Modern.az

“Mətbuata yanaşma dəyişməlidir” - Yeni üzvlər görüləcək işlərdən DANIŞIR

“Mətbuata yanaşma dəyişməlidir” - Yeni üzvlər görüləcək işlərdən DANIŞIR

26 Sentyabr 2022, 14:02

Sentyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan jurnalistlərinin VIII qurultayı baş tutub. Qurultay zamanı keçirilən səsvermə nəticəsində "525-ci qəzet"in baş redaktoru, şair, publisist Rəşad Məcid Mətbuat Şurasının sədri seçilib. Bundan sonra Şuranın İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb. Onların arasında əvvəlki tərkibdən qalanlarla yanaşı, yeni simalar da var.

 

Modern.az-ın əməkdaşı Mətbuat Şurasının İdarə Heyətinə yeni seçilən jurnalistlərdən bir neçəsi ilə əlaqə saxlayaraq, onların gələcəklə bağlı planlarını öyrənməyə çalışıb.

 

Mətbuat Şurasının əlində sehirli dəyənək yoxdur

 

Yeni Çağ Media Qrupunun rəhbəri Aqil Ələsgər bildirib ki, jurnalistlərin səkkizinci qurultayı həm maraqlı, həm də demokratik mühitdə keçirilib. Onun sözlərinə görə, birinci qurultaydan bəri heç bir qurultayda Azərbaycan jurnalistləri bu cür həyəcan və adrenalin yaşamayıb:

 

“Qarşımızda mətbuatın problemləri var. Ancaq Mətbuat Şurasının əlində sehirli dəyənək yoxdur ki, bunların hamısını bir gündə həll etsin. Bir sıra problemlər birbaşa Mətbuat Şurasına aid olmadığı üçün Şura bunları asanlıqla həll edə bilmir. Qarşımızdakı 4 illə bağlı fəaliyyət planı üçün müəyyən təklifləri dəyərləndiririk ki, bir yol xəritəmiz olsun. Düşünürəm ki, jurnalistlər cəmiyyətin nümunəvi hissəsi və aynasıdır. Ayna sınmadı, yerindədir və bu yöndə fəaliyyətimizi davam etdirəcəyik”.

 

Yeni heyətdən gözləntilər böyükdür

 

“Azxeber.com” xəbər portalının baş redaktoru Hacıbəy Heydərli ilk növbədə ona səs verən həmkarlarına təşəkkürünü çatdırıb:

 

“95 səs toplayaraq 3-4-cü yerdə olmaq mənim üçün çox böyük fəxarət hissidir. Çünki orada uzun illər mətbuatda çalışıb, bütün ömrünü jurnalistikaya həsr etmiş peşəkar insanlar var idi. Onlarla rəqabət aparmaq və onların içində özünəməxsus yer tutmaq, məni bir gənc jurnalist kimi çox sevindirdi. Amma təbii ki, əsas İdarə Heyətinə seçilmək idi. Bu məsələdə mənə etimad göstərənlərə təşəkkürümü bildirirəm. Əlimdən gələni edəcəyəm ki, onların ümidlərini, etimadını doğruldum”.

 

Hacıbəy Heydərli düşünür ki, 8-ci qurultay hələ uzun müddət jurnalistlərin yaddaşında qalacaq:

 

“Qurultaya qədər olan mərhələdə 46 namizədin bir çoxunun Mətbuat Şurasının İdarə Heyətinin tərkibinə düşmək üçün apardığı mübarizə Azərbaycan mətbuatının gələcəyinə olan inamın göstəricisidir. Çünki ötən ildən başlayaraq, media islahatları aparılırdı və Mətbuat Şurası bu proseslərdən geri qalırdı. Mətbuat Şurasının yeni İdarə Heyətindən cəmiyyətimizin və jurnalistlərimizin çox böyük gözləntiləri vardı. Bu səbəbdən Şuranın qurultayında olan ab-hava həmin o gələcəyə olan inamın göstəricisi idi. Burada çox demokratik ab-hava var idi.

 

Arzulayırıq ki, Mətbuat Şurası yenidən jurnalistlərin inandığı doğma məkanına çevrilsin. Bu baxımdan deyə bilərəm ki, hələ çox böyük yolumuz var. İstək və arzularımız, məqsədlərimiz çoxdur. Məqsədə çatmaq üçün əlimdən gələni edəcəyəm”.

 

Üzərimizə çox böyük məsuliyyət düşür

 

Politoloq, Gənc Demokratlar İnstitunun rəhbəri Yeganə Hacıyeva isə bildirib ki, tanınmış qələm sahiblərinin qatıldığı qurultayda iştirak etmək onun üçün xoş olub. Onun sözlərinə görə, ümumilikdə qurultayın texniki baxımdan təşkili də yüksək səviyyədə olub:

 

“Mehriban ab-hava var idi. Sanki bir-birini tanıyan şəxslərin, dost-qardaş olan insanların görüşü keçirilirdi. Düzünü deyim ki, mən belə mehriban ab-hava gözləmirdim. Amma çox maraqlı alındı. Seçki ilə bağlı onu qeyd etməliyəm ki, Mətbuat Şurası dünən seçkinin nəticələri ilə bağlı bəyanat verib. Orada bizi maraqlandıran mövzular öz əksini tapıb.

 

Artıq dünya dəyişib. Dəyişən dünyada informasiyanı əldə etmək imkanları da artıb. Bu sahə yeni texnoloji alətlərlə zənginləşir. Dəyişən dünyada media anlayışı da dəyişir. Bizim artıq 15-20 il öncəki media anlayışımız dəyişib. Bu gün informasiyaları daha çox sosial platformalardan alırıq. Məntiqi olaraq yanaşma da dəyişməlidir. Mən qətiyyətlə inanıram ki, media sıralarına daxil olmuş yeni alətlərə qarşı bütün dünyada gedən proseslər, onlara dünyada tətbiq edilən münasibət Azərbaycanda eyni cür olmalıdır. Bu yanaşma ilə bağlı məsuliyyət Azərbaycan mətbuatına və mətbuat işçilərinin üzərinə düşür. Azərbaycan mətbuatının üzvləri, jurnalistlər, bloqerlər, yazarlar və s. bundan öncə prosesi necə ləyaqətlə, məsuliyyətlə aparıblarsa, bundan sonra da işlərini uğurla davam etdirəcəklər. Yeni İdarə Heyətinin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyət yeni şərtlərin formalaşmasında iştirakdır”.

 

İdarə Heyətinin yeni tərkibindən gözləntilərə gəlincə, Y.Hacıyeva qeyd edib:

 

“İdarə Heyəti haqda fikrim belədir ki, Azərbaycan mediasında söz sahibi olan, güclü qələm sahibləri ilə bir cərgədə olmaq şərəfdir. Onlarla birgə işləmək, onlardan nəsə öyrənmək mənim üçün şərəfli işdir. Bundan əlavə, mən də öz təcrübəmi onlarla bölüşmək imkanından geniş istifadə edəcəyəm”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu