Modern.az

“Xaricdə yaşasaq da, dövlətimizi hər zaman yanımızda hiss edirik” - Xalq rəssamı

“Xaricdə yaşasaq da, dövlətimizi hər zaman yanımızda hiss edirik” - Xalq rəssamı

21 Sentyabr 2022, 18:12

“Azərbaycan diasporunun fəaliyyətini yüksək qiymətləndirmək lazımdır. Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımzla fəal şəkildə işlər həyata keçirir və biz bunun uğurlu nəticələrini görürük”

 

Bunu Modern.az-a açıqlamasında Almaniyada yaşayan Azərbaycanın Xalq rəssamı, YUNESKO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri Əşrəf Heybətov bildirib.  

 

“Bizim missiyamız xaricdə Azərbaycanı təbliğ etmək, erməni lobbisinin yalanlarının qarşısını almaqdır. Bunun öhdəsindən gələ bilirik. Erməni lobbisi xaricdə Azərbaycana qarşı nifrət nitqi ilə çıxış edir. Avropa bunu istəmir, biz onlara qarşı sadəcə öz mədəniyyətimizi nümayiş etdiririk”, - deyə məşhur rəssam Azərbaycan diasporunun fəaliyyətindən söz açaraq, görülən işləri dəstəklədiyini vurğulayıb.

 

Onun sözlərinə görə, bütün ölkələrdə Azərbaycan diasporu fəal işlər görür:  

 

“Bildiyimiz kimi, Almaniyada Azərbaycan məktəbi fəaliyyət göstərir. Eyni zamanda mədəniyyətimizi təbliğ etmək üçün bir sıra layihələr həyata keçirilir. Biz ölkəmizi təbliğ etməklə yanaşı, Ermənistanın törətdiyi cinayətləri, onların təxribat əməllərini yaşadığımız ölkədə cəmiyyətə çatdırmağa çalışırıq. Ötən gün biz Almaniyada dinc mitinq təşkil etmişdik. Yüz nəfərə yaxın soydaşımız Ermənistan səfirliyinin qarşısında yığışaraq sakit şəkildə öz etirazını bildirdi. Bu çətin vəzifədə türklər də bizə dəstək olur. Hər tədbirdə bizə yardımçı olurlar”.

 

Xalq rəssamı öz fəaliyyətilə Azərbaycanın haqq səsini dünya ölkələrinə çatdırdığını söyləyib:

 

"Mən hər zaman əsərlərimdə doğma Azərbaycanımı təbliğ etməyə çalışmışam. İncəsənət vasitəsilə vətənimi, dövlətimi təbliğ etmişəm. İndiyə qədər 32 ölkədə sərgilər keçirmişəm. Çalışıram ki, bütün ölkələrdə sərgilər açım. Sərgilərdə, həmçinin Azərbaycan musiqisini də təbliğ edirəm. Xaricilər bizim mahnılarımızı çox sevir. Bu, mənim üçün böyük şərəfdir. Mən həm də Almaniyada partiya üzvüyəm, onlar bizi yüksək qiymətləndirirlər. Əlbəttə, bizim fəaliyyətimizdə Diaspor Komitəsinin böyük rolu var. Komitə bizə hər zaman dəstək olur, hətta mənim əsərlərimin yayılmasına kömək edirlər. Biz ölkə xaricində yaşasaq da, dövlətimiz həmişə bizim yanımızdadır, bizi tək qoymurlar.

 

Eyni zamanda deyə bilərəm ki, xaricdə yaşayan Türk dövlətlərindən də dəstək var. Qazax, qırğız və türk qardaşlarımız erməni lobbisinə qarşı mübarizədə bizi tək qoymurlar. Bu da böyük türk diasporu deməkdir. Biz sadəcə bir olmalıyıq. Ermənilərdən fərqli olaraq, biz sivil mübarizə aparırıq. Onlar isə ancaq təxribat və cinayətlərə əl atırlar”.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir