Modern.az

“Nardarandakı problem hökumətlə müzakirə olunacaq”

 “Nardarandakı problem hökumətlə müzakirə olunacaq”

8 Aprel 2013, 20:01

“Nardarandakı aksiyalarda iştirak edənlər başqa yerlərdən gələn insanlar idi. Aksiyada heç 30 faiz nardaranlı olmayıb”.

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin 28 saylı Sabunçu III seçki dairəsindən seçilən deputatı Eldar Quliyev bildirib.

Hazırda Nardaranda heç bir problemin olmadığını deyən millət vəkili kənd ağsaqqalları ilə görüşərək problemi həll etdiklərini bildirib. 

“Onlar mənim seçicilərimdir. Biz mütəmadi olaraq görüşürük. Dünən də mən nardaranlılarla  görüşmüşdüm. Bildiyimiz kimi, onlar yenidən aksiya keçirməli idilər, onu saxladılar. Bundan öncəki aksiyaya Bakı şəhərinin digər qəsəbələrindən, ayrı-ayır regionlardan xeyli sayda insanlar qoşulmuşdu. Aksiya Nardaranda keçirilsə də, demək olar ki, etiraz edənlərin böyük hissəsi başqa yerdən gələnlər idi.
Onlar din pərdəsindən istifadə edərək bəzi tutulan şəxslərin azad olunmasını tələb edirdilər. Kəndin ağsaqqalları bununla bağlı gənclərlə söhbət apararaq məsələnin qəsəbəyə aid olmadığını deyiblər”.

E.Quliyev daha sonra Nardaran sakinlərinin sosial problemlərinə toxunub. Deputat Nardaranda işıq probleminin olduğunu deyərək bildirib ki, bu da qəsəbə sakinlərinin uzun müddətdir kommunal borcları ödəməməsi ilə əlaqədardır.

Millət vəkilinin sözlərinə görə, Nardaran sakinləri işıqpulu borclarını ödəyə bilməyəcəklərini bildiriblər.

“Sosial problemlərə gəlincə isə yeganə məsələ kommunal borcların ödənilməməsidir. Burada da əsas işıqpuludur. Biz də çalışırıq ki, qəsəbəyə fasiləsiz elektrik enerjisi verilsin. Bildiyimiz kimi,  ölkə prezidentinin sərəncamı ilə kəndlərin yığılıb qalan kommunal borcları  silinib. Burada söhbət yeni borclardan gedir. Onlar da bildirirlər ki, imkanları yoxdur borcları ödəməyə. “Bakıelektrikşəbəkə” ATSC-nin İdarə Heyyətinin sədri Baba Rzayev məsələ qaldırdı ki, “biz elektriki veririk, amma onlar bizim pulu ödəmirlər”. Nəticədə bu qurum da dövlətin qarşısında pis vəziyyətdə qalır. Buna görə, fasilə ilə Nardarana işıq verilir. Bu baxımdan kənddə axşam saat 11-dən səhər saat 7-ə kimi elektrik enerjisinin verilişi dayandırılır”.

Deputat daha sonra qeyd edib ki, Nardaran sakinlərinin kommunal borcları ilə bağlı məsələ hökumətdə müzakirə olunacaq.

“Mən bu gün Baba müəllimlə danışanda dedi ki, onlar razılaşsalar ki, hər ay borclarını vaxtlı-vaxtında ödəyəcəklər, onda qəsəbəyə fasiləsiz işıq veriləcək. Sonra mən Adil müəllimlə danışdım. Biz də istəyirik hökumətlə söhbət edək bu haqda. Baxaq görək hansı şəkildə onlara kömək edə bilərik. Ümumilikdə Nardaranda bu gün heç bir problem yoxdur”–deyə deputat vurğulayıb.

Anar RÜSTƏMOV 

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu