Modern.az

Putinin yerinə hazırlanan VARİS - Kremldə hakimiyyət SAVAŞI

Putinin yerinə hazırlanan VARİS - Kremldə hakimiyyət SAVAŞI

28 Sentyabr 2022, 11:04

Rusiya prezidenti Vladimir Putinin dünyanı taktiki nüvə silahından istifadə edə biləcəyilə hədələməsi və bu hədənin blef olmadığını söyləməsi insanları qorxuya salıb.
Artıq Rusiyanın özündə də ölkə başçısından narazılıq getdikcə artır. Kremldə Putinin hakimiyyətdən getməsini istəyənlərin az olmadığı bildirilir.
 

Modern.az-ın məlumatına görə, bəzi rusiyalı analitiklər deyirlər ki, gələcək hakimiyyət uğrunda savaş ordu ilə Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevin şərti olaraq “FSB komandası” adlanan qrupu arasında gedir. Patruşev oğlunu ölkənin növbəti prezidenti etmək istəyir.
 

“Şərq-Qərb” Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclunun sözlərinə görə, Putin üçün əsas hakimiyyəti qoruyub saxlamaq, bu, mümkün olmayacağı halda isə onu hərbçilərə verməməkdir. Hərbçilər hakimiyyəti götürsələr, 20-25 ildə qurulmuş “KQB-FSB ierarxiyası” darmadağın ediləcək. Putinin özü və yaxın ətrafı da daxil olmaqla təbii ki”.
 

Ekspertin sözlərinə görə, Rusiya ordusunun təklifi əsasında Putinin qərarı ilə elan olunmuş “biabırçı səfərbərlik” sırf siyasi aksiyadır və prezidentin tam nüfuzdan salınmasına hesablanıb.

“Təbii ki, Kremlin sahibi də bunu anlayır, amma görünür, müqavimət göstərmək imkanı da durmadan azalmaqdadır. Bir sıra Rusiya mənbələri bildirir ki, Nikolay Patruşev hakimiyyət dəyişikliyi ilə bağlı artıq bir neçə xarici güclərlə danışıq aparır. Onların arasında Çinin, ABŞ-ın və Türkiyənin olduğu bildirilir. Hər bir halda, Putinin Ukraynaya qarşı başlatdığı müharibənin artıq Moskvadakı dövlət kabinetlərinə çatdığı şübhə doğurmur. Elə əvvəldən gözlənilən də bu idi”.

Bir sıra xarici KİV-lər də Rusiyada prezidentin varisinin təhlükəsizlik qüvvələrindən “doğula biləcəyi”ni yazır. Qərb mətbuatı buna işarə edərkən Nikolay Patruşevin oğlundan bəhs edib.

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin iki oğlu var – Dmitri və Andrey. 

Patruşevin Rusiya prezidenti postuna gətirmək istədiyi böyük oğlu – nazir Dmitri Patruşevdir. Dmitri Patruşevin Putinin varisi olmasını zəruri edən vacib arqumentlərdən biri kimi “Sankt-Peterburq klanı”nda yer almasıdır. Rusiyanın siyasi elitasını və hakim komandanın əsas nüvəsini məhz “Sankt-Peterburq klanı”nın üzvləri təmsil edir.
Məlumatlara görə, Dmitri Patruşev “Sankt-Peterburq klanı” üzvlərinin övladları arasında müsbət reputasiyaya malik olan yeganə simadır.  


Dmitri Nikolayeviç Patruşev 13 oktyabr 1977-ci il tarixində Leninqradda anadan olub.


Orta məktəbi bitirəndən sonra Dmitri Patruşev Dövlət İdarəetmə Universitetinə daxil olub, 1999-cu ildə İdarəetmə fakültəsini menecment ixtisası üzrə bitirib.


Universitetdən sonra Dmitri üç il (1999-2002) Rusiya Federasiyasının Nəqliyyat Nazirliyində işləyib.

Sonra Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında dünya iqtisadiyyatı ixtisası üzrə təhsilini davam etdirib (2002–2004). Bu dövrdə Dmitri Nikolaeviç “Tədqiqat təşkilatlarının keyfiyyətinin idarə edilməsində proses yanaşmasının inkişafının təşkilati və iqtisadi əsasları” (2003) mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

2004-cü ildə Xarici Ticarət Bankına (VTB Bank ASC) işə qəbul olunub.

D.Patruşev 2006-cı ildə Federal Təhqiqiat Xidmətinin (FSB) Akademiyasında təhsil səviyyəsini yüksəldib.


2007-ci ildə VTB Bankın baş vitse-prezidenti vəzifəsində çalışıb.


2010–2018-ci illərdə “Rosselxozbank” ASC-nin İdarə Heyətinin sədri işləyib.


O, 2016-cı ildə “Qazprom” şirkətinin Direktorlar Şurasının üzvü olub.

2018-ci il mayın 18-də Prezidentin fərmanı ilə Rusiya Federasiyasının kənd təsərrüfatı naziri təyin edilib. Nazir təyin olunduqdan sonra Dmitri Patruşev "fermer hərəkatının inkişafı Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyinin qarşısında duran ən mühüm vəzifələrdən biridir" deyə açıqlama vermişdi.

2016-cı il oktyabrın sonunda prezident Vladimir Putin Dmitri Patruşevə "Şərəf" ordeni verib. O,  "aqrar-sənaye kompleksinə kredit dəstəyinin təşkilində böyük xidmətlərinə görə" təltif edilib.


Dmitri Patruşev evlidir və iki övladı var.


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir