Modern.az

Yol polisi Bakıda hər gün neçə maşını evakuasiya edir?

Yol polisi Bakıda hər gün neçə maşını evakuasiya edir?

Ölkə

10 Aprel 2013, 10:35


Hər gün üzərinə DYP (Dövlət Yol Polisi) yazılmış evakuator təyinatlı maşınların yedəklərində şəxsi avtomobillər daşıması Bakıda artıq adi hala dönüb.  

İnzibati Xətalar Məcəlləsinin 407-ci və “Yol hərəkəti haqqında” qanunun 85-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin qanunvericiliklə müəyyən edilmiş dayanma və durma qaydaları  pozulduğu halda (əgər sürücü həmin nəqliyyat vasitəsinin yanında deyilsə), həmçinin bu Məcəllənin 406.1-ci maddəsində göstərilən hallarda nəqliyyat vasitələri müvəqqəti olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağında saxlanıla bilər.

Maddənin tələblərinə nəzər saldıqda orada avtomobilin yalnız onun sahibinin olmadığı halda evakuatorla “cərimə meydançası”na aparıla biləcəyi qeyd edilir.

Təbii ki, paytaxtda qadağan olunmuş yerdə dayanan və tıxac yaradan avtomobillərin evakuasiya edilməsi gərəklidir.

Ancaq məsələnin başqa tərəfi də var. Modern.az saytı bir neçə aydır ki, Bakıda avtobillərin evakuasiyası məsələsi ilə bağlı statistikanı əldə edə bilmir.

Bununla bağlı danışmalı olan şəxslər sanki dövlət sirrini açacaqlar kimi ehtiyatlı danışırlar.

Bununla bağlı DİN Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Modern.az-a açıqlamasında bildirib ki, tam statistikası aparılmadığı üçün evakuasiya olunan avtomobillərin dəqiq sayını demək olmaz. Şöbə rəisi bu il 2500-dən çox avtomobilin dayanma-durma haqqında qanunun tələbini pozduğu üçün qorunan duracağa aparıldığını deyib.

“Bu haqda statistikanı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sizə deyə bilər”-deyə K.Əliyev vurğulayıb.

Öncə ondan başlayaq ki, evakuasiya edilmiş avtomobillərin sahiblərindən müxtəlif məbləğ tələb olunur. Digər tərəfdən, statistika necə aparılmır ki, bununla bağlı protokol tərtib olunur.

Buradan belə çıxış etmək olar ki, tərtib olunan protokollar saxtadır. Əks halda, Kamran Əliyev “bu məsələ ilə bağlı tam statistika aparılmır” deməzdi

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə Modern.az-a açıqlamasında bildirib ki, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilən tədbirlər zamanı 140 avtomobil evakuasiya edilib, bundan başqa dayanma-durma parklama qaydalarını pozan sürücülərə avtopatrul avtomobillərindən quraşdırılmış bort-kompüterlər vasitəsilə fotoşəkil çəkilib, həmin avtomobil sürücüləri məsuliyyətə cəlb edilib.

“Fotomaterialların hazırlanması üzrə 3000-dən artıq protokol tərtib edilib. Bunlar Bakı şəhəri üzrə bu ilin 3 ayı ərzində olan statistikadır”.

Təbii ki, statistika heç vaxt gerçəkliyi əks etdirmir.

O da qala DYP-nin fəaliyyəti ilə bağlı.

Ona görə də cavab ala bilmədiyimiz sualları yenidən səsləndiririk:

- Bakıda neçə “cərimə meydançası” adlanan məntəqə var?
- Hər gün o məntəqənin hər birinə nə qədər maşın gətirilir?
- 2013-cü ilin 3 ayı ərzində evakuasiya olunan avtomobillərər görə nə qədər vəsait toplanıb? - Niyə evakuasiya olunmuş maşın sahiblərinə pulu banka ödəməyə imkan verilmir?

Çox təəssüf ki, bu kimi xeyli suala cavab ala bilmirik.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, sürücülər evakuasiya olunmuş maşınların cərimə meydançasında və müvəqqəti saxlanc yerlərində gündəlik saxlanılması üçün 30 qəpik, evakuasiya üçün 20 manat, dayanma-durma nişanlarını pozduqlarına görə 22 manatadək cərimə ödəməlidirlər. Bu, yalnız sənədlər düzgün olduğu halda tətbiq edilir.

Anar Kəlbiyev

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı