Azərbaycanda ilk dəfə olaraq həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə imtahan ayın 11-də başa çatacaq. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin Modern.az-a verdiyi məlumata görə, imtahanların sonuncu mərhələsi müsahibə formasında olacaq:
“Müsahibəyə 80 nəfər qatılacağından onların hamısı ilə bir gündə müsahibə etmək mümkün deyil. Ona görə də imtahan verənlər qrupları bir neçə günə bölüblər. Sonuncu qrup isə ayın 11-də imtahan verəcək. İmtahanın sonuncu mərhələsi isə yaxın günlərdə başlayacaq”.
Qeyd edək ki, bu ildən etibarən “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Səhiyyə Nazirliyi Kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına əsasən Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.
Gültəkin Ələsgər