Modern.az

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri, 2 şöbə müdiri işdən çıxarılıb

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri, 2 şöbə müdiri işdən çıxarılıb

Ölkə

9 Aprel 2013, 14:01

Nazirliklərdə pensiyaya göndərilən xeyli vəzifəli şəxs var

Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” Qanuna edilən dəyişiklikdən sonra dövlət qulluğunda çalışmanın yuxarı yaş həddinə uyğun olaraq dövlət orqanlarında 65 yaşa çatmış işçilərin siyahısı hazırlanır, ixtisarlar aparılır.  Modern.az-ın məlumatına görə, artıq ötən ildən bir sıra dövlət qurumlarında 65 yaşı ötmüş işçilər təqaüdə yola salınıb. Proses bu il də davam etdirilir.

Kənd Təsərrüfatı Nazirliyindən bir neçə vəzifəli şəxs bu il yaş senzi ilə əlaqədar təqaüdə göndərilib. Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin saytımıza verdiyi məlumata görə, bu il Mərkəzi Aparatdan 3 nəfər yaş senzi ilə əlaqədar təqaüdə göndərilib. Belə ki, nazirliyin Aqrar islahatlar, kənd ərazilərinin və sahibkarlığın inkişafı şöbəsinin müdiri İslam İbrahimov və Torpaqdan istifadəyə nəzarət, meliorasiya və təbiətin mühafizəsi şöbəsinin müdiri Qurbanəli Hüseynov yaş senzi ilə əlaqədar təqaüdə göndərilib. 65 yaşına çatdığına görə, işdən uzaqlaşdırılan 3 nəfərdən biri isə nazirliyin Aparat rəhbəri Əhliman Nəsirovdur.

Gənclər və İdman Nazirliyində də 65 yaşlı işçilərin ixtisarı olub. Nazirliyin mətbuat katibi Qabil Mehdiyev bildirib ki, Əmək Məcəlləsi və “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişikliyə uyğun tədbirlər davam etdirilir. Q.Mehdiyevin sözlərinə görə, artıq nazirliyin bir nəfər işçisi təqaüdə göndərilib. Nazirliyin vəzifəli şəxslərindən biri Tofiq Babanlı 70 yaşı olduğuna görə, özü ərizə yazaraq işdən gedib.  

Rabitə və İnformasiya Texnologiyalar Nazirliyində (RİTN) də yaşı 65-i ötən bir nəfər işdən azad olunub. Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun sözlərinə görə, RİTN-də çalışan kadrların demək olar ki, hamısı cavanlardan ibarətdir. Bu il isə yalnız bir nəfər yaş senzinə görə, təqaüdə göndərilib.  

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı