Modern.az

Ailəsi Elçibəyin şəxsi arxivini dövlətə təhvil verməkdən imtina edib - EKSKLÜZİV

Ailəsi Elçibəyin şəxsi arxivini dövlətə təhvil verməkdən imtina edib - EKSKLÜZİV

Ölkə

10 Aprel 2013, 13:39

Eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev bir neçə gün əvvəl APA-ya müsahibəsində atasının müxtəlif şəxsi əşyalarının, kitab və əlyazmalarının hazırda yaşadığı evdə saxlandığını və yer çatışmazlığından onların üst-üstə yığıldığını  bildirib. Onun sözlərinə görə, sənədlər bu vəziyyətdə bir müddət də qalsa, hamısı məhv olacaq.

Modern.az həmin sənəd və əlyazmaların taleyinin necə olacağını öyrənmək üçün Ərturqut Əliyevlə əlaqə saxlamağa çalışıb. Amma onunla danışmaq mümkün olmayıb. Çünki Ərturqut hazırda Türkiyədədir.
Mərhum Əbülfəz Elçibəyin qaynı Mirmövsüm Mahmudov isə Modern.az-a açıqlamasında eks-prezidentin şəxsi əşya və əlyazmalarını dövlət arxivlərinə verməyə ürək etmədiklərini deyib.

“Heç kimə etibar yoxdur. Ona görə də onları evdə saxlamışıq. Bu gün Məhəmməd Əmin Rəsulzadə irsinə doğru müsbət bir addım atılır ki, Elçibəylə də bağlı müsbət addım atılsın!? O nöqteyi-nəzərdən inamımız yoxdur, qoy hələ sənədlər evdə qalsın. Rütubətdə, ev şəraitində də olsa, nə edək başqa çarəmiz var? Narahatçılığa heç bir əsas yoxdur”.

M.Mahmudov həmçinin qeyd edib ki, mərhum prezidentin həyat yoldaşı Həlimə Əliyeva hazırda Türkiyədədir. “Bacım Həlimə nəvəsini görmək üçün bir müddət öncə Türkiyəyə gedib. Ərturqut da anasının gətirmək üçün artıq Türkiyəyə yola düşüb. Bir həftəyə, on günə qayıdarlar”.

Qeyd edək ki, Əbülfəz Elçibəyin qızı Çilənay Əliyeva həyat yoldaşı Aqil Səmədbəylinin işi ilə əlaqədar Türkiyədə yaşayır.

Şahanə Rəhimli

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı