
Aprelin 8-11-də Norveçin paytaxtı Osloda Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Sosial ədalət, iş və artım” mövzusunda 9-cu Avropa Regional Konfransı keçirilib. Konfransda 51 Avropa və Mərkəzi Asiya ölkələrindən olan hökumət, işəgötürən və həmkarlar ittifaqları nümayəndələri regionda davam edən maliyyə, iqtisadi və sosial böhranla bağlı məsələləri müzakirə ediblər. Konfransın işində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti iştirak edib.
Aprelin 10-da AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyev müasir dövrdə gənclərin problemlərinə həsr olnmuş məsələlərlə bağlı konfransda çıxış edib. S.Mehbalıyev öz çıxışında qeyd edib ki, dünya maliyyə-iqtisadi böhranının nəticələri gənclər üçün layiqli əmək uğrunda mübarizədə ciddi maneələr yaradıb. Dünyanın bir çox ölkələrində gənclər arasında işsizlik yaşlılarla müqayisədə orta hesabla 3 dəfə çoxdur ki, bu da böhranın gənclərin məşğulluğuna göstərdiyi əsas təsirlərdən biridir. O deyib ki, müasir şəraitdə gənclərin rastlaşdığı problemlərin siyahısı çox genişdir. Gənclər təhsil almaq imkanlarını və layiqli iş yerlərini itirdiklərinə görə daha zəifdirlər və adətən, iqtisadiyyatın qeyri-formal sektorunda, az maaşlı, müvəqqəti iş yerlərində, natamam iş vaxtı şəraitində, qeyri-adekvat əhatəli sosial müdafiə sistemli işlərdə çalışırlar. Gənc adamlar təhsildən əmək fəaliyyətinə keçərkən böyük çətinliklərlə rastlaşırlar, ali təhsilli gənclər arasında işsizliyin səviyyəsi çox yüksəkdir. Həmkarlar ittifaqlarında təmsil olunan gənclərin sayı da yüksək deyil. Oxumayan, işləməyən və peşə hazırlığı keçməyən, işlə təmin olunmaq ümidini itirmiş gənclərin artım tendensiyası narahatlıq doğurur. Ümumiyyətlə, dünya əhalisinin 1,2 milyardını, yəni 15-dən 24 yaşadək olan hər 5 nəfərdən birini gənclər təşkil edir ki, onların da yalnız 43%-i məşğuldur. Azərbaycanda 15-29 yaş arası gənclər ölkə əhalisinin 29,3%-ni təşkil edir ki, bunun da 24,4%-i işləyir. Respublikada gənclər arasında işsizlik 10,9% təşkil edir. 130 min işsiz gəncin 13,9%-i ali təhsilli, 54,6%-i orta təhsillidir.
AHİK sədri bildirib ki, ölkəmiz Gənclərin Məşğulluq Şəbəkəsinə daxil olan bir çox qabaqcıl ölkələrin cərgəsinə qoşulub və bu təşəbbüs BƏT-in texniki yardımı vasitəsilə BMT tərəfindən dəstəklənib.
”Gənclərlə bağlı müxtəlif məsələlərin, eləcə də işlə təmin olunma problemlərinin həlli üçün ölkədə 2015-ci ilədək fəaliyyət göstərəcək Dövlət Gənclər Proqramı qəbul edilib. Respublikada 2009-cu ildən regionların sosial-iqtisadi inkişaf proqramı çərçivəsində 360 min yeni iş yeri açılıb ki, burada 70% gənc kadrlar işlə təmin olunub. 5 mindən çox tələbə gənclərin layiqli və məhsuldar əməyinə təsir edən tədbirlər çərçivəsində xaricdə gənclərin təhsilinin dövlət proqramı xətti ilə dünyanın müxtəlif ölkələrində pulsuz təhsil alır. AHİK, sosial partnyorlardan biri kimi, bu istiqamətdə aparılan tədbirlərdən kənarda qalmayıb və gənclərin məşğulluğuna təsir edən proqram və siyasətin işlənib hazırlanması və həyata keçirilməsində fəal iştirak edir”.
Səttar Mehbalıyev vurğulayıb ki, Azərbaycanın 2012-2013-cü illər üçün bağlanmış Baş Kollektiv Sazişində gənclərin məşğulluğuna təsir edən tədbirlər planı öz əksini tapıb.
Modern.az