Modern.az

İlham Əliyevin tələbə yoldaşları Bakıda toplaşdı

İlham Əliyevin tələbə yoldaşları Bakıda toplaşdı

Təhsil

12 Aprel 2013, 10:38

Aprelin 12-də Bakıda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) məzunlarının I Dünya Forumu keçirilir.

Modern.az AzərTAc-a istinadən xəbər verir ki, Forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak edirlər.
MDBMİ Məzunlarının Azərbaycan Assosiasiyasının bu Forumun Bakıda keçirilməsi təşəbbüsü dünyanın hər yerində bu institutun məzunları arasında böyük maraq doğurub. Forumda Rusiya, Ukrayna, Macarıstan, Çexiya, Bolqarıstan, Moldova, Polşa, Slovakiya, Kuba, Koreya Respublikası, İsrail, Qazaxıstan, Qırğızıstan, Vyetnam və s. ölkələrdən rəsmilər, nüfuzlu beynəlxalq təşkilatların, maliyyə və biznes nümayəndələri iştirak edirlər. Ümumiyyətlə, forumda 400 nəfərdən çox nümayəndə, həmçinin Azərbaycanda, eləcə də xaricdə yaşayıb çalışan azərbaycanlı məzunlar iştirak edirlər.

“Birlikdə gələcəyə doğru” devizi altında keçirilən Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib.

Çıxış edən MDBMİ-nin rektoru, Rusiyanın Elmlər Akademiyasının akademiki Anatoli Torkunov Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Forumun iştirakçılarına təbrik məktubunu oxuyub.

Sonra çıxış edən Rossotrudniçestvonun rəhbəri, MDB işləri üzrə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi, MDBM-nin Qəyyumluq Şurasının üzvü Konstantin Koçayev Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Forumun iştirakçılarına təbrik məktubunu diqqətə çatdırıb.
Daha sonra MDBM-nin himni ifa olunmuşdur.
Sonra Forumun işi sessiyalarla davam edib.
Forumda prioritet istiqamətlərin əsası kimi təhsil, qlobal iqtisadiyyatda sabit inkişaf yolunda enerji və ekoloji meyarlar məsələləri, habelə beynəlxalq problemlərin həllində vətəndaş təsisatlarının, ən əvvəl media birliyinin və biznesin rolu ilə əlaqədar məsələlər müzakirə olunur.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunudur.

Modern.az

 


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu