Aprelin 7-də Vətəndaş və İnkişaf Partiyası (VİP) Məclisinin iclası keçirilib. İclasda VİP-in qarşıdan gələn prezident seçkilərində iştirakı və partiyanın yeni rəmzlərinin təsdiqlənməsi məsələləri müzakirə olunub. İclasda VİP Siyasi Şurasının üzvü Bilur Hümbətov builki prezident seçkilərini bütövlükdə ölkə və VİP üçün müstəsna əhəmiyyətli siyasi kampaniya kimi dəyərləndirib. Daha sonra VİP Siyasi Şurasının 3 aprel tarixli iclasında partiyanın prezident seçkilərində iştirak etməsinin zəruriliyi haqqında qərarını Məclisin diqqətinə çatdıran natiq bu qərarı şərtləndirən amillərə toxunub.
VİP-in 2010-cu il parlament seçkilərindən sonra əsas müxalifət qüvvələrinin bir araya gəlməsi istiqamətində davamlı təşəbbüslərinə qarşılıq verilmədiyini təəssüflə qeyd edən B.Hümbətov belə bir şəraitdə VİP-in prezident seçkilərində öz namizədi ilə iştirakının aktuallaşdığını bildirib. Bu məsələ ətrafında çıxış edən VİP Məclisinin üzvləri VİP-in prezident seçkilərində öz namizədi ilə iştirak etməsi təşəbbüsünü dəstəkləyiblər. Çıxışlardan sonra təklif səsə qoyulub və səsvermənin nəticələrinə əsasən, partiyanın prezident seçkilərində iştirakı, eyni zamanda, VİP sədri Əli Əliyevin 2013-cü il prezident seçkilərində namizədliyinin irəli sürülməsinə dair qərar yekdilliklə qəbul olunub.
Səsvermədən sonra çıxış edən VİP sədri Ə.Əliyev öncə göstərdikləri etimada görə Məclis üzvlərinə minnətdarlığını bildirib. Partiyanın və özünün prezident seçkilərində iştirak qərarını hakimiyyətin mövcud durumu, müxalifətdaxili gəlişmələr və beynəlxalq şəraitin doğurduğu səbəblər aspektindən əsaslandıran Ə.Əliyev qeyd olunan aspektlərin hər birini ayrılıqda ətraflı dəyərləndirib. S
on iki il ərzində Azərbaycanın aid olduğu coğrafi-siyasi məkanda baş verən ciddi dəyişiklikləri xatırladan VİP sədri yaxın regionda cərəyan edən məlum prosesləri dünya üçün müəyyənləşdirilmiş yeni düzən çalışmalarının tərkib hissəsi olduğunu qeyd edib. Ə.Əliyev demokratiya, insan hüquqları, siyasi və iqtisadi fəaliyyət azadlığının ciddi şəkildə məhdudlaşdırıldığı Azərbaycanın da qlobal layihə hesab olunan böyük dəyişikliklər dalğasından kənarda qalmasının mümkün olmayacağını qeyd edib.
Çıxışını hakimiyyətin bütün sahələr üzrə yarıtmaz siyasətinin tənqidi üzərində davam etdirən VİP sədri hakim komandanın siyasi və iqtisadi fəaliyyətini, xarici siyasət kursunu ətraflı təhlil edib. Ə.Əliyev dövlətin və millətin maraqları baxımından, Azərbaycana inqilabın deyil, inqilabi təkamülün lazım olduğunu vurğulayıb. VİP sədri ölkədə dəyişikliklərin ağrısız baş verməsi üçün hakimiyyətin ondan asılı olan zəruri addımları atmasının vacibliyini bildirib. Prezident seçkiləri ərəfəsində müxalifət düşərgəsində yaranmış vəziyyətin ötən seçkilər dönəmində müşahidə olunan arzuedilməz durumdan fərqlənmədiyini deyən Ə.Əliyev bunu təəssüf doğuran hal kimi qiymətləndirib.
VİP sədri bəzi siyasi qüvvələrin öz korporativ maraqlarından çıxış edərək, müxalifətin bir araya gəlməsinə imkan vermədiyini, bununla da müxalifətin seçkidə uğur qazanmaq şansını məqsədyönlü şəkildə zəiflətdiklərini söyləyib.
Ə.Əliyev VİP olaraq, müxalifətin əsaslı surətdə təşkilatlanaraq, qarşıdan gələn prezident seçkilərində vahid güc və namizədlə çıxış etməsini ən optimal variant kimi gördüklərini deyib. VİP Məclisinin iclasında partiyanın yeni təsvirdə hazırlanmış loqotipi və bayrağı da təqdim olunub. Məclis üzvlərinin yeni atributlarla bağlı çıxışından sonra VİP-in yeni loqotipi və bayrağı təsdiqlənib.


Modern.az