
“AXCP may ayının sonlarında, iyun ayının əvvəllərində seçkidə iştirakla bağlı qərar verəcək. Partiyanın namizədi irəli sürüləndən sonra isə seçki qərargahı yaradılacaq”. Bu sözləri
Modern.az –a açıqlamasında AXCP sədrinin müavini Razi Nurullayev partiyanın seçkilərdə iştirakına dair perspektivini şərh edərkən bildirib. AXCP rəsmisi qeyd edib ki, hazırda isə hər hansı seçki qərargahının yaradılmasına əsas görmürlər.
“Bu məsələlər yəqin ki, əsas işlərimizi həyata keçirəndən sonra öz həllini tapacaq”-deyən Razi Nurullayevin sözlərinə görə, AXCP əsasən təşkilatlanma işlərinə üstünlük verir.
“Biz bununla bağlı mövqeyimizi açıq şəkildə bildirmişik. Seçki öncəsi vəziyyətin yaxşılaşdırılması ilə məşğuluq. Bununla yanaşı, paralel olaraq seçki hazırlıqları da aparırıq. Gördüyümüz işlər eyni zamanda seçki hazırlığı kimi də qiymətləndirilə bilər”. AXCP sədrinin müavini onu da əlavə edib ki, seçki qərargahının yaradılması ilə bağlı hələlik qəti bir fikir bildirmək tezdir.
“Cəmiyyətdə vahid namizədlə bağlı təşəbbüs var. Bütün bu məsələlər bir zaman öz həllini də tapa bilər. AXCP indiki məqamda vahid namizəd ortaya atmağı fikirləşmir. Amma seçkiyə hazırlıqlarımız davam edir”.
Müsavat başqanı İsa Qəmbərin seçki qərargahının yaradılması ilə bağlı danışan R.Nurullayev burada qeyri-adi heç nə görmədiklərini qeyd edib. “Müsavat Partiyasının seçki hazırlıqlarında təəccüblü bir məqam yoxdur. İstənilən halda biz Müsavat Partiyasının vahid namizədlə bağlı səy göstərməsinə və təşkilatlanmasına pis baxmırıq” -deyə o qeyd edib.
Xatırladaq ki, bir neçə gün öncə Müsavat Partiyasının başqanı İsa Qəmbərin rəsmən seçki qərargahı yaradılıb. Bu da Müsavatın 2013-cü il prezident seçkisində iştirakı ilə bağlı qərarlı və israrlı olduğunun göstəricisidir. Digər aparıcı müxalifət partiyası AXCP isə seçki barədə hələlik qəti və dəqiq mövqe sərgiləmir.
Aqşin Kərimov