Modern.az

“Niyə Ermənistan vətəndaşlığı almayaq?..” - Deputatla MÜSAHİBƏ

“Niyə Ermənistan vətəndaşlığı almayaq?..” - Deputatla MÜSAHİBƏ

Müsahibə

3 Oktyabr 2022, 11:44

Ramil Həsən: “Elə xristian ölkələri var ki, Azərbaycanı müsəlmanlardan daha çox müdafiə edir”
 

Milli Məclisin deputatı Ramil Həsən Modern.az-ın suallarını cavablandırıb. Deputatla söhbəti təqdim edirik:


- Ramil müəllim, Milli Məclisə namizədliyiniz Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülüb. Bu barədə ilk dəfə sizə bildiriləndə münasibətiniz necə oldu? Deputatlıq fəaliyyətinizlə hansı planları həyata keçirmək istəyirdiniz?
 

- 2020-ci ildə növbədənkənar parlament seçkiləri keçirildi. Milli Məclisin Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə buraxılması haqqında məsələnin müzakirəsindən sonra müvafiq qanunvericiliyə uyğun şəkildə seçkilər təyin olundu. YAP daxilində bir çox strukturlarda fəaliyyət göstərmişəm. 1995-ci ildə partiyanın üzvü olmağım, daha sonrakı proseslərdə, 2003-cü ildə Prezident İlham Əliyevin ilk dəfə prezident seçildiyi dönəmdə partiya tərəfindən böyük bir hərəkatın kordinatoru kimi fəaliyyət göstərməyim, 2005-2010-cu illərdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri olmağım və s. fəaliyyətimin bir hissəsidir. Hələ Ulu öndər Heydər Əliyevin dövründə partiyanın Siyasi Şurasının ən gənc üzvü seçilmişdim. Bütün bunlar mənə imkan verirdi ki, fikrim və düşüncələrimlə faydam toxuna bilsin. Amma proses elə gətirdi ki, 2009-cu ildə diplomatik fəaliyyətə keçdim. 2020-ci ilə qədər bu sahədə davam etdiyimə görə, bütün o dövrü xaricdə yaşayıb fəaliyyət göstərdim. Azərbaycana ancaq təşkilat rəhbəri kimi gəlib-gedirdim. Bundan sonra yenidən ölkənin daxili siyasəti və partiya siyasətinə geri dönüşlə əlaqədar bir ideya ortaya çıxdı. Bilirsiniz ki, partiyanın sədri cənab Prezident İlham Əliyevdir. Partiyanın Nizamnaməsinə uyğun şəkildə son söz sahibidir.


Deputatlığa namizədliklə əlaqədar təşəbbüs məndən gəlməmişdi. Mən fəxr edirəm ki, partiya məhz mənim də namizədliyimin irəli sürülməsinə təşəbbüs göstərdi. Mövqeyim budur ki, partiyanın üzvü kimi dövlətimizə fayda verə biləcək istiqamətdə çalışmalıyıq. Bacara biləcəyimiz işdən yapışaraq, ölkəyə və  xalqa faydamızın toxunması mənim üçün əsasdır.


Şərəflə qeyd edirəm ki, ölkə başçısının etimadı ilə mənim partiyadan namizədliyim irəli sürüldü. Təbliğat kampaniyası dövründə Ucar rayonunda seçicilərimizin evlərini bir-bir gəzərək, qanunvericilik çərçivəsindən maksimal şəkildə istifadə etdik. Mən bu məsələdə partiyamızın, ölkə başçısının mənə göstərdiyi etimadı yüksək qiymətləndirirəm.
 

- Partiyanın Gənclər Birliyinin sədri olmusunuz. Təcrübənizdən irəli gələn fikirləriniz maraqlıdır. Azərbaycanda savadlı, dünyagörüşlü gəncliyin formalaşdırılması, onların siyasi, ictimai fəallığının artırılması üçün hansı addımlara ehtiyac var.
 

- Azərbaycan gəncliyi sürətlə inkişaf edən, dinamizmə ayaq uyduran gənclikdir. Təbii ki, içində müəyyən çatışmazlıqlar və nöqsanlar da olmaq şərti ilə. Bunlardan kənar qalmaq isə mümkün deyil. Əgər iş və fəaliyyət varsa, mütləq bu kimi çatışmazlıqlar da olacaqdır. Ona görə, mən böyük fəxrlə qeyd edirəm ki, Azərbaycan gəncliyi qürurlu və şərəflə, ləyaqətlə millətinə, dövlətinə bağlı olan gənclikdir. Biz bunun Vətən müharibəsində şahidi olduq. Könüllü olaraq “Vətən uğrunda canımı verməyə hazıram” deyən yüzminlərlə Azərbaycan gəncinin vətənpərvərliyini gördük. Bunların içərisində “çox müasir geyinir, yenilikçidir” dediyimiz gənclər də var idi. Bu, onu göstərir ki, hansı düşüncəyə, təfəkkürə malik olsaq da, biz birləşməyi bacaran gənc nəsil yetişdirə bilmişik. Bu isə cənab prezidentin siyasətinin nəticəsidir.



Bizim milli ideologiya adlandırdığımız elə-belə məhfum deyil. Bu, gənclərin beyninin daxilindəki hücrələrə qədər işləməlidir. Gənc fərqli düşüncəli, fərqli inanclara sahib ola bilər. Bunlar özü plüralizmin örnəyidir. Demokratik düşüncələrə, təfəkkürə sahib olsun, amma lazım gələndə, ölkəsini qorumaq üçün dəmir yumruq kimi birləşə bilsin. Bizə belə gənclik lazımdır.

Qarabağ torpağını ömür boyu görməyən, orada doğulmayan, Qarabağla bağlı sadəcə kitablardan oxuyan məktəblilər belə şəhid olmağı, torpağını canı bahasına işğaldan azad etməyi gözə alırsa, bu, Azərbaycanın Milli ideologiyasının doğru istiqamətdə aparıldığının mükəmməl örnəyidir.


Partiyanın Gənclər Birliyi olaraq, mənim sədrliyim dönəmində də çox önəmli işlər apardıq. Təkcə seminarlar, tədbirlərlə kifayətlənmədik, bacarıqlı və qabiliyyətli gənclərin təkcə mərkəzdən deyil, regionlardan da ön plana çıxarılmasına, xarici, beynəlxalq irimiqyaslı layihələrdə iştirakına şərait yaratdıq.


Mən respublika əhəmiyyətli bir çox layihələrin, tədbirlərin regionlarda həyata keçirilməsinin tərəfdarı idim. 2005-ci ildə həyata keçirdiyim bu addımlar çoxlarına qəribə gəlirdi. Əslində isə bizim etmək istədiyimiz bu gün nəticəsini verir. Region gənclərinin mərkəzdəki gənclərlə bir araya gəlməsi, savad və qabiliyyət baxımından irəli gedə bilməsi, bacarığını göstərə bilməsi üçün onlara platforma vermək vacibdir. Bu olmasa, həmin gənclər necə öz bacarıqlarını göstərə biləcək... Azərbaycanda bu platforma, münbit şərait yetişib, proses uğurla davam edir.


- Xarici ölkələrdə də kifayət qədər azərbaycanlı gənc yaşayır. Onların bir qismi Azərbaycandan kənarda dünyaya gəlib, ölkəmizə gediş-gəlişi, bura ilə tanışlığı azdır. Digər bir qisim də var ki, diaspor fəaliyyətində iştirak edir.  Sizcə, xarici ölkələrdəki Azərbaycanlı gənclərlə necə işləmək lazımdır?


- Bu, maraqlı və effektli məqamdır. Bizim təcrübələrimiz də, dünya təcrübəsi də mövcuddur. Dünya təcrbüəsi içərisində ən güclüsü İsrail diasporunun strategiyasıdır. İsrail 1940-cı ildən sonra indiki ərazidə dövlət qurmaq fəaliyyətini həyata keçirdikdə dünyadakı bütün yəhudilərin öz torpaqlarını tanıya bilməsi üçün geniş layihə həyata keçirdi. Məqsəd “israil övladları” dediyi gənclərin vaxtilə çıxıb getidyi torpaqlara dönməsinə nail olmaq idi. Bu, şübhəsiz ki, İsrail dövlətinin və onun lobbisinin dünyada çox güclü olmasının ana xətlərindən biridir.
Ümummilli lider uzaqgörən siyasət yürüdərək, 2002-ci il iyul ayının 5-də Diasporla İş üzrə Dövlət Komitəsini yaratdı. Komitə qurulduğu gündən etibarən orada işlədim və fəaliyyətim də xarici siyasətlə bağlı idi. Xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin tarixi torpaqları ilə bağlılığının təməlini qoyduq. Bu gün Şuşada keçirilən bir çox layihələrə xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin və ya qarışıq ailələrin övladlarının gətirilməsi effektiv addımdır.

Hazırda bizim bir çox gənclər dünyada önəmli yerlərdə təmsil olunurlar.

BMT-nin strukturlarında “beynəlxalq məmur” dediyimiz bir çox gənclərimiz var. Bundan əlavə, parlamentlərdə, yerli idarəetmə, elm və təhsil müəssisələrində, televiziya, media, sənət sahələrində fəaliyyət göstərən insanlarımız var. Onlar və övladları ilə bağlılığımızı daim canlı tutmalıyıq. İnsanlar övladlarının Azərbaycana gəlməsində özləri də maraqlı olmalı, bunu təşviq etməlidirlər. Çünki biz bu gün həyata keçirdiyimiz, keçirmək istədiyimiz işləri gələcəyə sərmayə kimi qəbul etmək lazımdır. Bunlardan biri də vaxtilə köçüb getmiş, amma Azərbaycanla əlaqələri itməmiş şəxslərin bağının qopmamasıdır. Bunu öz ailəmdə də qeyd edirəm. Övladlarımdan biri hazırda xaricdə yaşayır və onun öz ölkəsi ilə bağlılığını saxlamaq üçün ildə ən azı 3 dəfə Azərbaycana gəlməsini təmin edirəm. Azərbaycan bayrağı, atributları, dövlət himni, gerbi, siyasəti, dövlət idarəçiliyi, milli ornamentləri və s.-nin  aşılanmasına diqqət edirəm. Bir valideyn görəndə ki övladı özündən irəli gedir, onunla fəxr edir. Biz elə iş qurmalıyıq ki, Azərbaycan yetişdirdiyi övladları və onlardan sonra gələn nəsillərlə fəxr etsin. Bu, məsuliyyət tələb edən işdir.
 

- Yeni hazırlanan “Siyasi partiyalar haqqında” qanun layihəsi barədə düşüncələriniz maraqlıdır.
 

- Azərbaycanda “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul olunmuşdu. Artıq üzərindən 30 il vaxt keçib. Bu illər ərzində köklü dəyişimin baş verdiyini deyə bilərik. 1992-ci ildə bizim mobil telefonumuz belə yox idi. Smartfon dediyimiz telefonların istifadəsi ağıla belə gəlmirdi. İndi isə texnologiyanın inkişafı, informasiya-kommunikasiya sisteminin asanlaşmasından, sosial şəbəkələrin aktivliyindən söhbət gedir. Buna görə, bilavasitə vətəndaşın düşüncə və tərzini özündə əks etdirən, bu düşüncələrdən formalaşan, siyasi partiyalarla bağlı qanunun da yenilənməsinə ciddi ehtiyac yaranır. Bu baxımdan, təkliflər paketinin siyasi partiyalardan yığılması, analizlərin nəticəsində belə bir qanun layihəsinin hazırlanması, digər partiyalara da təkliflərini, düzəlişlərini ortaya qoyması üçün şərait yaradıldı. Bu, “Siyasi partiyalar haqqında” qanun layihəsinin effektiv müzakirə olunacağının, yeniliklərin ortaya çıxacağının bariz nümunəsidir. 39-dan çox partiya təkliflər paketi təqdim etdiyinə görə, ictimai dinləmələr təxirə salındı. Bütün bunların sistemləşdirilməsi vaxt tələb edir.


Mən əminəm ki, yaxın gələcəkdə “Siyasi partiyalar haqqında” qanun layihəsinin ictimai dinləmələrinin şahidi olmaqla bərabər, bunun parlamentin komitə və plenar iclaslarında müzakirələrinə, ciddi, həyəcanlı və maraqlı fikir mübadilələrinə şahid olacağıq. Bu qanun layihəsi bir daha Azərbaycan dövlətinin hüququn üstünlüyünə, demokratiyaya, insanların hüquq və azadlıqlarına nə dərəcədə önəm verdiyini, Prezident İlham Əliyevin öndərliyi ilə başladılan islahatlar siyasətinin sadəcə iqtisadiyyat, sosial həyat, rergionların inkişafı kimi məqamlarda deyil, siyasi məqamlarda da davam etdiyinin əyani göstərcisidir.
 



- Layihənin qəbulu siyasi partiyaların sayında azalma ilə nəticələncəkmi?

 

- Mənim şəxsi düşüncəmə görə, bu sayda azalma qeydə alınacaq. Çünki keyfiyyətin ön plana çıxması mümkündür. Layihədən irəli gələn yetərincə müddəalar var ki, siyasi ab-havanı boğmaq deyil, insanların fikir və düşüncələrinə sərbəst yanaşmaq, amma eyni zamanda sadəcə “mən də partiyayam” deyib, ortaya çıxanların siyasi səhnədən uzaqlaşdırılması, real Azərbaycan cəmiyyətinin, insanların sözün həqiqi mənasında dəstəyini alan siyasi partiyaların ön planda olması ilə bağlı atılan addımdır. Dünya təcrübəsi də göstərir ki, belə qanun layihələri siyasi arenada vətəndaş cəmiyyətinin güclənməsinə xidmət edir. 60-a yaxın siyasi partiya var. Qanun qüvvəyə mindikdən sonra bu say qat-qat aşağı enəcək.   
 

- Diasporla bağlı qanun layihəsi hazırlanır. Bu layihədə nələrin əks olunmasını istəyərdiniz?
 

- Əsas məsələ xaricdə yaşayan azərbaycanlılara Azərbaycan vətəndaşlığının verilməsi ilə əlaqədardır. Azərbaycan Konstitusiyasında ikili vətəndaşlıq qadağan olunub. Amma hansısa formada bunun həlli mümkün ola bilər.

Türkiyə təcrübəsində belədir ki, ölkədən kənarda yaşayan şəxslər müraciət etdikdə, rahat şəkildə vətəndaşlıq verilir. Almaniyada, digər ölkələrdə milyonlarla türk yaşayır. Onların hətta övladlarına, nəvələrinə də avtomatik vətəndaşlıq verilir.
 

- Bir çox məsələlərdə Türkiyə təcrübəsindən faydalanırıq. Bu təcrübə necə tətbiq oluna bilər?
 

- Gələcəkdə bu mövzuda haşiyə çıxarılıb, babası, nənəsi, valideynləri azərbaycanlı olan şəxslərə vətəndaşlığın verilməsi ilə bağlı addımlar atıla bilər.
 

BMT-nin Qaçqınlarla bağlı Konvensiyasına, hüquqi aktlar və digər sənədlərə əsasən, məsələn, ata xətti ilə ulu baba - yəni babanın babası belə Zəngəzurda doğulubsa, kötücənin belə haqqı var ki, o torpağa qayıtmaq, ərazidə yerləşən dövlətin vətəndaşlığını almaq, orada mülk sahibi olmaq, əcdadının oradakı haqlarını tələb etmək hüququ qazansın. Ölkə başçısı buna görə, hər zaman qeyd edir ki, biz tarixi torpaqlarımıza qayıdacağıq. Bəzən bu fikirləri səhv şərh edirlər, məqsədli şəkildə qeyd edirlər ki, guya, Azərbaycan Ermənistanın torpaqlarına iddialıdır. Belə deyil. Delimitasiya və demarkasiya prosesi hələ bitməyib. Zəngəzur bölgəsi 1920-ci ilin noyabr ayında Ermənistana verilib. İrəvan da 1918-ci ildə Ermənistana hədiyyə edilib. Nəticə etibarı ilə Vətən torpağına qayıdışımız üçün beynəlxalq hüquq və normalar mövcuddur. Zəngəzur, Göyçə, İrəvanə orada doğulmayan, ata-babası, ulu babaları orada yaşamış şəxslərin belə tələb etmək hüququ var. Ermənistan konstitusiyasında belə milli azlıqlarla bağlı məsələ təsbit olunub. Ermənistandan öz konstitusiyasında yazılan müddəaları yerinə yetirmək tələb edilsə, bunu həyata keçirməyə məcburdur.
 

Eynilə, dünyada yaşayan azərbaycanlıların da ölkəmizə gəlmək, Azərbaycan vətəndaşlığını almaq hüququ olmalıdır. Vətəndaş bu ölkə ilə bağlılığını hiss etməlidir ki, övladına da aşılasın.
 



- Qafan rayonunda anadan olmusunuz. "Etnik təmizləmə" prosesini necə xatırlayırsınız?

 

- Mənim 10 yaşım var idi, hər şey yadımdadır. Uşaqlığım Qafanda keçib. Nənəm ibtidai sinif müəlliməsi idi, babam isə klub müdiri və yaxşı ovçu idi. Valideynlərimin ikisi də işlədiyinə görə, mən nənə-babamın yanında böyümüşəm. Orada keçirdiyim günlər mənim üçün böyük həyat təcrübəsi idi. Qafanın meşələri, dağları, çəmənləri, nobat sistemi və s. hamısı yaddaşımdadır. Avtobusla rayon mərkəzinə gedirdik, oraları gəzmək həftəsonu üçün böyük hədiyyə idi. Hər ikisi ziyalı olduğu üçün mənə oxuyub, yazmağı, milli şüura sahib olmağı öyrətmişdilər. Ətrafımızda ermənilər yaşayırdı, hətta azərbaycanlı ailələrlə ünsiyyəti olanlar, dostluq edənləri də görmüşdüm. Bizim evimizə də gedib-gələn ermənilər olurdu. Bizim anklavda yaşamağımız azərbaycanlılar olaraq milli kimliyimizin, şüurumuzun daha da güclənməsinə töhfə verdi. Çünki durmadan təzyiq altında yaşayırdıq. Avtobusa minəndə nənəmdən soruşurdular ki, “türksən, yoxsa erməni?”. Erməni gəncləri yaşlı qadına belə bu sualı verirdilər və türk olduğuna görə, oturmağa yer vermirdilər. Ermənilərdə şovinizim bu qədər güclü idi.                 
 

Azərbaycanlılar vaxtilə həmin ərazilərdə çoxluq olmasına baxmayaraq, Çar və İran imperiyasnın həyata keçirdiyi ideoloji siyasət sayəsində öz torpaqlarımızda milli azlığa çevrildik. Daha sonra isə Zəngəzuru Ermənistana hədiyyə etdilər. Halbuki, Zəngəzur Gəncəbasar zonasının ərazisi idi.
 

Ona görə, ölkə başçısı hər zaman qeyd edir ki, Zəngəzur və Göyçə tarixi torpaqlarımızdır, biz ora dönməliyik. Qarabağda yaşayan ermənilərə Azərbaycan vətəndaşlığı verilir, hər imkan yaradılırsa, biz niyə Ermənistan vətəndaşlığı almayaq? Mənə elə gəlir ki, Qərbi Azərbaycandan olanlar almalıdır. Biz o torpaqlara getməliyik, məzarları ziyarət etməliyik. Mən babamla və nənəmlə böyüdüyüm kənddəki evə sahib çıxmalıyam. Ora mənim evimdir. Ata babamın məzarı Qafandadır. Anamın ata-anası isə köçkün olduqları üçün “Vətən” deyə-deyə, burada vəfat etdilər. Mən Qafan torpağından gətirib, nənə-babamın məzarına qoymalıyam.
 

- 12-14 sentyabr təxribatı sübut etdi ki, Ermənistan sülh istəmir. Danışıqlarda özünü bununla razılaşmış kimi göstərsə də, təxribatlara əl ataraq, əsl üzünü nümayiş etdirir. Bundan sonra Azərbaycanın siyasəti necə olmalıdır?
 

- Azərbaycanın siyasəti qətiyyətli, maraqların qorunması ilə, hücum diplomatiyası əsasında formalaşıb. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın maraqlarını qorumaqla yanaşı, regionda sülhün təminatına xidmət edir. Həmçinin, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizinin əhəmiyyətini ön plana çıxarır.


Eks-prezident Levon Ter-Petrosyan açıqlamasında bildirdi ki, Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri yumşaltmalı, hər iki dövlətlə tarixi anlaşmalara imza atmalıdır. Bu vacib mesajdır.


Ermənistan müstəqil dövlət deyil. Bu dövlət öz diasporundan, onu vassal kimi istifadə edən dövlətlərdən asılı olmasaydı, Azərbaycanın barış təklifinə müsbət yanaşmalı idi. Bu sülh müqaviləsi Ermənistanın ərazi bütövlüyünü qarantiya altına alır, sosial və iqtisadi baxımdan rifah halının yüksəlməsini, kommunikasiya xətlərinin açılmasını, blokadadan çıxmasını vəd edir. Hansı ağıllı siyasətçi bu cür imkanlara yox deyər?


Bəzən ermənilərin hərəkətlərini dinlə əlaqələndirirlər. Amma dünya maraqlar üzərində qurulub. Başımıza gələn hadisələr göstərir ki, din eyniliyinin heç bir fərqi yoxdur.  Elə xristian ölkələr var ki, Azərbaycanı müsəlmanlardan daha çox müdafiə edir. Elə müsəlman ölkələri var, Türkiyə və Azərbaycanın strateji müttəqfiliyini xoşlamır.
 

- Türk dövlətlərinin əməkdaşlığı kifayət qədər güclənib. Türk Dövlətləri Təşkilatının noyabrda Zirvə toplantısı keçiriləcək. Bu toplantıda yeniliklər, türk dünyası ilə bağlı müsbət qərarlar nələr olacaq?
 

- Regionda iqtisadi və siyasi cəhətdən fərqli çalarlara malik yeni bir səhifə açılmasından söhbət gedir. Bu, enerji təhlükəsizliyi, iqtisadi inkişaf, dəhlizlər, dünyada cərəyan edən proseslər, Rusiya-Ukrayna müharibəsi, ərzaq təhlükəsizliyi və s. baxımından önəmli olacaq. Zamanında Türk Dövlətləri Təşkilatının katibi olduğuma görə, hansı çətinliklərdən keçib, bu günə çatdığımızın, Prezidentin türk dünyası ilə əməkdaşlığa nə qədər önəm verdiyinin canlı şahidiyəm.
 

Türk Dövlətləri Təşkilatı yarananda cəmi 4 dövlət daxil idi: Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızısıtan. Mənim baş katibliyim dövründə ölkə rəhbərliyinin də tapşırığı ilə həyata keçirdiyim bütün danışıqların məğzi bu idi ki, Özbəkistan təşkilata qoşulsun. Şefkat Mirziyoyevin milli kimliyi ilə fəxr edən lider olması, Özbəkistana böyük dəyər verməsi özünü göstərdi. Baş katib kimi iştirak etdiyim son zirvə görüşündə Özbəkistan prezidenti ilk dəfə qonaq qismində iştirak etdi. 2019-cu ildə isə Özbəkistan rəsmi olaraq, təşkilatın tamhüquqlu üzvü oldu. Macarıstan baş naziri Viktor Urban Atilla soyundan gələn nəsildən olduğunu qürurla ifadə edən dövlət başçısıdır. Macarıstan bu gün Türk Dövlətləri Təşkilatının Müşahidə Şurasında üzvdür. Təşkilatın Avropa ofisi də Macarıstanın paytaxtı Budapeştdə yerləşir. Bu, bilavasitə Avropa Birliyi və Türk Dövlətləri Təşkilatı arasında münasibətləri inteqrasiya edir.
 

Noyabr ayının 11-də Zirvə görüşü Özbəkistanda - bilavasitə Türk dünyasının qədim şəhərlərindən biri olan Səmərqənddə keçiriləcək. Özbəkistan bununla prosesdə inteqrasiyanın növbəti mərhələsinə keçdiyini ortaya qoyur.

Son dövrdə Prezidentimizin Özbəkistana səfərini xatırlasaq, ölkə başçılarının başqa bir dil istifadə etmədən, öz dillərində danışması yeni bir fazaya qədəm qoyulmasının mükəmməl örnəyidir.

Türkmənistan böyük dövrlü müzakirələrdən sonra müşahidəçi statusu alıb. Ehtimal ki, Zirvə görüşündə Türkmənistanın da tarixi anlaşmanı imzalaması, halqanı tamamlaması prosesi baş verəcək. Türkmənistan Türk Dövlətləri Təşkilatının yeni tamhüquqlu üzvü olacaq. Hazırda yeganə çözülməmiş məsələ Şimali Kipr Türk Cümhuriyyətidir. Qalan məqamlarda bir çox yeniliklərin, anlaşmaların şahidi olacağıq.
 



- Türk dövlətlərinin təhlükəsizliyi hər zaman müzakirə olunur. Dövlətlər arasında ayrı-ayrılıqda əməkdaşlıqlar da var. Bəs təşkilat ölkələrinin hansısa formada hərbi birlik yaratmasından söhbət gedə bilərmi?

- Təklif vermək çətin deyil. Əsas odur ki, bu təkliflər məqbul olmalı, ölkənin milli maraqlarına xidmət etməlidir. Hazırda təşkilata daxil olan ölkələrin təhlükəsizlik orqanlarının əməkdaşlığı mövcuddur. Terrorizmə, qaçaqmalçılığa, ölkənin sərhədlərini təhlükə altına atacaq cəhdlərə, iri həcmli narkotrafiklərə qarşı mübarizə istiqamətində işbirliyi mövcuddur. Amma bunun hərbi kontingent kimi formalaşdırılması müzakirə mövzusu deyil.
 

