Gürcüstanın “Bank of Georgia” bankının Kutaisidəki filialına basqın edən şəxsin şərtlərini yerinə yetirmək üçün verdiyi vaxt yekunlaşır.
Modern.az “Sputnik”ə istinadən xəbər verir ki, Tbilisi vaxtı ilə saat 11:30-da "Bank of Georgia"nın filialına daxil olan quldur 12 nəfərdən ibarət müştəri və bank işçilərini girov götürüb.
Hazırda müştərilərin və bank əməkdaşlarının girov saxlanıldığı “Bank of Georgia”nın Kutaisi filialında vəziyyət gərginləşib.
Silahlı şəxs 12 nəfərdən 2-si yaşlı olduğu üçün onları sərbəst buraxıb.
Sosial şəbəkələrdə canlı yayıma çıxan girovların sözlərinə görə, hazırda quldur aqressivləşib. Girovlardan biri bank binasına yaxınlaşan təhlükəsizlik qüvvələrinə pəncərədən qışqırıb:
“Çıxın buradan, sizi görəndə bizimlə pis davranır”.
Polis girovlar vasitəsilə silahlı şəxslə danışıqları davam etdirir. Təcavüzkar özü pəncərəyə və ya qapıya getməkdən imtina edir, pəncərəsiz otaqda qalır.
Qeyd edək ki, soyğunçu 2 milyon dollar, helikopter, tilov və Rusiya bayrağı tələb edir.