…Düz bir əsrdən artıq vaxt keçib. Əslində böyük zaman kəsiyidir. Bu zaman kəsiyində yaddaşda ən çox o qaldı, ən çox o xatırlandı. Bu gün 107 yaşlı “Molla Nəsrəddin” qohumumuz. Əslində əsl yazarların, sözə səcdə edib, sözdən Allah yaradanların, sözü namusu –qeyrəti qədər dəyərləndirənlərin doğma qohumudur. Bütün doğru söz deyənləri hər zaman daş-qalaq etdilər, zindanlara atdılar. Bu hər zaman belə oldu. Təzə xəbər deyil ki… Doğru Sözü yaşatmaqçün, onu sevənləri, onu gözləyənləri sevindirmək üçün, qəlblərindəki ağrılı tikanları çıxartmaqçün hər zaman görüşlərinə gəldi. 1906-1918-ci illərdə Tiflisdə 340 nömrəsi, 1922-1931-ci illərdə Bakıda 400, 1921-ci ildə Təbrizdə 8 nömrəsi çap olundu. Tez-tez yerini dəyişməyi, diyarbədiyar gəzməyinin də səbəbi təqiblər və maaliyyə çatışmazlığı idi. Amma poçt rabitəsinin, ölkələr arasında əlaqələrin belə uzaq və çətin olmasına baxmayaraq külək kimi, təmiz hava kimi yayaılırdı: Türküstana, İran, Türkiyə, Misir, Hindistan, Mərakeşə…
Əlahəzrət SÖZ-ü, doğru sözü sevənlərə çatırdı. Cəlil Məmmdəquluzadə, Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz və başqa şair, yazıçı və jurnalistlər, o cümlədən, Oskar Şimmerlinq, Rotter, Əzim Əzimzadə kimi rəssamlar cəmiyyətin eybəcərliklərini gördükləri kimi nəql edirdilər.
…O zaman “Molla Nəsrəddin” dəbdə idi?! Xeyr!!! Əsla. O vaxt zamanın tələbindən yaranmışdı. Azərbaycan ziyalıları, Azərbaycanın mütəfəkkirləri və işıqları öz işıqlarından həmvətənlərinə paylamaq istəyirdilər. İstəyirdilər ki, Vətən övladı hürr olsun, azad olsun, “Əcnəbi göydə palanlar gəzir, Biz hələ avtomobil minməyiriz”-deyib, onların da buna haqqı olduqlarını çatdırırdı. Yazanda ki, “Çatladı Xanbacı qəmdən ürəyim…”, deyəndə ki, “Fəhlə özünü sən də bir insanmı sanırsan, Alçaq kişi insanlığı asanmı sanırsan?!”, “Millət necə tarac olur-olsun nə işim var, Düşmənlərə möhtac olur-olsun nə işim var”… bu məqamda mollalar, xanzadələr, xanlar, bəylər hirslənirdi. Kefli İsgəndər də dərdindən içib, düşürdü Danabaş kəndinin küçələrinə, elə hey deyirdi ki, ay millət bəsdirin ölülərinizi ərəbcə ağladınız… Xudayar bəy isə öz işindəydi, dul arvadların malına mülkünə sahib olurdu, yetim malı yeyirdi, kəndlilərin haqqını talayırdı… Hadisələr 19-cu əsrin sonu, 20-ci əsrin əvvəli vaqeə edirdi…
“Molla Nəsrəddin” jurnalını bu gün həmin ürəklə, həmin sevgiylə çap etsəydik orda bilirsiniz nə yazardım?! “Cəlil müəllim, o vaxtdan bu vaxta 1 əsrdən artıq keçməsinə baxmayaraq, heç nə dəyişməyib. Dəyişən paltarlarımızdır. Yenə qazilərə-hakimlərə rüşvət verib, istədiyimiz hökmü yazdırırıq, yenə hansısa oliqarxın qoçuları küçələrdə sürücüləri döyür, yenə işlədi işləmədi, fərqi yoxdur, insanlardan töycü yığılır… yenə şikayətlərə baxmırlar…, yenə Şəmkirdə bir molla əmələ gəlib, kəndin qızlarını özünə siğə elətdirib…”!!!
…Müsəlmanlar heç dəyişmir ki, yenə Amerika öz işindədir, yenə müsəlmanlara qarşı “xristian yürüşüdür”, yenə ermənilərin yalanına inanırlar… İran da ki, düşmənçiliyindən əl çəkmir, elə hey deyir ki, Azərbaycanda qadınlar çadra örtməlidir, ora qahmar çıxanlar da deyir ki, üzünü görmədiyimiz ərəblər üçün 40 gün yas saxlayıb, sinə döyməliyik, hələ bir Aşura gününü milli hüzn tarixi kimi təqvimə də yazmalıyıq… Bir sözlə cəmiyyətimiz virusla dolub, onu təmizləməyə sizin kimi sanitar lazımdır...