- Ramil müəllim, bələdiyyə üzvü kimi fəaliyyətiniz də olub. Vaxtilə Müşfiqabad bələdiyyəsinin sədr müavini olmusunuz. Bələdiyyələrlə bağlı hansı addımların atılmasına ehtiyac var?
 

- 1999-cu ildə Azərbaycanda ilk dəfə bələdiyyələrin formalaşdırılmasına başlandı. Həmin il dekabr ayında keçirilən ilk seçkilərdə bələdiyyə üzvü, sonra isə sədr müavini seçilmişəm. Bu qədər müddət ərzində bələdiyyələrin arzu olunan səviyyəyə çatdığını desək, şişirdilmiş məqam olar. Mən hesab edirəm ki, qarşıdakı dönəmdə bələdiyyələrlə bağlı müxtəlif qanun layihələrinin şahidi olacağıq.
Azad olunmuş ərazilərimizdə əhalinin qayıdışından sonra bələdiyyələrin formalaşmasına başlanacaq.
Hesab edirəm ki, dövlətin ən böyük hədəflərindən biri idarəetmənin bütün mexanizmlərində şəffaflığın təmin edilməsi, səlahiyyətlər çərçivəsində xidmətin ən yüksək səviyyəyə çatdırılması üçün hədəflər qoyulmasıdır. Bu baxımdan, yaxın gələcəkdə yeniliklərin, başqa fərqliliklərin şahidi olacağıq.
 

- Qərbi Azərbaycan İcması ilə əlaqələriniz varmı, bu təşkilatla fəaliyyətinizin hansısa şəkildə birləşməsindən söhbət gedə bilərmi?
 

- Qərbi Azərbaycan İcması 1988-ci ildə Qərbi Azərbaycandan qaçqın düşən 250 mindən çox insanı birləşdirən Azərbaycan Qaçqınlar Cəmiyyətinin bazasında formalaşdırılıb. Bu gün hüquqi cəhətdən bütün dünyada yeganə və tək təşkilatdır ki, Qərbi azərbaycanlıların hüquq və haqlarını qoruya, onların adından danışa bilər. Dünyada milyonlarla azərbaycanlı yaşayır ki, icma ilə bilavasitə bağlıdır.


Mən Qərbi Azərbaycan İcmasının təkcə üzvü yox, İdarə Heyətinin xarici əlaqələr üzrə sədr müaviniyəm. Daha geniş şəkildə aktiv fəaliyyətə keçməyimizin müəyyən fazasına qədəm qoyacağıq.


Hazırda Qərbi Azərbaycanla bağlı məqalələrim dərc olunur. Nə hikmətdirsə, icma yaranandan sonra qondarma təşkilatların yaranması ortaya çıxdı. Biri Zəngəzur-Göyçə mahalından qurum, digəri mühacir dövlət yaradır və s. Demək istədiyim odur ki, Azərbaycan dövlətinin mövqeyi açıq və netdir. Biz Ermənistanla sülh müqaviləsi imzalamaq istəyirik. 5 maddəlik konkret prinsipial şərtlərimizi ortaya qoymuşuq. Azərbaycanlıların bir dövləti var - Azərbaycan Respublikası! Bizim ikinci dövlətimiz yoxdur. Ölkəmizin lideri İlham Əliyevdir. Kənarda qondarma dövlətlərin, təşkilatların yaradılması Azərbaycanın xarici siyasətinə, milli strategiyasına zərbə vurmaq istəyən qaragüruhun, onun arxasında duran başqa dövlətlərin xüsusi xidmət orqanlarının oyunlarıdır. Bunun bir məqsədi də Azərbaycanla Türkiyə kimi bir-birinə bağlı iki qardaş ölkənin müttəfiqliyinə kölgə salmaqdır. Ona görə, Azərbaycan ictimaiyyəti ayıq-sayıq olmalıdır.
 



-  Azad olunmuş ərazilərdə görülən işlərə də toxunaq. “Böyük Qayıdış”a hazırlıq da böyükdür. Bu məsələdə hansı nüanslar diqqət cəlb edir?

