Modern.az

Eks-prezidentin köməkçisi: “Tetçer görüşdə dedi ki, Elçibəy..”- XATİRƏ

Eks-prezidentin köməkçisi: “Tetçer görüşdə dedi ki, Elçibəy..”- XATİRƏ

8 Aprel 2013, 18:28


Əbülfəz Elçibəy üçün də Tetçerlə görüş çox yaddaqalan oldu. Hətta Bakı səfərindən sonra mərhum prezidentin Tetçerlə çox yaxşı münasibətləri var idi”.

Bu fikirləri Azərbaycanın mərhum eks-prezidenri Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçerlə bağlı təəssüratlarını Modern.az-la bölüşərkən bildirib.

O.Qasımov 1992-ci ilin sentyabrında “Dəmir ledi” ləqəbli xanım siyasətçinin Bakıya səfəri zamanı onunla canlı görüşdüyünü deyib. 
“Marqaret Tetçerin Bakıya səfəri indiki kimi yadımdadır. O Azərbaycanın dəvəti, həm də BP şirkətinin səyləri nəticəsində Bakıya gəlmişdi. Bildiyimiz kimi məqsəd İngiltərəyə məxsus şirkətlərin fəaliyyətini araşdırmaq, o cümlədən yeni müstəqillik qazanmış Azərbaycandakı vəziyyəti dəyərləndirmək idi.

Tetçer səfər zamanı Azərbaycanın dövlət rəsmiləri və o cümlədən prezident Əbülfəz Elçibəylə görüşmüşdü. Elçibəylə görüşündə Tetçer özünü çox səmimi aparırdı. Onun Elçibəylə görüşünü xatırlayıram. Görüş bizim üçün çox maraqlı və faydalı keçdi.
O danışığı, oturuşu, duruşu ilə fərqlənirdi. Tetçer görüşündən sonra Əbülfəz Elçibəyi sovet məkanında ən böyük demokrat kimi dəyərlənidirmişdi. Mən o zaman prezidentin köməkçisi kimi rəsmi görüşdə iştirak etməsəm də, Tetçer Bakıya gələndə qeyri-rəsmi olaraq onu görmüşdüm. Sözün əsl mənasında Tetçer “dəmir ledi” idi”-deyə eks-prezidentin köməkçisi Tetçerlə bağlı xatirələrini danışıb.

O.Qasımovun sözlərinə görə, Bakı görüşündən sonra Tetçerlə Elçibəyin yaxşı münasibətləri yaranıb.

“Elçibəy onun fəaliyyətinə yüksək qiymət verirdi. Onların xoş münasibətləri qarşılıqlı idi. Tetçeri unudulmaz siyasətçi, səmimi insan kimi xatırlayıram”.

Xatırladaq ki, 1992-ci il sentyabrın 7-8-də Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçer Bakıda qeyri-rəsmi səfərdə olub. Tetçer sentyabrın 7-də Bakıya səfəri zamanı prezident Əbülfəz Elçibəylə görüşmüş, sonra "Çıraq" yatağında və perspektivli "Şahdəniz" sahəsində ehtiyatların dəqiqləşdirilməsi və hazırlıq işlərinin aparılması haqqında Azərbaycan Respublikasının hökuməti ilə İngiltərənin "Britiş Petroleum" və Norveçin "Statoyl" şirkətləri arasında sazişin imzalanması mərasimində iştirak edib. Tetçerin yenicə müstəqillik qazanan Azərbaycana səfəri rəsmi Bakı üçün unudulmaz oldu.

Qeyd edək ki, “Dəmir ledi” Marqaret Tetçer bu gün 87 yaşında vəfat edib.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu