Modern.az

Tanınmış azərbaycanlıların diplomat övladları - SİYAHI - ARAŞDIRMA

Tanınmış azərbaycanlıların diplomat övladları - SİYAHI - ARAŞDIRMA

8 Aprel 2013, 09:26


Diplomatiya dedikdə əsasən beynəlxalq münasibətlərin iştirakçısı olan dövlət və qrupların səlahiyyətli nümayəndələri arasında danışıqların aparılması nəzərdə tutulur. Ən qədim zamanlardan diplomatiya işi imtiyazlı dairələrin, elitalarının əlində olub.

Diplomatik xidmət bütün zamanlarda prestijli dövlət qulluğu sayılıb. Fövqəladə və səlahiyyətli səfir, konsul, daimi nümayəndə kimi vəzifələrdə çalışan diplomatlar ölkə başçılarının, hökumətlərin və xarici əlaqələr üzrə dövlət orqanların xarici siyasətinin məqsəd və vəzifələrini həyata keçirmək və dövlətin hüquq və maraqlarını xaricdə müdafiə etməklə məşğul olublar.

Bu gün Azərbaycan Respublikasının 57 xarici ölkədə səfirliyi, 11 şəhərdə konsulluğu, Avropa Şurası, BMT, BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında, NATO və YUNESKO-da daimi nümayəndəliyi fəaliyyət göstərir. Müstəqil Azərbaycan Respublikasının beynəlxalq arenada apardığı xarici siyasətin həyata keçirilməsi diplomatların üzərinə böyük məsuliyyət qoyur. Onlar bu işi ölkəmizin maraqlarının təmin olunmasına istiqamətləndirməyə çalışmalıdırlar. Bunu bacarırlar ya yox, bu, başqa yazının mövzusudur.

Modern.az saytının bu yazısında isə biz məşhur azərbaycanlıların Azərbaycanın xaricdəki diplomatik korpuslarında çalışan diplomat övladlarından bəhs edəcəyik. Beləliklə:

Başlayaq Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Oqtay oğlu Şahbazovdan. Azərbaycan Dövlət Neft Akademiyasınınm məzunu olan səfir Pərviz Şahbazov 1991-ci ildən diplomatik xidmətə qəbul olunub.1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.
1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-ci ilin avqust ayından Azərbaycanın Almaniyadakı fövqaladə  və səlahiyyətli səfiridir.
Səfir Pərviz Şahbazov  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İşlər idarəsi müdirinin birinci müavini Oqtay Şahbazovun oğludur. O Oqtay Şahbazovun ki, hələ Azərbaycan Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəy prezident olanda prezidentin işlər müdiri işləyib. Hazırda da Azərbaycan Respublikası Prezidenti Administrasiyasında prezidentin işlər müdirinin birinci müavini postunda çalışır.
Səfir Pərviz Şahbazovun əmisi isə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəis müavini Emin Şahbazovdur.

Azərbaycanın Argentinadakı səfirliyinin 3-cu katibi Bəxtiyar Səxavət oğlu Məmmədovu da məşhur azərbaycanlının övladı kimi təqdim edə bilərik. Hələ kiçik yaşlarından Azərbaycan Televiziyasının efirindən öz istedadı, qabiliyyəti ilə hamını heyran qoymuş Bəxtiyar Səxavətoğlunu ilk vaxtlar hamı mərhum xanəndə Səxavət Məmmədovun oğlu kimi tanıyırdı. Amma balaca oğlanın efir məkanını ələ alması, öz isdedadını ortaya qoyması azyaşlı Bəxtiyarı tez bir zamanda məhşurlaşdırdı. Bəxtiyar öz səlis danışığı, aydın diksiyası, sərbəstliyi, hazırcavablığı ilə özündən xeyli böyük aparıcılara, diktorlara sanki nümunə olurdu... Hamı Bəxtiyarı aparıcı kimi tanıydı. Efir məkanından film meydancasınadək keçdiyi yol onun sonrakı həyatında da öz müsbət təsirini göstərdi. Amma sonralar o, fəaliyyətini diplomatiya sahəsində davam etdirməyə başladı.
Bəxtiyar əvvəlcə BDU-nun Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin beynəlxalq hüquq ixtisasına qəbul olub. 2005-ci ildə bu təhsil ocağının bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirərək, Böyük Britaniyadakı London Diplomatiya Akademiyasının (Vestminster Universiteti) magistraturasına qəbul olub. 2006-cı ildə Diplomatiya Elmləri Magistri dərəcəsini alaraq, vətənə dönüb. 2008-ci ildə BDU-da Beynəlxalq Hüquq ixtisası üzrə daha bir magistr diplomuna yiyələnib. Argentinadakı səfirlikdə 3-cü katib olaraq diplomatiya işində çalışır.
Bəxtiyarın əmisi də məşhur xanəndədir, söhbət Firuz Səxavətdən gedir.

Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri İsfəndiyar Vahabzadə məşhur şahir Bəxtiyar Vahabzadənin oğludur. O, eyni zamanda Azərbaycanın MDB-nin nizamnamə və digər orqanlarının nəzdində daimi səlahiyyətli nümayəndəsidir. İ.Vahabzadə 21 aprel 2011-ci il tarixindən Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Ondan öncə isə o, Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri postunu tutub. Dipolatiya sahəsinə təyinatdan öncə isə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin 3-cü katib Fuad Qafarov da tanınmış simanın övladıdır. Belə ki, onun atası Zavər Qafarov hazırda III dərəcəli dövlət ədliyyə müşaviri olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin beynəlxalq hüquq əməkdaşlığı idarəsinin rəisi vəzifəsində çalışır.

Bolqarıstandakı səfirliyimizin müşavir Nigar Əfəndiyeva məşhur yazıçı İlyas Əfəndiyevin nəvəsidir. Nigar xanımın atası Timuçin Əfəndiyev 1987-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektorudur. Diplomat xanımın əmisi Elçin Əfəndiyev isə uzun illərdir Baş nazirin müavini, eləcə də Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti - "Vətən" Cəmiyyətinin sədri vəzifələrində çalışır.

Azərbaycanın Çexiyadakı səfirliyinin 3-cu katib Araz İmanov da tanınmış azərbaycanlının oğludur. Onun atası eks-deputat, keçmiş siyasətçi Nazim İmanovdur. O Nazim İmanov ki, Azərbaycanda ilk qeydiyyatdan keçmiş siyasi partiya olan AMİP-in yaradıcılarındandır. O, həçminin müstəqil Azərbaycanın ilk parlamentinin (1995-2000-ci illər) də üzvü olub. Vaxtilə aktiv deputat fəaliyyəti ilə seçilən N.İmanovun Milli Məclisdə iqtisadi qanunların qəbul olunmasında mühüm rolu olub. Daha sonra AMİP-dən istefa verən N.İmanov 2005-ci ildə müstəqil namizəd kimi parlament seçkilərinə qatılsa da, deputat ola bilməyib. O vaxtdan etibarən N.İmanov aktiv siyasi fəaliyyətini dayandırıb.
Məlumatlara görə, N.İmanov hazırda Bakıda fəaliyyət göstərən böyük xarici şirkətlərdən birində çalışır. N.İmanov mətbuatla münasibətləri məhdudlaşdırıb...

Azərbaycanın Çindəki fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov eyni zamanda ölkəmizin Koreya Xalq Demokratik Respublikası, Vyetnam və Monqolustanda akkreditə olunmuş diplomatıdır. Lətif Qəndilovun atası Azərbaycanda tanınmış simalardan olub. Söhbər əməkdar elm xadimi, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının mərhum rektoru Seyfəddin Qəndilovdan gedir.
Lətif Qəndilov Çindən əvvəl Azərbaycanın Qazaxıstandakı səfirliyinə rəhbərlik edib.


