Modern.az

TQDK ARDNŞ-dən təqaüd almaq istəyən 2128 tələbə üçün imtahan keçirir

TQDK ARDNŞ-dən təqaüd almaq istəyən 2128 tələbə üçün imtahan keçirir

12 Aprel 2013, 12:23


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 14-də Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ-nin təqaüd proqramına namizədlərin seçim imtahanının I mərhələsi olan test imtahanını keçirir. 

İmtahan Bakı Dövlət  Universitetinin I, II və yeni tədris binalarında (Z.Xəlilov küç., 23) və Bakı Qızlar Universitetində (Möhsün Sənani 14) saat 11:00-da başlanır.  Müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmiş tələbələrə buraxılış vərəqələri 10 aprel tarixindən hər gün saat 10:00-dan 17:00-dək ARDNŞ-nin İnsan Resursları Departamentinin binasında (ünvan: AZ 1096, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 32 a, "Qara Qarayev" metro stansiyası, "Planet" şadlıq evinin arxası, Nizami rayon məhkəməsi ilə üzbəüz) təqdim olunur. Buraxılış vərəqəsi almağa gələn tələbələr şəxsiyyət vəsiqəsi və ya tələbə biletini təqdim etməlidirlər. Buraxılış vərəqələri paylanarkən namizədlərə yaddaş kitabçası verilir. 

ARDNŞ bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir.  

Qeydiyyat ARDNŞ tərəfindən aparılıb və 2128 nəfər qeydiyyatdan keçib.  

Test imtahanında tələbələrə məntiqi təfəkkürü yoxlayan 40 test tapşırığı təqdim olunacaq. Bu suallara cavab üçün namizədlərə 1 saat vaxt veriləcək. 30 sualın hər biri üçün 5 cavab variantı verilir və onlardan yalnız birini (doğrusunu) seçmək tələb olunur. Digər 10 sualın cavabı açıqdır. Hər suala 1 bal verilir. Səhv cavabların nəticəsi düzgün cavabların nəticəsinə təsir etmir. 

İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edəcəklər. Müsahibəni ARDNŞ-nin məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.   

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu