Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov prezident seçkilərində iştirakı ilə bağlı partiya sədri Yusif Bağırzadənin təklifinə cavab verib. E.Məmmədov Modern.az-a açıqlamasında AMİP sədrinin seçkilərdə onun namizəd olaraq iştirakı ilə bağlı təklifinə hörmətlə yanaşdığını, ancaq bu haqda qərarının dəyişilməz olduğunu bildirib.
“Onlar mənim namizədliyimi istəyirlərsə bu, onların istəyidir. Mən bir söz deyə bilmərəm. Mən onlara nəyisə qadağan edə bilmərəm ki? Xəbərim yoxdur onların rəsmi mövqelərindən. Bu suala mən cavab vermişəm artıq. İştirak etməyəcəm”-deyə E.Məmmədov vurğulayıb.
Qeyd edək ki, AMİP sədri Yusif Bağırzadə saytımıza açıqlamasında bildirib ki, partiya adından Etibar Məmmədovun prezident seçkilərindən namizəd olaraq iştirak etməsini istəyirlər.
Anar RÜSTƏMOV