Azərbaycan Respublikasının Strasburq şəhərində yerləşən Avropa Şurası yanında daimi nümayəndəsi, fovqəladə və səlahiyyətli səfir rütbəsi daşıyan Emin Eyyubov Azərbaycan Baş nazirinin 1-ci müavini Yqub Eyyubovun oğludur. Emin Eyyubov 2012-ci ilin sentyabında bu vəzifəyə təyin olunub. Ondan öncə isə Azərbaycan Respublikasının Belçika Krallığında, Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrində çalışıb.

Hazırda Azərbaycanın İndoneziya, Sinqapur, Fillipin və Timur Lestedəki fövqöladə və səlahiyyətli səfiri olan Tamerlan Qarayev də məşhur nəsildəndir. Tamerlan Qarayevin atası Yelmar Qarayev uzun illər Azərbaycanda prokurorluq sitemində çalışıb və ölkə miqyasında tanınan prokurorlardan biri olub. Diplomat, hüquqşünas Tamerlan Qayaev isə Azərbaycan Ali Soveti sədrinin keçmiş müavini, Azərbaycanın Çində və Hindistandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri vəzifələrində çalışıb.
yeri gəlmişkən, T.Qarayevin oğli da Xarici İşlər Nazirliyi sistemində çalışır.

Azərbaycanın Küveytdəki fövqəladə və səlayiyyətli səfiri Tural Rzayevin hansı məşhur azərbaycanlının oğlu olduğunu bəziləri bilir, çoxları isə bilmir. Tural Rzayev xalq yazıçısı, uzun illərdir Azərbaycan Yazıçılar Birliyinə sədrlik edən Anarın oğlu, mərhum şairlər Rəsul Rza və Nigar Rəfibəylinin nəvəsidir.
2010-cu ilin iyununda ölkə başçısının sərəncamı ilə Tural Rzayevə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib və O, Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Azərbaycanın Macarıstandakı səfirliyinin attaşesi Aysel İbrahimli də məşhur simanın qızıdır. O, xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimovun böyük qızıdır. Yeri gəlmişkən sənətkarın diplomat qızı elə həmkarı ilə ailə qurub. Yəni Aysel xanımın həyat yoldaşı da diplomatiya sahəsində çalışır. Cütlüyün 2011-ci ilin noyabrında olub və hazırda onların bir övladı var.

Ölkəmizin Meksikadakı fövqəladə və səlahiyyətli səfir İlqar Muxtarov məşhur aktrisa, xalq artisti, Bakı Bələdiyyə Teatrının direktoru Amalya Pənahovanın oğludur. Onun atası Yusif Muxtarov vaxtilə Azərbaycan radiosunun məşhur diktorlarından biri olub.
İlqar Muxtarov eyni zamanda Azərbaycanın Kosta Rika, Qvatemala, Kolumbiya, Panama və Peruda akkreditə olunmuş səfiridir. O, 14 aprel 2009-cu ildə prezident İlham Əliyevin sərəncamı ilə səfir təyin edilib. Həmin vaxt İ.Muxtarova Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsi verilib.
Qeyd edək ki, İlqar Muxtarov bu təyinatadək Azərbaycanın Meksikadakı səfirliyinin müvəqqəti işlər vəkili vəzifəsində işləyib.
2012-ci il iyulun 7-də prezident İlham Əliyev diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəncamla İlqar Muxtarov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Səfir İlqar Muxtraov  Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili və tarixi üzrə təhsil alıb. Daha sonra təhsilini Beynəlxlaq hüquq ixtisası üzrə davam etdirib. 1996-1998-ci illərdə Xarici İşlər Nazirliyinin Avropa, ABŞ və Kanada şöbələrində çalışıb. 1998-2005-ci illərdə Azərbaycanın Amerikadakı səfirliyində çalışıb. 2005-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində birinci katib vəzifəsində çalışıb. 2006-cı ilin iyun ayından Azərbaycan Xarici İşlər Nazirliyinin Amerika şöbəsinin müdiri olub. 2007-ci ildən Azərbaycanın Amerikadakı səfirliyinin  siyasi məsələlər şöbəsində çalışıb. 2007-2009-cu illərdə Azərbaycanın Amerikadakı səfirliyinin müvəqqəti işlər vəkili olub. 2009-cu ilin aprelindən Azərbaycanın Meksikadakı fövqaladə və səlahiyyətli səfiridir.

Azərbaycanın Rusiyadakı fövqəladə və salahiyyətli səfiri Polad Bülbüloğlunun yəqin ki əlavə təqdimata ehtiyacı yoxdur. O, Azərbaycan məşhur bəstəkarı və müğənnisi, Azərbaycanın sabiq mədəniyyət naziridir. Polad Bülbüloğlu 1989-cu ildәn 2006-cı ilədək Azərbaycanın mədəniyyət naziri postunda çalışıb. 2006-cı ildən isə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri kimi fəaliyyət göstərir. O, məşhur opera müğənnisi SSRİ xalq artisti Bülbülün (Murtuza Məmmədov) oğludur.

Rusiyadakı səfiliyimizdə daha bir məşhur azərbaycanlının övladı vəzifə tutur – səfirliyin müşaviri Nigar Axundova. Nigar xanım Azərbaycanın görkəmli ictimai, siyasi və dövlət xadimlərindən biri, akademik Vəli Axundovun qızıdır. O Vəli Axundovun ki 1959-1969-cu illərdə Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində çalışıb, Sovet Azərbaycanına rəhbərlik edib.

Modern.az-ın araşdırması nəticəsində məlum olub ki, hazırda Azərbaycanın Rusiyadakı səfirliyində attaşe vəzifəsində çalışan Ziya Sirinov da tanınmış şəxsin oğludur. Belə ki, o, Azərbaycanın sabiq Baş prokuroru İxtiyar Şirinovun oğludur.
İxtiyar Şirinov AXC hakimiyyəti dövründə dövlət müşaviri və baş prokuror vəzifəsində çalışıb. 1993-cü ilin iyun hadisələrində Gəncədə Surət Huseynovun dəstəsi tərəfindən həbs olunub. 11 ay sonra məhkəmə cinayət işini xətm edib və azadlığa buraxılıb.  İ.Şirinov hazırda siyasi arenada o qədər də aktiv olmayan Milli Konqres Partiyasına sədrlik edir.

Hazırda Azərbaycan Xarici İşlər Nazirliyində müşavir qismində çalışan Mətin Mirzəni də tanınmış azərbaycanlının diplomat oğlu kimi təqdim etsək, yəqin səhv etmərik. Mətin Mirzə mərhum aktyor, eks-deputat  Mikayıl Mirzənin oğludur.
Mətin müəllim 2000-ci illərin əvvələrindən başlayaraq XİN-in mətbuat əlaqələndiricisi olub. O, 2006-cı ildən Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən gedib. 2008-ci ildə Azərbaycanın İndoneziyadakı səfirliyində müşavir təyin olunub. 2011-ci ildə görəvini başa vurub Vətənə qayıdıb. Qeyd etdiyimiz kimi, hazırda nazirliyin müvafiq idarəsində müşavir qismində fəaliyyətini davam etdirir. Hazırda həm diplomatiya, həm də ədəbiyyatla məşğuldur.

Beləcə bu bizim tapıb üzə çıxartdığımız tanınmış azərbaycanlıların xarici siyasət sahəsində çalışan diplomat övladları idi. Ola bilsin bu sahədə daha kimlərsə də var və onların təqdimatı diqqətimizdən yayınıb...

Əfqan Qafarlı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir