Modern.az

Ədalət Partiyası qurultay qərarı verdi - İlyas İsmayılov prezidentliyə namizəd olacaq?

Ədalət Partiyası qurultay qərarı verdi - İlyas İsmayılov prezidentliyə namizəd olacaq?

Təhsil

6 Aprel 2013, 17:20

Bu gün Ədalət Partiyası Ali Məclisinin növbəti iclası keçirilib.  Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, qurumun mərkəzi qərargahında keçirilən və Ali Məclisin sədri Fikrət Hüseynovun apardığı iclasda əvvəlcə təşkilati məsələlərə baxılıb. Partiya sədrinin təqdimatına uyğun olaraq Ali Məclis Rusvat Bayramovu Mətbuat və informasiya, Ayaz Əfəndiyevi Təşkilati, Heydər Həşimovu (Heydər Oğuz) İdeoloji məsələlər üzrə sədr müavini vəzifələrinə təsdiq edib. Bundan başqa, Mütəllim Rəhimli Təşkilati məsələlər üzrə sədr müavini vəzifəsindən azad edilərək, partiyanın Aparat rəhbəri təsdiq olunub.

Respublikadakı ictimai-siyasi, sosial-iqtisadi vəziyyət və partiyanın qarşısında duran vəzifələrlə bağlı sədr müavini Əlikamal Həsənzadənin geniş məlumatı dinlənilib. Məruzə ətrafındakı müzakirələrdə partiyanın Naxçıvan, Sumqayıt, Lənkəran, Salyan, Astara, Qazax və Bakının Xətai, Qaradağ rayon təşkilatlarının rəhbərləri və fəalları çıxış ediblər. Həm məruzəçi, həm də çıxış edənlər ölkədəki ictimai-siyasi, sosial-iqtisadi vəziyyətin,  iqtidar təmsilçilərinin iddia etdikləri və statistik məlumatlarda göstərildiyi kimi, heç də ürəkaçan olmadığını bildiriblər. Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların heç bir səmərə verməməsi, ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərin və beynəlxalq təşkilatların məsələyə ikili standartlarla yanaşmaları,  iqtidar-müxalifət münasibətlərindəki gərginlik, müxalifətin öz daxilindəki qeyri-müəyyənlik, ölkədə korrupsiyanın tüğyan etməsi, məmur özbaşınalığının bütün əndazələri aşması, haqq-ədalətin az qala hər addımda tapdanması, insan hüquq və azadlıqlarının boğulması, ictimai fikrə zərrə qədər də əhəmiyyət verilməməsi, mənəvi aşınmanın kütləvi hal alması, iqtisadi sahədəki inhisarçılıq, iqtisadiyyatın birbaşa neftdən asılı vəziyyətə salınması, təhsil və səhiyyə sahəsindəki biabırçılıqlar, regionlarlarla mərkəzi idarəetmə strukturları arasındakı əlaqələrin qırılması və s. məsələlər xüsusilə diqqət mərkəzində olub. Natiqlər ölkə həyatının bütün sahələrindəki problemlərin həlli ilə bağlı öz arzu və tövsiyələrini bildirərək partiyanın daha radikal siyasi xəttə üstünlük verməsini təklif ediblər.   

Partiyanın sədri, Milli Məclisin üzvü İlyas İsmayılov iclasda çıxış edib və müzakirələrə yekun vurub. O, qaldırılan bütün məsələlərə münasibət bildirərək əqidə yoldaşlarını radikallıqdan və avantürizmdən uzaq olmağa, partiyanın qarşısına qoyduğu hədəflərə çatması üçün əxlaq və qanunlar çərçivəsində mübarizə aparmağa çağırıb.

İ.İsmayılov partiya üzvlərinin çoxsaylı suallarını da cavablandırıb.

Sonda Ali Məclis partiyanın növbəti qurultayının  bu il iyunun 8-də keçirilməsi barədə qərar qəbul edib və ona hazırlıqla bağlı İlyas İsmayılovun sədrliyi ilə Təşkilat Komitəsi yaradıb.

Böyük ehtimalla, qurultayda Ədalət Partiyasının qarşıdakı prezident seçkilərində iştirakı ilə bağlı məsələyə baxılacaq. Partiyanın sədri, Milli Məclisin deputatı İlyas İsmayılovun öz namizədliyini irəli sürüb-sürməyəcəyi də məhz onda bilinəcək.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu