Aprelin 10-da Pirallahı rayonu İcra Hakimiyyətində sakinlərin növbəti qəbulu təşkil edilin. Qəbulu Pirallahı rayonu İcra hakimiyyətinin başçısı Vasif İmanov keçirib. Pirallahı RİH mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qəbulda icra başçısı hər bir kəsi dinləyib köməklik göstərməyə hazır olduğunu bildirib.
Pirallahı sakinləri Rəbiyyə Qasımova, Aydın Səmədov, Həmdiyyə Karamışova, Gəncəli Mürşüdov, Sitarə Əhmədova, Çingiz Quliyev, Əfsanə Əsgərova, Adil Babayev, Yelena Aşumova, Aqil Məmmədov, Radmila Tahirova, Valentina Nəsirova və başqaları, ümumilikdə 50 nəfərə yaxın vətəndaş onları maraqlandıran suallarla müraciət ediblər.
Suallar əsasən sənədsiz və qəzalı vəziyyətdə olan evlər, mənzil, bələdiyyə torpaq sahələri, işlə təminat, qeydiyyat, zəbt olunmuş yerlərin aqibəti, kommunal borclar və digər məsələləri əhatə edib. Hər bir sakini diqqətlə dinləyən icra başçısı su təminatının daha da yaxşılaşdırılması məqsədilə Zirədən gələn baş su xəttinə qanunsuz qoşulmaların ləğv edildiyini, qəsəbədəki evlərdə istilik sisteminin bərpa ediləcəyini, yöndəmsiz köşklərin və tikililərin aradan qaldırılacağını söyləyib.
Sakinlərin işlə bağlı suallarını ətraflı cavablandıran icra başçısı nəzərdə tutulan layihələrin icrasına başlandıqdan sonra işlə təminatda böyük irəliləyiş olacağını deyib. Eyni zamanda Vasif İmanov daha çətin vəziyyətdə olan ailələrin problemlərinə diqqətlə yanaşaraq bir neçə nəfərin Su-kanal Departamentində və MİS-də vakansiya olan yerlərdə işlə təmin olunması ilə bağlı tövsiyələrini verib, texniki ali təhsilli gənclərə ARDNŞ-in və “Azərsu” ASC-nin işə qəbul imtahanlarında iştirak etməyi məsləhət görüb və qəbulda iştirak edən məsul şəxslərə səsləndirilən məsələlərin müsbət həlli istiqamətində, eyni zamanda aztəminatlı ailələrə yardım və kömək göstərilməsi ilə əlaqədar müvafiq göstərişlər verib.
Modern.az