Bu günə kimi Bakı Dövlət Universitetinin yataqxanasından 450-ə yaxın məcburi köçkün ailəsi Müşfiqabadda salınan yeni şəhərciyə köçürülüb. Bu sözləri Modern.az-a açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyib. O, tezliklə bu prosesin bitəcəyini bildirib.
“Problemli ailələrə gəlincə bunlar komissiya tərəfindən araşdırılır və onların işlərinə qanunvericilik çərçivəsində baxılır və qanunvericiliyə uyğun olaraq da cavab veriləcək”.
Qeyd edək ki, Qaradağ rayon Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün 1440 ailəlik yeni məhəllə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Dövlət Neft Fondundan ayrılan 127,5 milyon manat hesabına inşa olunub. Ötən ilin dekabrında rəsmi açılış zamanı prezident İlham Əliyev burada tikilən binalarla, o cümlədən, 1300 şagird yerlik Ağdam rayon 33 nömrəli tam orta məktəb və 140 yerlik uşaq bağçası ilə tanış olub.
Yeni məhəlləyə 1400 ailə və ya 5 min 756 məcburi köçkün köçürüləcək. Məcburi köçkün ailələrdən 320-si Ağdam, 570-i Cəbrayıl, 290-ı Füzuli, 100-ü Zəngilan, 160-ı isə işğal olunan digər rayonlardandır. Məhəllənin ərazisi 22 hektardır. Buradakı 1440 mənzildən 211-i birotaqlı, 659-u ikiotaqlı, 429-u üçotaqlı, 141-i isə dördotaqlıdır.

Aytən Əliyeva