Modern.az

Deputatlar Rumıniyada görüşlər keçirib - FOTOLAR

Deputatlar Rumıniyada görüşlər keçirib - FOTOLAR

Parlament

28 Sentyabr 2022, 20:55

Milli Məclisin Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Azay Quliyev, qrupun üzvləri Ağalar Vəliyev və Elman Məmmədov sentyabrın 28-də Rumıniyanın Qara dəniz sahilində yerləşən, türk-tatar icmasının sıx yaşadığı Konstansa şəhərində bir sıra görüşlər keçiriblər.

 

Modern.az xəbər verir ki, parlament nümayəndə heyəti Rumıniya Dəniz Limanlarının İdarəetməsi Milli Şirkətinin iqtisadi məsələlər üzrə direktoru Daniela Şerban və Beynəlxalq əlaqələr departamentinin müdiri Simona Lasku ilə görüşüblər. Görüşlərdə iqtisadi sahələrdə əməkdaşlığın inkişafı üçün böyük imkanlar olduğu bildirilib. İki dövlət arasında ticarət dövriyyəsinin artırılması istiqamətində uğurları qeyd etməklə, bu işdə dəniz limanlarının mühüm rol oynadığı diqqətə çatdırılıb. Rumıniyada limanların idarəetmə təcrübəsi barədə söhbət aparılıb. Bakı dəniz limanı ilə əməkdaşlığın qurulmasına böyük marağın olduğu vurğulanıb.

 

Söhbətlər zamanı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafı, potensialı, gələcək layihələr barədə qarşı tərəfə məlumat verilib. Azərbaycanın strateji baxımdan mühüm geosiyasi məkanda, Şərqdən Qərbə, Şimaldan Cənuba uzanan mühüm beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizlərinin kəsişməsində yerləşdiyi, bununla da ölkəmizin beynəlxalq daşımalarda tutduğu mühüm rolu diqqətə çatdırılıb. Bildirilib ki, Zəngəzur dəhlizi də daxil olmaqla, regionda bütün nəqliyyat dəhlizlərinin açılması beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edəcək.

 

Səfər çərçivəsində Milli Məclisin nümayəndə heyəti ilə Konstansada yerləşən məsciddə bu şəhərin türk-tatar icması, Rumıniyanın Müsəlman Kültünün ali müftisi vəzifəsini daşıyan tatar əsilli Murat Yusuf arasında görüş keçirilib. Ali müfti Rumıniyada müsəlmanların tarixi, türk-tatar icmasının yaşayışı və inkişafı barədə nümayəndə heyətinə ətraflı məlumat verib. Deyib ki, müstəqilliyini bərpa etdikdən sonra Rumıniyada bir çox sahələrdə olduğu kimi, dini sahədə də xeyli irəliləyiş əldə edilib. Murat Yusuf Azərbaycana rəsmi səfərini xatırladaraq, Azərbaycandakı multikultural və tolerant mühiti yüksək qiymətləndirdiyini vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi