Ziyalılar Forumunun bəzi üzvlərinə təşkilatla bağlı mətbuata danışmağa icazə verilmir. Forum adından yalnız Cəmil Həsənli və Rafiq Əliyev mətbuata danışa bilər.
Bunu Modern.az-a açıqlamasında Ziyalılar Forumunun üzvü, tanınmış şair Musa Yaqub bildirib.
Təşkilatın dünən keçirilən iclasında iştirak etdiyini deyən M.Yaqub Ziyalılar Forumu ilə bağlı danışmaq hüququna malik olmadığını deyib:
“Çoxdandır Ziyalılar Forumunun toplantısında iştirak etmirdim. Dünən toplatıya qatıldım. Belə qərara gəldik ki, Ziyalılar Forumu adından yalnız iki nəfər- Rafiq Əliyev və Cəmil Həsənli danışsın. Bu baxımdan forumla bağlı danışa bilməyəcəm”.
M.Yaqub daha sonra üzvü olduğu “El” hərəkatının prezident seçkilərində Eldar Namazovla təmsil olunmasına münasibət bildirib.
“Eldar Namazovun namizədliyini verməsinə etiraz etmirəm. Onlar belə məsləhət bilirlərsə mən də bir ziyalı kimi deyə bilərəm ki, o buna layiqdir”.
Qeyd edək ki, Musa Yaqub Ziyalılar Forumu və eləcə də “El” hərəkatı ilə bağlı mətbuata açıqlamalar verməkdən çəkindiyini bildirib.
Anar RÜSTƏMOV