 

- Cənab Prezidentin həyata keçirdiyi konsepsiya Qarabağın dirçəldilməsi, azad olunmuş ərazilərin iqtisadi inkişafı əsas hədəfləri özündə ehtiva edir. Zəngilanın minalardan təmizlənməsi, əhalinin oraya qaytarılması tarixi an idi. Ölkə başçısı qeyd edib ki, azad olunmuş ərazilərdə alternativ enerjidən istifadə ediləcək. Ağalı kəndini görəndə adama elə gəlir ki, sanki Fransada, Avropada hansısa kəndə gedib. Bu da cəlbedicilik faktorunu artırır. Əsas məqsədimiz və hədəfimiz öz torpağımıza qayıtmaqdır. Bundan başqa, vətəndaş öz ata-baba yurduna qayıtmağı hədiyyə almaqla bərabər, dövlətdən də yardım alır, evini-eşiyini, mal-qarasını, iş yerini, təhsil, səhiyyə, sosial xidmətlər və s. dövlət tərəfindən təmin olunur. Bunun hər biri dövlətin vətəndaşına verdiyi dəyərin bariz nümunəsidir.

Şuşada artıq binalar bərpa olunur, böyük yaşayış kompleksi tikilir. İlk olaraq, qəzalı evlərdə yaşayan şuşalılar ora köçürüləcək. Cənab prezident Laçına səfəri zamanı orada da bərpa-quruculuq işlərinin başlandığını, artıq gələn ilin sonuna qədər əhalinin köçürüləcəyini bildirdi.
 

- Ucarda camaatı, seçicilərinizi ən çox narahat edən məsələlər nələrdir?
 

- Sosial məsələlər, əlillik dərəcəsinin alınması ilə əlaqədar problemlər, susuzluq Ucarın ən böyük problemidir. Həm içməli su, həm suvarma suyu çatışmır. Bu isə Sovet İttifaqı dağıldıqdan sonra meliorativ işlərin düzgün həyata keçirilməməsi, təbii quraqlıqların meydana gəlməsi, kanalların üstünün örtülməsi kimi bir çox problemlərdən qaynaqlanır. Bu sahədə addımlar atılmaqdıqca torpaq da keyfiyyətini itirir.

Əlavə olaraq, yollar, bağça və məktəblərin yenilənməsi və s. məsələlərlə əlaqədar şikayətlər daxil olur. Müvafiq qurumlar bu barədə addım atır.
 

- Qurumlarla iş prosesində əngəllərlə qarşılaşırsınız?
 

- Xeyr. Dövlət qurumlarına etdiyim müraciətlərə cavab verilir. Biz deyə bilmərik ki, 100 faiz vətəndaşın istədiyi təmin olunacaq. Amma bunu vətəndaşa izah etmək, dərdini-sərini diqqətlə dinləyib, dövlət qurumlarına çatdıra biliriksə, onlar da bizi dinləyirsə, artıq uğurdur. Nəticənin əldə olunması isə növbəti uğurdur.

Hazırda Ucar rayonunun kəndlərinə sürətli internet sisteminin çəkilməsi prosesi gedir. Mən buna görə müvafiq nazirliklərə təşəkkürümü də bildirirəm.

Hər ay mütəmadi seçicilərlə görüşlərdə oluram. Bir köməkçim rayonda, digəri Bakıda müraciətləri qəbul edir. Bütün sosial şəbəkə hesablarımız aktivdir.
 

- Siyasətçilərimizin şəxsi həyatı da hər zaman maraqlı olur. Sizin ailə həyatınızla bağlı mediada xoşagəlməz məlumatlar yayıldı. Bunlara aydınlıq gətirə bilərsiniz?
 

- Mən övladlarımın hər ikisini milli duyğularla böyüdürəm, bununla da fəxr edirəm. Elm də sübut edir ki, uşaq 7 yaşına qədər hansı formada tərbiyə alırsa, bu, onun təməl prinsipidir. İstəyirəm həm oğlum, həm də qızım milli kimliyini itirməyən, amma müasir gənclər kimi yetişsin. Oğlumun 4, qızımın 12 yaşı var. Hər şey ailədən başlayır, valideynlərin qoyduğu təməl prinsipləri uşaqların özlərini dərk etməsi, "mən kiməm" sualına cavab tapması, gələcəkdə vətəndaş cəmiyyətində sağlam fərdin formalaşması, öz milli kimliyinə sahib çıxmaqla bərabər başqalarina hörmətlə yanaşması baxımından vacib nüansdır. Mən düşünürəm ki, bu istiqamətdə məndən asılı olan addımları ata bilirəm.


Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu