Modern.az

ÜST Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdıracaq

ÜST Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdıracaq

3 Oktyabr 2022, 14:04

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırması gözlənilir.

 

Modern.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayevin ÜST-ün Malyariyaya yerli yoluxmanın kəsilməsininin Sertifikatlaşdırılması üzrə Texniki Məsləhət Qrupunun üzvlərinin daxil olduğu müstəqil Qiymətləndirmə Missiyasının nümayəndə heyəti ilə görüşündə bildirilib.

 

Nazir ölkəmizin ÜST ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan nüfuzlu səhiyyə təşkilatı ilə 1992-ci ildən sıx əməkdaşlıq edir və bu əməkdaşlıq hər il yüksələn xətlə inkişaf etməkdədir.

 

Nazir çıxışında ölkəmizdə malyariya xəstəliyinin qarşısının alınması və ocaqlarının aradan qaldırılması istiqamətində aparılan işləri diqqətə çatdırıb: “Uzun illərdir ki, Azərbaycanda malyariyanın qarşısının alınması və ocaqlarının aradan qaldırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycanda 2013-cü ildən malyariyaya yerli yoluxma halları qeydə alınmayıb”.

 

T.Musayev Azərbaycanda ötən əsrin 90-cı illərinin əvvəllərində məlum səbəblərdən sosial-siyasi vəziyyətin pisləşməsi, 1 milyondan çox qaçqın və məcburi köçkün, əhali arasında xaotik miqrasiyanın nəticəsində malyariya xəstəliyi geniş miqyasda yayılaraq ölkə ərazisinin 80 faizini əhatə etdiyini xatırladıb: “Epidemioloji vəziyyətlə əlaqədar ÜST-nin tövsiyələrinə müvafiq olaraq Milli Proqram hazırlanıb və həmin proqramın uğurla həyata keçirilməsi nəticəsində epidemiyanın genişlənməsinin qarşısı alındığı üçün xəstələnmə səviyyəsi ilbəil azalmağa başlayıb”.

 

Nazir Azərbaycanda malyariya xəstəliyinin aradan qaldırılmasına milli səhiyyə sisteminin gücləndirilməsi, Səhiyyə Nazirliyinin bütün strukturlarının respublikanın digər nazirlikləri, idarə və təşkilatları ilə birgə koordinasiyalı fəaliyyəti nəticəsində nail olunduğunu vurğulayıb: “Malyariya ilə mübarizədə uğur həm də Ümumdünya Səhiyyə Təşkilatının aparıcı mövqe tutduğu tərəfdaşların uzun illər hərtərəfli dəstəyi sayəsində mümkün olub”.

 

ÜST-nin Qiymətləndirmə Missiyasının üzvü Keyt Karter Azərbaycanın regionda malyariya xəstəliyinin aradan qaldırılmasına və malyariyadan azad ölkə statusunun qorunub saxlanmasına əvəzsiz töhfəsini qeyd edib. O bildirib ki, 2021-ci ilin sentyabr ayında Səhiyyə Nazirliyinin rəhbərliyi Azərbaycanda malyariya xəstəliyinə yoluxmanın kəsilməsi üzrə sertifikatlaşdırma prosesinə başlamaqla bağlı ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesusa rəsmi müraciət ünvanlayıb. Bu proses çərçivəsində 2022-ci il mayın 16-dan 20-nə kimi ÜST-nin sertifikatlaşdırma missiyası Azərbaycanda səfərdə olub. Bundan əlavə, cari ilin iyun ayında Səhiyyə Nazirliyi “Azərbaycan Respublikasında malyariyaya qarşı mübarizə üzrə Milli Hesabat”ı tələb olunan sənədlər paketi ilə birlikdə ÜST-nin Malyariyaya Nəzarət üzrə Qlobal Proqramına təqdim edib.

 

Qiymətləndirmə Missiyanın malyariyaya nəzarət sisteminin ayrı-ayrı komponentləri ilə iki həftəlik işinin nəticəsi olaraq və ölkədə görülən işlərin nəticələrinə əsasən, ÜST tərəfindən Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırması gözlənilir.

 

Qeyd edək ki, ÜST missiyası oktyabrın 3-dən 14-dək Azərbaycanda işgüzar səfərdə olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?