… Elə bu arada Səni sevib göz bəbəyi kimi qoruyan bir türk oğlundan başqa mətləbləri eşitdim. Sənin zamanında Türküstanda, bu gün isə qardaş Özbəkistan dövlətinin baş kəndi Daşkənddə yaşayan bir üləma ilə görüşdüm. Səndən danışdı. Atasından yadigar qalan Sənlə- “Molla Nəsrəddin” jurnalı ilə birlikdə görüşümə gəldi. Dərdləşdik, çox mətləblərdən danışdıq. Bizim “müasir səni söyənlərimizdən, döyənlərimizdən” fərqli olaraq, o Səni gözünün işiğı, insanlığın, qaranlığın, zülmətin içindən çıxan nur adlandırdı. Bu üləma-alim Daşkənddəki Əlişir Nəvai adına Ədəbiyyat müezeyində işləyir. Soruşdum ki, necə gəlib çıxırdı Özbəkistana bu jurnallar?!
Üləma Siracəddin Əhmədin dedikləri:
- İsmayıl bəy Qaspralı deyirdi ki, “İşdə birlik, sözdə birlik!”. “Molla Nəsrəddin” və onu yaradanlar bütün türk xalqının qarşısında olan ümumi vəzifələri anladırdı onlara. “Millət vəzifəsi” deyilən bir düşüncəni insanların ruhuna, qanına yeritmək istəyirdi. Çar Rusiyası, Sovet hökuməti bizi bölüb, Azərbaycan, qazax, türkmən, qırğız, özbək etdi. Milli türkçülüyümüzdən uzaqlaşdırmaq istədi. Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzə Fətəli Axundov, Əlimərdan bəy Topçubaşov isə Türkün birliyini istədi. Türkiyənin qloballaşmasını istədi. Biz bu gün məhəlli, daxılı qonşu maraqlarla deyil, birləşib böyük qlobal Türk dünyasını yaratmaq maraqları ilə yaşamalı, bu məqsədə nail olmalıyıq. Bu babalrımızdan qalan arzulardır. Deyirsiniz nə verdi Türküstana?! Türküstanda o zaman əvvəllər tacirlərin, sövdəgərlərin əli ilə gizli yolla gəlib bizə çatan “Molla Nəsrəddin” sonralar, artıq poçt rabitəsi ilə yayılmağa başladı. Qaranlıqdan işığa çıxmağa meylli olan insanlarımız, ziyalılarımız ona abunə oldular. Hər evə ən hörmətli qonaq kimi gəldi. Bundan sonra Özbəkistanda “Ayna”, “Müştüm” , “Əl islah”, “Xurşid” kimi dərgilər çıxmağa başladı. Türküstan elini bir işığa qərq etdi “Molla Nəsrəddin”, elə bir işığa ki, bu gün də o işığın aydınlığındayıq.
Bəhavəddin Nəqşibəndi deyirdi ki, “Səfər tərvətən”. Yəni, öyrənmək üçün Vətəndən səfərə çıx. Bu o zamanlar idi ki, Azərbaycan aydınları səfərə çıxıb doğma türk ellərinə gəlirdi, bu dostluğun rəmzi kimi, bizim Mahmud Xoca Behbudi, Münəvvər Qara Abdurəhmanov, Obidcan Mahmudov, Zəki Validi, kimi tərəqqipərvər ziyalılarımız da öyrənmək üçün o böyük ədiblərin ziyarətinə gedirdilər. “Molla Nəsrəddin” işığını Özbəkistana gətirmək üçün. Əziz azərbaycanlı qardaşlarımız, bilin ki, Cəlil Məmmədquluzadə və onun əqidədaşları təkcə Azərbaycan xalqına deyil, eyni zamanda Türküstan xalqına xidmət edib, onların gözündəki pərdəni açıb. Dünyaya yeni baxış öyrədib. Bu əlaqələri yenidən bərpa etməyə, onların Özbəkistanla əlaqələrin öyrənməyə yeni nəsil jurnalistləri, ədəbi tənqidçiləri və tarixçiləri cəlb etmək lazımdır.”
... Onunla ayrılanda fəxarət duyurdum. Fəxr duydum ki, indi əlində qələm tutub, hərdən bir-iki söz yazan mən də “Molla Nəsrəddin”çilərin əqidəsinin daşıyıcısıyam. Fikirləşdim ki, yaxşı ki, Siracəddin Əhməd əfəndinin xəbəri yoxdur ki, bu gün Azərbycan mətbuatında diriləri qoyub, ölüləri söyürlər. Kiməsə xoş gəlmək, gündəmi dəyişmək üçün dirilərə gücləri çatmır, ölüləri döyürlər. Unudurlar ki, ölən haqqında pis deməzlər, bacarıb, ancaq yaxşı demək lazımdır. Özü də ki, əgər pis iş görməyibsə, bu lap böyük günahdir. Baxmayaraq ki, bu gün Molla Nəsrəddinin səhifələrinə düşə biləcək, karikaturaları o səhifələrdə yerləşdiriləcək o qədər ........ var ki...
Aida Eyvazlı,
Azərbaycan Televiziya və Radio Verilişləri
QSC-nin Özbəkistan və Mərkəzi Asiya Respublikaları
üzrə xüsusi müxbir postunun rəhbəri