günlük fəaliyyətindən sonra, yeni ofisdə də fəaliyyət xidməti uzun sürmədi. “El” hərəkatının mərkəzi qərargahında siyasət şöbəsi, mətbuat xidməti, sosial şəbəkələr şöbəsi və bir neçə şöbələr də fəaliyyət göstərəcəkdi, “El” rəhbərinin dediyinə görə. Amma alınmadı. Yeni ofisə edilən hücumdan sonra, hələlik “El” hərəkatı ofissizdir.
İsa Qəmbər Türkiyəyə səfər etdi
Həftənin müxalifət düşərgəsindən gələn ilk xəbər bloku Müsavat başqanı İsa Qəmbərin Türkiyəyə səfər etməsi ilə yadda qaldı. Başqan ilk olaraq, Böyük Birlik Partiyasının (BBP) başqanı Muhsin Yazıçıoğlunun anım törəninə qatılaraq, Muhsin Yazıçıoğlu ilə bağlı xatirələrini də bölüşdü. Yeri gəlmişkən, tədbirdə azərbaycanlı millət vəkili Qənirə Paşayeva da iştirak edirdi. Müsavat başqanı çıxış edərkən bütün türk dünyasının böyük problemlər içində olduğunu qeyd edərək, diqqəti Kərkük, Kipr və Qarabağ kimi problemlərə yönəltməklə, nicat yolunu birlikdə axtarmaq lazım olduğunu vurğuladı.
“Türk dövlətlərini təmsil edən liderlər bir araya gələrək ortaq qərar qəbul edib əməli iş görməlidirlər. Kərkük, Kipr, Qarabağ kimi problemlərimiz masa arxasında həll olunmalıdır”. Əlbəttə, İsa bəy, münaqişənin masa arxasında sülh yolu ilə həll olunmasına çalışır. 20 ildən artıqdır ki, düşmən tapdağı altında viran qalan torpaqlarımız, bizsizlikdən mələşir. Neyləyək ki, sapı özümüzdən olan baltalar milçək kimi bir şey olmasalar da ürək bulandırmaqda sərrastdırlar. İsa bəy, öncə içimizdə yetişməyə meylli olan şeytanları, elə içimizdə, masa arxasında boğmalıyıq. Məncə, Qarabağın qurtuluş yollarından biri də budur. İçimizdəki şeytanları parçalamaq.
Gülər Əhmədovanın Hitlerdən öyrəndiyi dərs
Bir vaxt vardı bəşəriyyətə meydan oxuyurdu. İçində dünyaya hərislik ehtirası o dərəcədə yüksək idi ki dünyanın bölüşdürülməsi uğrunda apardığı mübarizə milyonların qətlinə səbəb olmuşdu. Söhbət qaniçən Hitlerdən gedir. Sən demə, bu əzazil insanın daxilində kövrək məqamlar da varmış. Həbsxana divarları arasında “ Mayn Kamf” (“Mənim mübarizəm) adlı kitab da yazıb. Əslində Hitleri elə-belə xatırlamadım. Bu həftə sabiq deputat Gülər Əhmədovanın dəmir barmaqlıqlar arasında qələmə alaraq vətənpərvərlik ruhunda şeirlər yazması xəbəri mətbuata poetik abı-hava qatdı. Əstəğfrullah, Gülər xanım, siz Hitler kimi qaniçən deyilsiniz. Sadəcə olaraq, siyasi liderlərin məhbus həyatında hansısa oxşar detallar özünü göstərir. Daxildə yüksələn hərarətin alovunu misralarla, sözlərlə söndürmək azadlığa açılan qapının təməl daşıdır. Yazın, Gülər xanım, yazın. İnsan yazarkən Allaha daha yaxın olur. Bəlkə, zaman yetişər sözləri sizə məxsus olan “Bayrağım” mahnısını elə Mətanət İsgəndərli də oxuyar. Kim bilir, bəlkə də. Bu arada Əhmədovlar ailəsindən gələn növbəti yazmaq xəbəri ildırım sürətilə mətbuatda yayıldı. Qısası, Gülər Əhmədovanın oğlu Toğrul Əhmədov da şeir yazan anasından ilham alaraq yazdı. O şeir yazmadı. “Facebook” sosial şəbəkəsində status yazdı: “Nə qədər problemlər olsa da həyatımdan narazı deyiləm. Həyatım çox maraqlıdır”. Həmçinin, Toğrul Əhmədov statusda sevdiyi qıza da mesaj yazmağı unutmadı: “Sevdiyin qızdan kiçik bir zərbə aldıqda bunu heç zərbə adlandırmaq olmaz. Məsələn, zəng etməyim vəssalam”. Toğrul bala, səni çox yaxşı başa düşürəm. Yeganə hissdir ki sevgi çadırı qurulan yerdə məntiq axtarmağa lüzum qalmır.
Kəlbəcərin işğal tarixi günündə əlinə xına yaxanlar
Bu həftə həmçinin Kəlbəcərin işğal olunmasından 20 il keçdi. Kəlbəcəri Kəlbəcərsiz yad etdik. Amma yayılan bir xəbər kəlbəcərliləri məyus etdi. Sosial şəbəkələrdə və xəbər saytlarında yayılan məlumata görə, Xaçmaz rayon İcra Hakimiyyəti Kəlbəcərin işğal tarixi günü – aprel ayının 2-də konsert proqramı keçirib. Konsert rayonun Azərbaycanın “ Əfsanələr paytaxtı” elan edilməsi münasibətilə keçirilibmiş. Xaçmaz rayon İcra Hakimiyyətindən gələn cavab isə belə oldu: “Bu bizə qarşı təxribatdır”. Maraqlıdır, xaçmazlılarla kimin nə işi ola bilər?!
Namidə Bingöl