Modern.az

MSK: “Boş qalmış deputat yerlərinə seçkilərlə bağlı prezident sərəncam verməlidir”

MSK: “Boş qalmış deputat yerlərinə seçkilərlə bağlı prezident sərəncam verməlidir”

11 Aprel 2013, 12:00

“Boş deputat yerlərinə seçkilərin keçirilməsi Mərkəzi Seçki Komissiyasının birbaşa səlahiyyətinə daxil deyil. Prezident sərəncam verəndən sonra seçki müəyyən olunur və bundan sonra MSK seçki keçirir”.

Bunu Modern.az saytına açıqlamasında MSK katibi Mikayıl Rəhimov Milli Məclisdə boş qalan deputat yerlərinə seçkilərin keçirilməsi məsələsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, MSK hələlik boş qalan deputat yerlərinə seçkilərin keçirilməsini müzakirə etmir.

Xatırladaq ki, Milli Məclisin sabiq deputatı Gülər Əhmədova 2012-ci ilin sentyabrın 28-də mandatının ləğv edilməsi üçün parlament rəhbərliyinə müraciət edib. Mərkəzi Seçki Komissiyası isə həmin ilin oktyabrın 3-də iclas keçirib və toplantıda 34 saylı Xətai 2-ci seçki dairəsindən deputat seçilən Gülər Əhmədovanın mandatının ləğv olunması barədə qərar çıxarılıb.

Bundan başqa, 110 saylı Zaqatala seçki dairəsindən Milli Məclisə deputat seçilən mərhum Hikmət Atayev bu ilin 7 martında yol qəzasında həlak olub. Milli Məclisdə hal-hazıra iki deputat yeri boş olaraq qalır.

Aqşin Kərimov

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu